Kosovanın serb sənədlərinin istifadəsini dayandırması və avtomobillərin Kosova nömrələrinə keçməsini tələb etməsi tamamilə absurddur.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz Serbiyanı dəstəkləyirik və Kosovo serblərinin yanındayıq", - Peskov Rusiyanın mövqeyini elan edib.
Qeyd edək ki, Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı yeni qaydalar tətbiq etməsi bölgədə gərginliyin yenidən artmasına səbəb olub. Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunur. Kosovoya daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.
Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub. Kosovo polisi Brnyak və Yarinye sərhəd-keçid məntəqələrini bağlayıb.
Kosovo mətbuatı bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb. Alban əsilli vətəndaşların da hücuma məruz qaldığı, onların nəqliyyat vasitələrinə xəsarət yetirildiyi bildirilib.