Noyabrın 5-də Almaniyanın Köln şəhərində Zəfər Günü qeyd edilib.
Bu barədə Modern.az-a Almaniyada yaşayan azərbaycanlı ilahiyyatçı, Köln Əhli-beyt məscidinin axundu Mirbaqir Ağayev məlumat verib. Bildirilib ki, tədbir Azərbaycandan və Türkiyədən olan soydaşlarımızın iştirakı ilə baş tutub.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Azərbaycan və qardaş Türkiyə dövlətinin dövlət himnləri səsləndirilib.
Mərasim “İRKAZ” cəmiyyətinin sədri Hacı Elxan Kərimli, cəmiyyətin üzvləri Taleh Günəşov, Samir Abbasov, Elşad Novruzov, Xəyal Hüseynov, Allahverdi Məmmədov, İxtiyar Əhmədov, Emil Mahmudov, Eşqin Kərimov və Almaz Əzimovanın təşkilatçılığı ilə Köln Əhli-beyt məscidində keçirilib.
Tədbirdə şəhidlərimizin şücaətindən və ermənilərin ölkəmizə qarşı məkirli siyasətindən danışılıb və şəhidlərimizin əziz xatirəsinə Qurani Kərim tilavət olunub.
M.Ağayev bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Zəfəri nəinki Cənubi Qafqazın tarixində, dünya hərb tarixində qazanılmış ən nadir qələbədir.
Daha sonra Köln şəhərində yaşayan soydaşlarımız Zəfər Günü ilə bağlı ürək sözlərini deyiblər, uşaqlar isə şerlər səsləndiriblər.