Azərbaycanda döyüş hazırlığı planına əsasən, hərbi vəzifəlilərin təlim toplanışına başlanılıb. Müdafiə Nazirliyindən bildirilib ki, ehtiyatda olan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər.
Təlim toplanışı iyulun 23-dək davam edəcək.
Ehtiyatda olan hərbçilərin Orduya çağırılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr aparılır. İddia olunur ki, təlim toplanışının aparılması yeni antiterror əməliyyatlarına hazırlıqla əlaqədardır.

Bu barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycanda plana uyğun olaraq, müəyyən ixtisaslar üzrə ehtiyatda olan hərbçilərin toplanışı keçirilir:
“Hərbi vəzifəlilərin mütəmadi olaraq öz ixtisasları üzrə toplanış keçirməsi bütün dünyada baş verir. Peşəkarlığı artırmaq üçün müəyyən təlimlər keçməlidirlər. Bu normal haldır. Sadəcə olaraq Azərbaycanda bir müddət bu məsələyə diqqət azalmışdı. Bu, bəlkə də Ordunun peşəkar olmasından qaynaqlanırdı”.
Polkovnikin sözlərinə görə, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi:
“Səfərbərliklə, yaxud könüllü olaraq müharibəyə gələn hərbi vəzifəlilərdə böyük ruh yüksəkliyi olsa da, professionallıq, peşəkarlıq cəhətdən çatışmazlıqlar olduğu üzə çıxdı. Ona görə də, digər istiqamətlərdə olduğu kimi Azərbaycan Ordusunda da Vətən müharibəsində qazanılan qələbənin nəticəsi olaraq çox böyük islahatlar aparılır. Bu mənada hərbi vəzifəlilərin təlimlərə cəlb olunması çox vacib bir işdir. Bu təlimlər müəyyən ixtisas üzrə hərbi vəzifəlilərə biliklərini xatırlamaqda yardımçı olur. Səfərbərlik xidmətinin Müdafiə Nazirliyi ilə birgə keçirdiyi təlimlər bütün ixtisaslar üzrə iştirakçıların peşəkarlığının yüksəldilməsinə xidmət edir. Ancaq bu təlimlərin antiterror əməliyyatı ilə əlaqəsi yoxdur. Ordu onsuz da daim belə əməliyyatlara hazır olmalıdır. Ordumuz antiterror da daxil olmaqla bütün əməliyyatlara hazırdır”.

Ş. Ramaldanov vurğulayıb ki, Azərbaycan Ordusu separatçılara qarşı antiterror əməliyyatlarına başlasa, gənc əsgər və ehtiyatda olanları cəlb etməyəcək:
"Ola bilsin ki, son vaxtlar atəşkəs pozuntuları olduğu üçün bəzi ekspertlər antiterror əməliyyatını gündəmə gətirirlər. Ancaq bilməlidirlər ki, Azərbaycan Ordusu nəinki antiterror əməliyyatına, eləcə də istənilən hərbi əməliyyatlara hazırdır. Bu, Ordunun başlıca vəzifəsidir.
Son vaxtlar Ermənistan tərəfinin Laçın və Kəlbəcərdə atəşkəsi pozması antiterror əməliyyatı keçirməyə əsas vermir. Çünki antiterror əməliyyatı, adətən, bir ölkənin sərhədləri daxilində həyata keçirilir. Ermənistan tərəfinin sərhəddən atəşkəsi pozmasına adekvat cavab verilir və qarşı tərəf susdurulur. Bəli, əgər sərhəd pozularsa, bundan sonra əks-əməliyyat aparıla bilər. Hər halda Azərbaycan Ordusu hər zaman antiterror əməliyyatının keçirilməsinə hazırdır".