İsveç parlamentinin üzvü Markus Vihel ölkənin xarici işlər naziri Ann Lindeyə Rusiyanın “terrorun sponsoru” olan dövlət kimi tanınması üçün müraciət edib.
Modern.az-ın məlumatına görə, Vihel xatırladıb ki, mayın 10-da Litva Seymi yekdilliklə Ukrayna ərazisində keçirilən xüsusi hərbi əməliyyata görə Rusiyanın “terrorçu dövlət” kimi tanınmasına səs verib. Litva Rusiyanın hərəkətlərini Ukrayna əhalisinin soyqırımı hesab edib, həmçinin dünya ictimaiyyətini “Rusiya təcavüzünü” qiymətləndirəcək və onunla məşğul olacaq xüsusi cinayət məhkəməsi yaratmağa çağırıb.
Bundan əlavə, Markus Vihel bildirib ki, ABŞ hakimiyyəti Ukraynada baş verən hadisələr fonunda Rusiyanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsi üçün kriteriyaları öyrənir.
“Nazir ABŞ və Litvanın təşəbbüslərini necə qiymətləndirir? Nazirin İsveçdə, Avropa İttifaqında və ya bəzi beynəlxalq məkanlarda oxşar qərarlar verməsini gözləyə bilərikmi?”, -deyə isveçli deputat sual edib.