Modern.az

Mövsüm başlayır: Bu yerlərə qətiyyən getməyin, çünki...

Mövsüm başlayır: Bu yerlərə qətiyyən getməyin, çünki...

Aktual

12 İyun 2022, 18:57

Yay mövsümünün gəlişi ilə havanın temperaturu xeyli yüksəlib. İsti havada sərinləmək istəyən insanlar dəniz kənarına, çimərliklərə üz tutmağa başlayırlar.

 

Ölkəmizdə çimərlik mövsümü iyunun 15-də açıq elan ediləcək. Ötən dövrdə pandemiya ilə əlaqədar çimərliklər ya bağlı qaldı, ya da müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərdi. Bu il isə gündəlik yoluxma sayı cüzi rəqəmlər olduğundan və karantin rejimi ləğv edildiyindən insanların yenidən çimərliklərə üz tutmasına heç bir mane olmayacaq. Belə məqamda əhalinin əsas istirahət məkanına çevrilən çimərliklərin təmizliyi, sanitar-gigiyenik normalara cavab verməsi, dəniz suyunun çirkli olmaması, təhlükəsizlik qaydaları, çimərlik ərazilərində xidmətin keyfiyyəti də yenidən gündəmə gəlib. Bu məqsədlə hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyəti çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib. Eyni zamanda Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi mayın 16-dan etibarən Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının monitorinqlərini keçirib.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı məlumatlara əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsindədir. Bununla bərabər, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zonalarında dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyənləşdirilib. Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub. Həmçinin Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan çimərliklərinin sanitariya-mühafizə zonalarına buraxılan tullantı çirkab suları ilə çirkləndirilməsi səbəbindən dəniz suyunun mikrobioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi üzə çıxın.

 

Aparılmış laborator müayinənin nəticələrinə əsasən, Pirşağı çimərliyinin suyunun mikrobioloji çirklənmə göstəriciləri də sanitariya norma və qaydalarının tələblərinə cavab verməyib. Sumqayıt şəhər çimərliyinə gəlincə isə, laboratoriya müayinəsinə götürülmüş dəniz suyu nümunələrində mikrobioloji çirklənmə göstəricisi olan bağırsaq çöpləri qrupu bakteriyalarının sayı normadan çox olub.

 

2022-ci il ərzində çimərlik mövsümündə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, insanlar arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, "Sanitariya-Epidemioloji Salamatlıq haqqında" Qanuna əsasən, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan, Sabunçu rayonu Pirşağı çimərliklərinin və göstərilən ərazilərdə qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq qərarları qüvvədə saxlanılıb, həmçinin Sumqayıt şəhər çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qərar qəbul edilib.

 

 

Çimərliklərdə mövcud olan çatışmazlıqlar təkcə sanitar vəziyyətlə bağlı deyil. Bir sıra çimərliklər məhz nəzarətsiz olduğundan insanların həyatına təhlükə yaratmağa davam edir. Nəzarətsiz çimərliklərdən istifadə nə qədər qadağan edilmiş olsa da, bura üz tutanlar təəssüf ki, hələ də var. Nəzərə almalıyıq ki, əyləncə və istirahətimizin xoş bitməsi üçün təhlükəsizliyimiz çox önəmlidir. Buna görə nəzarətsiz çimərliklərdən istifadə etməməli, eyni zamanda dəniz suyunda mikrobioloji çirklənmə səviyyəsi yüksək olan ərazilərə üz tutmamalıyıq. Özümüzün və ailə üzvlərimizin ziyan görməməsi üçün nəzarətsiz çimərliklərdən uzaq durmalı, dənizdə çimərkən qaydalara əməl etməli, qadağan olunmuş hissələrdə üzməməliyik. Dənizin bəzi hissələrində suya baş vurmaq insanlarda müxtəlif infeksiyaların yaranmasına səbəb ola bilir və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Qadağan olunan, nəzarətsiz çimərliklərdə suya girmək həyatınız bahasına başa gələ bilər.

 

 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev çimərliklərdən istifadə edən insanlara təhlükəsizlik qaydaları ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. Ekspert xatırladıb ki, çimərlik mövsümü başlamamışdan qabaq bütün bu məkanlara texniki baxış keçirilməlidir:

 

“Suyun dibinə, aşınmaların olub-olmamasına, sualtı axınlara, yarğanların əmələ gəlib-gəlmədiyinə baxış keçirəndən sonra çimərliyə rəy verilir. Çimərliklərin təhlükəsizliyi məsələsində üç istiqamət var. Birincisi, insanların təhlükəsizlik qaydalarına əməl etməsidir. İkincisi, çimərlik işlədən şəxslərin, yəni hansı qurumun balansındadırsa, o qurumun, ya da icra hakimiyyətinin, fiziki şəxslərin qaydalara riayət etməsi və üçüncüsü isə aidiyyəti üzrə bura nəzarət edən qurumların nəzarət mexanizmidir.

 

Əsas riayət etməli qaydalardan biri budur ki, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Boğulma hallarının statistikasına baxdıqda 90 faizi əlverişsiz hava şəraitində çimərliyə gedənlərdir. Küləyin sürəti saniyədə 10-12 metrdən çox olarsa, gecə, havanın buludlu, dumanlı, çiskinli, yağışlı vaxtlarında çimərliklərə getmək qadağandır. Gəmidə, qayıqda balıq tutmaq qəti qadağandır. Müxtəlif qonaqlıqlar təşkil etmək, qadağanedici nişanları keçmək olmaz. Digər tərəfdən, çimərlik işlədən şəxslər çimərlikdə təhlükəsizlik qaydalarına riayət olunmasına diqqət etməli, mövsüm başlayan kimi onu sualtı baxışdan keçirməlidirlər. Çimərlik ərazisində hər 75 nəfər üçün 1 ədəd zibil qutusu olmalıdır. Oralar hər gün təmizlənməli, dezinfeksiya olunmalı, səhər saat 08:00-a qədər dünəndən qalan zibillər atılmalı, dezinfeksiya olunaraq sahildən 20 metrdən az, 30 metrdən isə çox olmayaraq yerləşdirilməlidir.

 

 

Bundan əlavə, ekspert vurğulayıb ki, çimərlikdə boğulma təhlükəsi ilə qarşılaşan insan ilk növbədə panikaya düşməməli, suda oturaq vəziyyətdə qalmaqla əllərini yan tərəfə atmalı və insanları köməyə səsləməlidir

 

"Çünki əlini sudan yuxarı qaldırdıqca daha da dibə gedir. Köməyə gələn insanlar da boğulan insana üz hissədən yaxınlaşmalı deyil, çünki o şəxs xilas edəni özü ilə batıra bilər. Batan şəxs istənilən önünə keçən maneəni suyun dibinə çəkəcək ki, özü suyun üzünə çıxsın. Buna görə də arxadan yaxınlaşmaq lazımdır. Xilas edən boğulan şəxsin baş hissəsinin suyun üzərində olmasını təmin edərək sahilə doğru üzməlidir. İnsanlar bu məsələlərin hər birində diqqətli olmalıdırlar”.

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı