İran prezidenti İbrahim Rəisi rəsmi səfərlə Tehrana gəlmiş türkmən həmkarı Serdar Berdiməhəmmədov ilə görüşüb.
Modern.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, iki lider təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Prezident Rəisi türkmən həmkarına İrana səfərinə görə təşəkkür edib və deyib:
"Türkmənistan prezidentinin və yüksək səviyyəli nümayəndə heyətinin Tehrana səfəri iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsidir. Türkmənistanla son 30 ildə yaxşı münasibətlərimiz olub".
İ.Rəisi bildirib ki, onun bir neçə ay əvvəl Aşqabad səfəri İran və Türkmənistan arasında müəyyən əməkdaşlıqların artmasına şərait yaratdı. Xüsusilə qaz mübadiləsi, tranzit və nəqliyyatda yaxşı addımlar atıldı.
İran və Türkmənistanın əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirən prezident Rəisi, "İki ölkə arasında 20 illik strateji əməkdaşlıq müqaviləsi imzalamaqda qərarlıyıq" deyib.
Rəisi bəyan edib ki, Xəzər dənizi ilə həmsərhəd ölkələrlə əməkdaşlıq İranın xarici siyasət prioritetlərindən biridir.
O vurğulayıb ki, regionda əcnəbilərin varlığı bölgəyə problem yaradır.
Türkmənistan lideri Berdiməhəmmədov da İran prezidenti ilə ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib və ölkəsinin rəsmi Tehranla əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bəyan edib.
Serdar Berdiməhəmmədov beynəlxalq forumlarda Türkmənistanın təşəbbüslərini dəstəklədiklərinə görə Rəisiyə və İran hakimiyyətinə təşəkkür edib və dövlət başçısını Türkmənistanın ev sahibliyi edəcəyi Xəzər Liderlərinin Sammitində iştiraka dəvət edib.
Prezident Rəisi və Türkmənistan lideri Berdiməhəmmədovun sədrliyi ilə baş tutan təkbətək və nümayəndə heyəti görüşlərindən sonra Saadabad sarayında iki ölkə arasında müqavilələrin imzalanma mərasimi keçirilib.
Mərasim zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi çərçivəsində iqtisadiyyat, ticarət, televiziya və radio yayımı sahəsində əməkdaşlıq, mədəniyyət, investisiya, tranzit və nəqliyyat sahələrində 9 saziş, əməkdaşlıq protokolu və anlaşma memorandumu imzalanıb.
Xatırladaq ki, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iki günlük rəsmi səfər üçün dünən axşam Tehrana gəlib. Berdiməhəmmədovu Tehran səfərində böyük bir nümayəndə heyəti müşayiət edir.