İki il bundan önəcəyədək torpaqları zəbt olunmuş, ev-eşiyi dağıdılmış, yurd-yuvası viran edilmiş, 20 mindən çox vətəndaşını qurban vermiş bir xalq idik. Gerçəkləri hayqıraraq dünyadan ədalət tələb edir, haqqımızı qaytarmaq üçün dəridən-qabıqdan çıxırdıq. Təcavüzkarla təcavüzə məruz qalan tərəfə eyni gözlə baxan, ermənilərə heç bir təzyiq göstərməyən beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu problemi ədalətlə çözmək əvəzinə, quru bəyanatlar, icrası təmin edilməyən qətnamələr imzalamaqla kifayətlənirdilər. Bir sözlə bizi özümüzdən başqa anlayan, duyan yox idi. Ermənistanın riyakar, təcavüzkar mövqeyi bizə yalnız bir çıxış yolu buraxdı: müharibə etmək, haqqımızı müharibə yolu ilə almaq.
Nəhayət o tarixi an yetişdi. Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribata cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatdı. Qəsb olunmuş ərzilərimiz geri alındı. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
44 günlük müharibədən 2 il keçsə də revanşist siyasəti manipulyasiya alətinə çevirmiş, reallıq hissini itirmiş rəsmi İrəvan təcavüzkar mövqeyindən dönmək istəmir. Ermənistan və Azərbaycan arasında atəşin və bütün hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan bu müddət ərzində dəfələrlə sərhəddə təxribat və pozuculuq fəaliyyəti sərgiləmişdir. 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkməkdə maraqlı deyil.
Sentyabrın 12-dən 13-nə keçən gecə bizim gücümüzü və qüdrətimizi lazımınca qiymətləndirə bilməyən Ermənistan hərbçilərinin Azərbaycanla sərhəddə törətdikləri təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən daha sərt və tutarlı həmlə ilə alındı. Azərbaycan Ordusu Ermənistan ərazisində yerləşən və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid törədən, hərbçilərimizin və mülki vətəndaşlarımızın həyatına təhlükə yaradan bütün hərbi infrastrukturu məhv etdi. Qəhrəman oğullarımız yenə də erməniləri döyüş meydanında diz çökdürüb.
Nəhayətdə ermənilər başa düşməlidilər ki, Azərbaycan kimi siyasi, iqtisadi, hərbi cəhətdən güclü, eyni zamanda, dünyada söz sahibinə çevrilən bir ölkə ilə zor dili ilə danışa bilməz. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və onların havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr nəticəsi çox ağır olacaq.
Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib.
Azərbaycan xalqı sülhpərvər xalqdır. Hakimiyyət xalqın iradəsinin ifadəsi kimi sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət həyata keçirir, qlobal öhdəliklərə, humanizm dəyərlərinə sadiqliyini daim nümayiş etdirir. Bütün bu səylər isə dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu gün Azərbaycanın apardığı sülhpərvər siyasət sabitliyin bərpasına xidmət edir.
Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülhə, sabitliyə sadiqliyi xüsusilə Avropa İttifaqı tərəfindən yüksək səviyyədə dəstəklənib. Xatırladaq ki, bu təşkilat dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması bu nüfuzlu qurumun gündəliyində duran əsas məsələlərdən biridir. Bununla bağlı, onu qeyd edə bilərik ki, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə davamlı görüşləri və apardığı danışıqlar nəticəsində müharibədən sonrakı dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb.
Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalını dəstəkləməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanı ümumbəşəri dəyər olan sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.
ASLAN Quliyev
Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi