Modern.az

Türkiyə müxalifəti Ərdoğana rəqib tapa bilmir

Türkiyə müxalifəti Ərdoğana rəqib tapa bilmir

Aktual

7 İyun 2022, 17:05

Gələn il Türkiyədə növbəti prezident seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə təmsil olunduğu Xalq alyansı artıq vahid namizədini elan edib.

 

Belə ki, 2023-cü ildə iqtidar düşərgəsinin namizədi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacaq. Ancaq müxalifət hələ də vahid namizədini açıqlamayıb. Hazırda müxtəlif versiyalarla bağlı danışıqlar aparılır. Seçki müzakirələri fonunda Türkiyənin sabiq prezidenti Abdullah Gül və keçmiş xarici işlər naziri Əhməd Davudoğlunun müxalif düşərgənin namizədi olacağı deyilir.

 

Türkiyədə Ərdoğana qarşı mübarizə apara biləcək siyasətçi varmı? Hazırki durumda müxalifət kimi önə çıxaracaq?

 

 

Bu barədə Modern.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Türkiyə müxalifətinin irəli sürəcəyi namizədin iqtidarın lideri önündə xalq tərəfindən dəstəklənəcəyi şübhə doğurur:

 

“İqtidarın son 15 il ərzindəki fəaliyyətini, bir də 2016-cı il 15 iyul hadisələrini nəzərə alaraq bunu deyə bilərik. Hazırda MHP və AKP-nin daxil olduğu ittifaqın seçici kütləsi 50 faizdir. Digər 50 faiz seçici isə müxtəlif  partiyalar arasında bölünür. Məhz buna görə də, onlar bir ittifaq daxilində vahid namizəd çıxararaq seçkidə qalib gəlmək istəyirlər. Mənim fikrimcə, istər Abdullah Gül, istər Əhməd Davudoğlu olsun, özlərini cəmiyyətə Ərdoğan qədər qəbul etdirə bilmirlər. Birincisi bunlar AKP-nin tərkibindən çıxmış şəxslərdir. Xüsusilə Türkiyədə dindar kəsim var ki, hazırda daha böyük seçici kütləsi onlardır. Onlar bu Gülə və Davudoğluna Ərdoğan qədər inanmırlar”.

 

Siyasi şərhçi hesab edir ki, indi müxalifətin əsas diqqəti Cümhuriyyət Xalq Partiyasının (CHP) tutacağı mövqeyə yönəlib:

 

“CHP-yə rəhbərliyi Kamal Kılıçdaroğlu etsə də, vahid namizəd o deyil. Bəlkə də, Kamal Kılıçdaroğlunun özü namizəd olarsa, digərlərinə nisbətən daha çox səs toplaya bilər. Çünki CHP-nin yetərincə seçici kütləsi var. Kılıçdaroğlu artıq neçənci dəfədir ki, arxa planda dayanır. Başqa şəxsləri vahid namizəd kimi irəli sürür. Bu daha çox Kılıçdaroğlunun CHP-ni əlində saxlamaq siyasətinə bənzəyir. Çünki bilir ki, birbaşa özü namizəd olub məğlub olacağı təqdirdə bu həm də onun partiya sədrliyindən getməsini şərtləndirə bilər. Bundan qabaq Muharrəm İncəni qabağa vermişdilər.

 

Kılıçdaroğlu namizəd olmayacağı təqdirdə Ərdoğanın əli daha da güclənəcək. Əslində Kılıçdaroğlu Dəniz Baykalla müqayisədə o qədər də xarizmatik lider deyil. Ancaq bir məsələ var ki, bütün CHP-çilər partiya liderini seçib, onun ətrafında daha sıx birləşə bilərlər. Belə görünür ki, Kılıçdaroğlu indiki vəziyyətdə hakimiyyətə gəlməkdən çox CHP-dəki postunu qorumağa çalışır. Bunun özü belə AKP-nin əlini gücləndirən amildir. Ümumi olaraq, altılıq masasının namizədlərindən kim önə çıxsa, Türkiyə ictimai rəyində Ərdoğana verilən dəstək qədər dəstək ala bilməyəcək. Üstəlik onların keçmişi də bəllidir. Yeni lider kimi ortaya çıxmayıblar. Məsələn, İstanbulun hazırkı meri Əkrəm İmamoğlu yeni lider, təzə sima olduğu üçün bir qədər önə çıxa bilmişdi. Ancaq hazırda namizəd olacaq simaların hamısı tanış simalardır. Düşünürəm ki, bunlardan biri vahid namizəd olarsa, AKP-nin səsini silə bilməyəcəklər”.

 

 

Kimin namizəd olacağına gəlincə, A.Nərimanlı proqnozlarını açıqlayıb:

 

“Mən şəxsən düşünürəm ki, altılığın namizədi kimi sabiq iqtisadiyyat naziri Əli Babacan ola bilər. Çünki onun Qərblə əlaqələri güclüdür. Abdullah Güllə Əhməd Davudoğlu da təbii ki, Qərbə yaxındır. Ancaq hesab edirəm ki, Ali Babacan daha ön plandadır”.

 

Siyasi şərhçi qeyd edib ki, Türkiyədə 2023-cü ildə keçiriləcək seçki uzun illər davam edən regional geosiyasi prosesin bir hissəsi olacaq:

 

“Qərb maksimum çalışacaq ki, Türkiyədəki hakimiyyəti seçki yolu ilə dəyişdirsin. Bunu Bayden prezident olmamışdan qabaq da açıq şəkildə bildirmişdi. Proseslər göstərir ki, Türkiyənin müstəqil xarici siyasəti Qərb tərəfindən bağışlanmayacaq. Belə bir mövqe var. Hazırda Rusiya ilə Qərb qarşıdurmasında Türkiyə körpü rolunu oynayır. Qərb isə Türkiyənin daha çox öz cəbhəsində çıxış etməsini istəyir. Görünür, bu AKP hakimiyyəti ilə alınmayacaq. Ərdoğanın 2009-cu ildə Davosdakı çıxışından sonra Türkiyənin yeni sıçrayışı başladı. Qərb Türkiyənin regional güc olmasını yox, Qərb cəbhəsində aktiv oyunçu olmasını istəyir. Bu, Türkiyənin dövlət maraqlarına uyğun deyil və Ankara bunu qəbul etmir. Bu baxımdan Ərdoğanla Qərbin anlaşacağı inandırıcı deyil. Qərb çalışacaq ki, Ərdoğan hakimiyyəti seçki yolu ilə devrilsin. Buna görə Qərb tərəfindən Türkiyəyə təzyiq ediləcəyi və təxribatlar törədiləcəyi istisna deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?