"Azərbaycanın Fransadakı səfirliyinə hücum edənlər qanun qarşısında törətdikləri əməllərə görə cəzalarını almalıdırlar”.
Bunu Modern.az-a açıqlamasında Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bildirib. Onun sözlərinə görə, səfirliyə hücum edən şəxslər milliyətçidirlər.
"Həmin şəxslər Fransada olan erməni fanatiklərdir. Onların bu əməllərinə qarşı lazımi tədbirlər görülməlidir və görülüəcək. Belə hadisənin olması iki ölkə üçün utancvericidir. Bununla Ermənistanın özünün imicinə də zərər vururlar. Təəssüf ki, biz onların qarşısını almasaq, daha böyük hadisələrə yol aça bilərlər. Ermənipərəst qüvvələr Fransada fəaldır və ətrafındakı insanlara olduqca böyük ziyanlar vururlar. Fransada böyük erməni lobbisi özünün imicini daha da aşağı salır”, - deyə fransalı deputat Azərbaycan səfirliyinə hücumu pisləyib.

Xatırladaq ki, ötən həftənin bazar günü Fransada yaşayan ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Rəsmi Bakı Parisdəki səfirliyimizin təhlükəsizliyinin təmin edilməməsinə etiraz olaraq, Fransaya nota verib.
Bundan əlavə, hadisə ilə əlaqədar Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb.