Modern.az

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilər

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilər

Aktual

20 Sentyabr 2022, 11:32

Bu ilin 15-16 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin zirvə toplantısı keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılmasından sonra Azərbaycanın gələcəkdə bu təşkilata üzv olması məsələsi yenidən gündəmə gəlib.

 

İndiki reallıqda Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilərmi?

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanın ŞƏT-ə üzv olması mümkündür. Ona görə ki, bu təşkilatda Azərbaycanın tərəfdaşları çoxdur.

 

Zülfüqarov bildirib ki, hazırda Azərbaycanın təşkilata üzvlük məsələsi dəyərləndirilir:

 

“Azərbaycanın qonaq qismində bu tədbirdə iştirakından sonra hökumət üzvlük barəsində ciddi şəkildə fikirləşir. Söhbət ondan gedir ki, hələ dəyərləndirmə prosesi gedir. Azərbaycanın bu təşkilata üzvlüyünün faydalı olub-olmaması qiymətləndirilir".

 

Sabiq XİN rəhbəri ŞƏT-ə qoşulmağın Azərbaycan üçün faydalı olacağı qənaətindədir:

 

“Biz görürük ki, hazırda Şanxay Əməkdaşlıq Təşkilatı çox vacib quruma çevrilir. Orada Çin, Hindistan və Pakistanın fəallığı görünür. Potensial üzv ola biləcək ölkələrin bir-birinə olan yaxşı münasibətləri Azərbaycanın bu təşkilata üzvlüyünün faydalı ola biləcəyini göstərir. Orada bəzi siyasi məqsədlərlə yanaşı, çox ciddi iqtisadi məqsədlər də mövcuddur. Üzv ölkələr arasında qarşılıqlı şəkildə iqtisadi güzəştlər tətbiq olunur. Bu da çox yaxşı fürsətdir. Ancaq yenə deyirəm ki, bu məsələni iqtisadi və siyasi cəhətdən çox ciddi dəyərləndirmək lazımdır”.

 

 

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var.

 

İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.

 

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?