Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə birgə təlimlərə başlayıb. Bakı şəhəri, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlər geniş müzakirələrə səbəb olub.
Müdafiə Nazirliyinin təlimlərdən yaydığı görüntülərdə diqqət çəkən məqamlardan biri çaylar üzərində keçid açmaq məqsədilə panton körpünün salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icra edilməsi olub.
Azərbaycan və Türkiyənin birgə təlimləri İrana ünvanlanmış mesaj kimi qiymətləndirilir. Bildirilir ki, ermənipərəst siyasi xətt yürüdən Tehran bundan sonra həddini aşarsa, Azərbaycan və Türkiyənin dəmir yumruğunu öz üzərində hiss edəcək. Artıq İran hakimiyyəti bundan dərs çıxarmalı və atdığı addımları yüz ölçüb, min biçməlidir.

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi İrana ciddi mesajdır:
"Bakı və Bakıətrafında, eləcə də İranla sərhəddə yerləşən İmişli, Astara və Cəbrayıl ərazilərində keçirilən təlim İrana çox ciddi mesajdır. Təlimlər İranın təxribata yol verəcəyi təqdirdə, hansı cəza ilə üzləşcəyini əyani göstərir. Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlim, son günlər baş verən gərginliyi yatırmaq, isti başları, qızmış beyinləri sakitləşdirmək üçün çox yaxşı addımdır".
Onun sözlərinə görə, yeni başlanılan təlimlərin bir sıra üstünlükləri var. Belə ki, təlimlərə Azərbaycan və Türkiyə ilə müqavilə bağlamış qardaş Özbəkistan və Qırğızıstanın hərbi qulluqçuları da qoşulacaq:
"Təlimlər tək Azərbaycan və Türkiyə ərazisində yox, eyni zamanda Qırğızıstan və Özbəkistan ərazilərində də keçiriləcək. Bu gələn ilin planında öz əksini tapıb. Təlimlər təkcə səhər saatlarında yox, günün bütün vaxtlarında keçirilir. Yəni təlimlər real döyüş şəraitinə uyğunlaşıdırılır. Digər bir üstünlük təlimlərin bütün qoşun növlərini əhatə etməsidir. Yəni təlimlər yalnız quru qoşunlarını əhatə etmir. Hərbi hava qüvvələri, hərbi hava hücumundan müdafiə sistemlərinə daxil olan qoşun birləşmələri, aviasiya, artileriya qoşunları da təlimdə iştirak edirlər".

Hərbi ekspert onu da vurğulayıb ki, birgə təlimlər çox böyük tarixi əhəmiyyətə malikdir. Məhz buna görə də, İran Azərbaycan və Türkiyənin hərbi birliyindən nəticə çıxarmalıdır:
"Hesab edirəm ki, təkcə İran yox, digər lazımi dairələr də bundan özləri üçün nəticə çıxaracaq. Onu da qeyd edim ki, Türkiyənin hansı hərbi birləşməyə sahib olduğunu anlamaq elə də çətin deyil. Türkiyə bu gün NATO daxilində ən aparıcı və güclü silahlı qüvvələrə malik ölkədir. Bunu Amerika da daxil olmaqla bütün ölkələr qəbul edir. İran ciddi düşünməlidir, təxribatlardan əl çəkməlidir. Çünki İranın silahları artıq çox köhnəlib, həm də praktiki cəhətdən geridə qalır. Azərbaycanda keçirilən hərbi təlimlərdə isə ən müasir silahlardan istifadə edilir.
Yeri gəlmişkən, İranın vaxtilə Arazın ətrafında panton körpü salmasına Azərbaycan birgə təlimlərlə lazımı mesaj vermiş oldu. Onlar Arazın bir qolunda panton körpülər qurmaqla Arazın o trayına asanlıqla gedə biləcəklərini demişdilər. Ancaq bu təlimlər biz göstərir ki, belə məsələləri biz çox asanlıqla həll edə bilərik. Doğrudur, mən İranla münaqişənin tərəfdarı deyiləm. Ancaq İran öz seçimini özü edir. İran Ermənistanla qardaşlıq etməyi seçib. Ancaq İran Azərbaycanı seçsəydi, bu həm dini, həm də insani baxımdan daha çox qazanclı çıxardı. Lakin onlar bizi yox, erməniləri seçdilər. Özləri bilərlər. Bütün bunlara baxmayaraq, İran Azərbaycan və Türkiyə ilə əlaqələrdə diqqətli olmalıdır. Necə deyərlər, artıq ox yaydan çıxıb".