Suriya üzrə danışıqların növbəti raundunda iştirak edən bütün nümayəndə heyətləri Nur-Sultana gəlib.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov deyib.
"Suriya üzrə Astana prosesində iştirak edən bütün nümayəndə heyətləri artıq Qazaxıstanın paytaxtına gəliblər. Bu gün səhər saatlarında ikitərəfli və üçtərəfli formatda danışıqlar başlayıb", - XİN sözçüsü bildirib.
Onun sözlərinə görə, tərəflər Suriyadakı yerli vəziyyət, o cümlədən humanitar və sosial-iqtisadi durum, Suriya konstitusiya komitəsinin Cenevrədə işinin bərpası perspektivləri, girovların azad edilməsi və itkin düşənlərin axtarışı, suriyalı qaçqınların vətənlərinə qayıtması üçün şərait yaradılması, etimadın möhkəmləndirilməsi tədbirləri kimi məsələləri müzakirə edirlər.
"Danışıqların yekunlarına dair birgə bəyanatın oxunacağı plenar iclas sabah günorta saatlarında keçiriləcək. Plenar iclasdan sonra bütün akkreditə olunmuş KİV-lər üçün mətbuat konfransı təşkil olunacaq", - Smadiyarov əlavə edib.
Suriya 2011-ci ildən silahlı qarşıdurma içindədir. “Astana formatı” (Qazaxıstanın paytaxtının keçmiş adı ilə-red.) kimi tanınan danışıqlar 2017-ci ildən davam edir.
2018-ci ilin yanvarında Soçidə ilk dəfə münaqişənin başlanğıcından bəri geniş iştirakçı kütləsini bir danışıqlar platformasında toplamaq məqsədilə Suriya Milli Dialoq Konqresi keçirilib. Əsas nəticə Cenevrədə fəaliyyət göstərən konstitusiya komitəsinin yaradılması haqqında qərar olub, onun əsas vəzifəsi konstitusiya islahatının hazırlanmasıdır.