Bəzən susmaq nahaqqa qarşı razılığın əlaməti və bəzən də susmaq güc qarşısında gücsüzlüyün göstəricisi olur. Bəzən də cahilə baş qoşmamaq üçün sususub keçirsən. Amma bəzən insanı əlaqələndirən elə məsələlər də vardır ki, heç bir halda susa bilmirsən. Adda İran İslam Respublikası, qanun kitabı Qurani-Kərim, fətva verənləri Peyğəmbər varisləri, danışdıqları kəlmələr Quran ayələri və hədislər, əməl isə bunların tam muxalifi. Bu yazını bir imam və ya ruhani kimi yazmıram, mövzu vətənimi əlaqələndirdiyi üçün sadəcə sadə bir vətandaş kimi hiss və duyğularımı, fikir və düşüncələrimi sizlərlə bölüşürəm. Vətən dediyimiz torpaq, namus və qeyrətimizdir. Vətən bizim anamız və canımızdır. Bütöv vücudumuz bu vətənin maddə və minerallarıyla yoğruldu. Damarlarımızdakı qanımızda vətənin mineral və maddələri axdı.
Genimiz bu vətənin elemetləriylə kodlaşdı. İndi bir millətin və xalqın nümayəndəsi olaraq sual ünvanlamaq istəyirəm ki, əhalisinin 70% nin şiə olduğu bir ölkənin övladlarının hansı günah və qüsurları vardır ki, özünə şiə deyən bir ölkənin dövlət rəhbəri və nümayəndələri sanki şiəlik başqa mövzu siyasət də başqa mövzudur düşüncələriylə zalimin qanlı əllərindən tutaraq, onlara havadar olduqlarını göstərir, maddi və mənəvi dəstəklərini əsirgəmədən zülmlərinin artmasına səbəb olurlar.
Düşmənə etdikləri, şəklindən və formasından aslı olmayaraq, hər hansı bir yardım, mənim şəhid qardaşımın və övladımın qanına əl və dil bulamağındır. Zalımın səfində və sırasında yer almaqla yer üzündə fitnə və fasadın artmasına qapı açmağındır. Bəlkə də bu millətin Türk olmağına olan nifrətin səni Erməniyə dost və qardaş edir. Amma unutmaki Azərbaycan dövlətinə sionist rejiminə dəstək verir deməyin bu dövləti dəstəkləyənlərə sionistin dəstəkçiləri deməyin sənin çirkin və hiyləli planının üstünü örtməyə çalışmaqdan başqa bir şey deyildir. Azərbaycan öz tapdalanmış haqqını müdafiə edir və sənin batil qarşısında susaraq seyr etdiyin dəyərlərini işğaldan azad etdi. Amma görsənən budur ki, sən buna sevinmək əvəzinə Azərbaycanın düşməniylə dostluq edir və bu işdə kimliyindən aslı olmayaraq Azərbaycana dəstək verirsə onları özünə düşmən bilirsən. Azərbaycan Müstəqil, Dünyəvi, Demokratik, Hüququ və Unitar Respublikadır.
Öz ölkəsinin müdafiəsi üçün hər kəslə gözəl münasibət qurması onun əsl haqqıdır. Biz də istəyərdik ki, Azərbaycanın ən yaxın dost və qardaşları müsəlman ölkələri olsun. Amma nə edək ki, bəzən dost dediklərimiz bizi xəyal qırıqlığına uğradır və bəzən də fürsət tapdıqları zaman namərd qılınclarıyla arxadan vururlar. Azərbaycanın qeyri-müsəlman ölkələriylə gözəl münasibət qurması heç bir halda əsas vermir ki, İran İslam Respublikası Erməniylə dost və qardaş olsun!
Hacı Rüfət Qarayev
"Heydər" məscidinin imamı