Modern.az

Azərbaycan Türk Dünyasının “qızıl körpüsü” rolunu yüksək səviyyədə gerçəkləşdirir

Azərbaycan Türk Dünyasının “qızıl körpüsü” rolunu yüksək səviyyədə gerçəkləşdirir

Aktual

25 Avqust 2022, 08:54

Vətən savaşında ərazi bütövlüyünü təmin edən Azərbaycan xarici siyasət kursunda bölgənin lider ölkə statusuna uyğun ciddi dəyişikliklər etdi. Əslində, bu dəyişikliklər ölkəmizin siyasi hədəflərinə tam cavab verən mükəmməl bir gediş idi. Zəfər savaşından sonra yaranan yeni geopolitik durum Azərbaycanın xarici siyasətində hədəflərinin gerçəkləşməsinə real şərait yaratdı.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.


Deputat bildirib ki, Azərbaycanın Prezident İlham Əliyevin uğurlu liderliyi ilə yönəldilən xarici siyasət kursumuzda mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də türkdilli ölkələrlə münasibətlərin genişləndirilməsi, Türk Dünyası Birliyinin qurulması istiqamətində inteqrasiya prosesinin sürətləndirilməsidir. Sevindirici haldır ki, Azərbaycanla Türkiyə arasında qardaş dövlətlər prinsipi artıq bütün türk dövlətlərinin qarşılıqlı münasibətlərinə sirayət etməkdədir və ölkəmiz bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb.

 

R.Mahmudov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin bu yaxınlarda Şimali Kipr Türk Cumhuriyyətinin lideri ilə görüşündə də ölkəmizin türkdilli dövlətlər üçün vacib ölkə statusunu təsdiqləməsi mühüm önəm daşıyır. Orta Asiya respublikaları ilə yaxınlıq da Azərbaycanın bu dövlətlərlə tək coğrafi deyil, həm də siyasi və mədəni baxımdan körpü rolunu oynamasını şərtləndirir:


"Zaman-zaman yaşanan soyuqluq və anlaşılmazlıq artıq ölkə rəhbəri İlham Əliyevin sərgilədiyi müdrik siyasətlə aradan qaldırılaraq, yüksək dostluq və qardaşlıq müstəvisinə çatdırılıb. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər, iki ölkə liderlərinin bəyanatları da onu deməyə əsas verir ki, hazırkı münasibətlər tam şəkildə arzulanan səviyyədədir və rəsmi Bakı türkdilli ölkələrin inkişafına həyati əhəmiyyətli töhfələrini vermək əzmindədir.


Beləliklə, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin  ölkəmizə rəsmi səfəri də Azərbaycanın Türk Dünyasının inteqrasiyası istiqamətində yürütdüyü siyasətdə mühüm mərhələ oldu. İki dost, qardaş ölkə arasında bağlanan müqavilələr, imzalanan rəsmi  sənədlər geniş imkanlar açmaqla yanaşı, həm də yeni perspektivləri şərtləndirdi.


Burada o da qeyd edilməlidir ki, Qazaxıstan Prezidentinin respublikamıza səfəri çərçivəsində imzalanan sənədlər iki ölkənin münasibətlərinin daha geniş hüquqi bazasını yaradır. Həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannamə xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə bu Bəyannamənin adı sənədin əhəmiyyətini göstərir. Yəni Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlar olmaqla bərabər, həm də müttəfiqlərdir və bu, hər iki dövlət üzərinə xüsusi məsuliyyət qoyur. Ümumiyyətlə, Bəyannamə qardaş ölkələr arasında əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və gələcək birgə fəaliyyəti üçün ciddi baza rolunu şərtləndirir.


Yeri gəlmişkən, Qazaxıstanın işğaldan azad edilmiş ərazimizdə tikintisi nəzərdə tutulan Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi  dövlətimizin başçısının vurğuladığı kimi, Qarabağın bərpası işinə böyük töhfədir. Qazaxıstanlı həmkarı tərəfindən Prezident İlham Əliyevin  “Altın kıran” – “Qızıl qartal” ordeni ilə təltif olunması isə bütövlükdə Türk Dünyasına verilmiş ali mükafatdır. Şübhəsiz ki, bu ali ödülə layiq görülən Azərbaycan Prezidenti də Türkdilli Dövlətlər  Birliyin yaranması və inkişafı istiqamətində müstəsna xidmətlər göstərmiş xarizmatik liderdir. Ölkə başçısının qeyd etdiyi kimi, imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” son dərəcə əhəmiyyətli sənəddir. Strateji tərəfdaş, müttəfiq olan iki ölkə üçün bu Bəyannamə həm də beynəlxalq arenada əməkdaşlığın inkişaf yollarını müəyyən edir. Bununla yanaşı, adı çəkilən Bəyannamədə ölkəmizin Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanla Naxçıvan Muxtar Respublikasının nəqliyyat bağlantısı ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib ki, bu da xüsusi önəm daşıyır. Yeri gəlmişkən, bu bağlantı Orta Dəhlizin tərkib hissəsi olaraq böyük əhəmiyyətə malikdir".


Sonda Rəşad Mahmudov bildirib ki, Azərbaycan regionun lider dövləti statusu daşıyan və qardaş Türkiyə ilə ən yüksək səviyyədə strateji müttəfiq ölkə kimi davamlı olaraq, Türk Dövlətləri Birliyinə dəyərli töhfələri ilə diqqət çəkir və Türk Dünyasının “qızıl körpüsü” rolunu yüksək səviyyədə gerçəkləşdirir. Beləliklə, bu gün Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət ölkəmizin tarixi mövqeyini bərpa edir. Dövlətimizin başçısı tək ölkəmiz üçün deyil, bütövlükdə Türk Dünyası salnaməsinə yeni və şanlı bir səhifə yazır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı