Modern.az

Döyüşdən qaçan ruslar Azərbaycana buraxılmayacaq?

Döyüşdən qaçan ruslar Azərbaycana buraxılmayacaq?

Aktual

22 Sentyabr 2022, 13:20

Ötən gün Rusiyada qismən səfərbərlik edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı xalqa müraciətindən sonra ölkədə kütləvi etirazlar başlayıb. Rusiyanın 40-a yaxın şəhərində təşkil olunan aksiyalar zamanı mindən çox nümayişçi polis tərəfindən saxlanılıb.

 

Etirazçı gənclər Rusiyanın Ukraynada başlatdığı müharibəni pisləyərək, başqa ölkənin torpağı uğrunda ölmək istəmədiklərini bildiriblər. Səfərbərlik qərarının elan olunmasından sonra Rusiya vətəndaşlarının qonşu ölkələrə kütləvi axını başlayıb.

 

Döyüşdən imtina edən rusların Bakı, Astana, Bişkek, Daşkənd, İstanbul, Tiflis və İrəvana üz tutduğu deyilir. Məlumata görə, adları çəkilən şəhərlər istiqamətində bilet satışında kəskin artım qeydə alınıb.

 

Rusiyadan gələn xəbərlər fonunda bəzi Avropa ölkələri səfərbərlikdən qaçan şəxslərə sığınacaq verilməməsinə çağırış ediblər. Artıq bir neçə ölkə rusların girişinə qadağa qoyub.

 

Bəs, Azərbaycan müharibədən qaçan rusların üzünə qapıları bağlayacaqmı?

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, müharibədən qaçan rusların ölkəmizə girişini qadağan etmək üçün heç bir əsas yoxdur:

 

“Quru yollarımızın bağlı olduğunu və rusların gəlmək üçün ancaq təyyarələrdən istifadə edəcəyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycana çox sayda Rusiya vətəndaşlarının gəlməsi gözlənilmir. Hazırkı situasiyada daha çox Rusiyadakı azərbaycanlılar ölkəni tərk etmək üçün qabağa düşəcək. Bizim azərbaycanlılar qarşısında qapı bağlamağımız düzgün deyil. Ona görə də Azərbaycan belə bir məhdudiyyət qoymayacaq. Buna heç zəruriyyət də yoxdur”.

 

 

Politoloq Qabil Hüseynli isə deyib ki, müharibədən yayınan şəxslərin ölkəyə buraxılmaması beynəlxalq hüquq normalarına uyğun gəlmir. Bununla belə, o hesab edir ki, rusların ölkəni tərk etməsi müharibədə dönüş yarada bilər:

 

“Gəlirlərsə, qoy, gəlsinlər. Bu addım Rusiyadakı avtoritar rejimin iflasını daha da gücləndirər və Rusiya ordusunun komplektləşdirilməsi çətinləşər. Eyni zamanda, Rusiyanın Ukraynada təcavüzü genişləndirməsinin qarşısını ala bilər. Ruslar artıq ayılır. Onlar başqa ölkənin ərazisində vuruşmaq istəmədiklərini dilə gətirirlər. Bu yaxşı haldır. O, baxımdan bizim ölkəyə gələnlərin qarşısının alınmasının tərəfdarı deyiləm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?