Modern.az

Beynəlxalq tədbirlər mövqeyimizin dünyaya çatdırılması üçün uğurlu platformadır

Beynəlxalq tədbirlər mövqeyimizin dünyaya çatdırılması üçün uğurlu platformadır

Aktual

22 İyun 2022, 20:06

Azərbaycan Respublikasının son illər ərzində istər siyasi, istərsə də iqtisadi cəhətdən inkişaf etməsi onun beynəlxalq arenada da nüfuzunu artırmışdır. Bunun nəticəsidir ki, Respublikamız dünyanın bir çox lider  dövlətlərinin marağını cəlb etməkdədir və məhz buna görə də Azərbaycan bir çox dünya əhəmiyyətli tədbirlərə, beynəlxalq yarışma, forum və görüşlərə ev sahibliyi etmək hüququ qazanmışdır. "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsi,  "Bakı-2015" I Avropa Oyunları,  “42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1”,  2017 IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu tədbirlərin az bir qisminin bariz nümunəsidir.

 

Artıq bütün dünyada Azərbaycan dünyanı narahat edən qlobal problemlərə cavab axtarmaq, humanitar əməkdaşlıq qurmaq istiqamətində geniş dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq elmi-siyasi platforma kimi qəbul edilir. Qədim mədəniyyətə və tarixə malik olan Azərbaycan öz milli dəyər və ənənələrinə sadiq qalaraq həmişə humanist və sivil mövqe tutduğunu, beynəlxalq hüquq və normalara hörmətlə yanaşdığını nümayiş etdirir. 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz zəfər ölkəmizə maraq və etimadı daha da artırmışdır. Mədəniyyət paytaxtımız Şuşada bərpa edilmiş «Xarıbülbül» festivalı da Azərbaycanın humanist, tolerant bir ölkə olduğunu nümayiş etdirir.

 

İyun ayının 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu Azərbaycanın təşkilatçılıq etdiyi nüfuzlu tədbirlərdəndir. 2013-cü ildən başlayaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu ənənəvi Forum nüfuzu etibarilə Davos Forumu və Münhen Forumu ilə müqayisə edilə bilər. Ancaq məzmunu və miqyasına görə IX Qlobal Bakı Forumu daha geniş məsələləri əhatə edir. Belə ki, Davos forumu iqtisadi məsələlər, Münhen forumu təhlükəsizlik məsələləri ilə bağlı fəaliyyət göstərir, IX Qlobal Bakı Forumu isə  beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzuların müzakirəsi üçün açıqdır. Forumda 50-dən çox ölkədən 400-ə qədər nümayəndə, o cümlədən, Albaniya, Bolqarıstan, Gürcüstan və s. ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı dövlətlərin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak etmişlər. Eyni zamanda, Britaniya, İtaliya, Latviya və digər ölkələrin dövlət başçılarının Foruma müraciət ünvanlamaları bu tədbirə beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığını göstərir.

 

Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz çıxışında səsləndirdiyi bəyanatlar da Azərbaycanın qloballaşan dünyada iqtisadi və siyasi mövqeyi və hədəflərini aydın ifadə etmişdir. Dövlət başçısı Forumda Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirmiş, bir daha qeyd etmişdir ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Zəngəzur dəhlizinin açılmasının önəmini xüsusi vurğulayan dövlət başçısı bunu dövlətimizin prinsipial mövqeyi kimi qeyd etmiş və əks halda, sülhdən danışmağın çətin olacağını bildirmişdir. Çıxışında Azərbaycanın sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması haqqında məqamlara toxunması, o cümlədən, ATƏT-in Minsk Qrupu haqqında səsləndirdiyi qəti fikirlər də IX Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur.

 

Azərbaycan Prezidenti dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyindən danışarkən bu hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərin həlli istiqamətindəki mövqeyi ilə bir daha Azərbaycanın sülhpərvər siyasət yürütdüyünü nümayiş etdirmişdir. Cənab İlham Əliyev çıxışında demişdir: «Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib.  Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq».

 

Ümumiyyətlə, belə beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir ptatforma rolunu oynayır.

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı