“İndiyədək Ukraynanın Xarkov şəhərinə qayıdan azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur. Statistik məlumata əsasən, şəhərə gündəlik 2000-5000 arası vətəndaş qayıdır. Onlar Xarkov raket hücumuna məruz qalarkən təhlükəsiz şəhərlərə sığınan yerli və xarici vətəndaşlardır. Təbii ki, onların arasında bizim həmyerlilərimiz də olur”.
Bu barədə Modern.az-a açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov bildirib.
Konsulun sözlərinə görə, müharibədən sonra şəhərə qayıdan vətəndaşlarımızın sayını dəqiq demək çətindir:
“Bununla bağlı bizdə statistik məlumat yoxdur. Biz özümüz də evləri dağılan, mənzillərini itirən şəxslərin bura qayıtmasını məsləhət görmürük. Çünki hazırda metroda və digər sığınacaqlarda yerləşən vətəndaşların yerləşdirilmə prosesi gedir. Eyni zamanda şəhərin yenidən qurulma planı üzrə işlər aparılır. Evləri dağıdılan şəxslərin müraciətlərinə baxılır”.
Ə.Salmanov, həmçinin bildirib ki, son günlər Xarkovda yaralanan şəxslər arasında azərbaycanlılar yoxdur:
“Konsulluq olaraq, döyüş gedən zonalarda azərbaycanlıların xəsarət alıb-almamasını diqqətdə saxlayırıq. Son günlərdə azərbaycanlıların xəsarət alması ilə bağlı xəbər yoxdur və bununla bağlı bizə müraciət daxil olmayıb”.
Qeyd edək ki, Ukraynanın Xarkov şəhərinin Rusiya ordusu tərəfindən raket hücumuna məruz qalması nəticəsində həlak olanlar arasında azərbaycanlılar da olub.