Modern.az

Böyük Qayıdışın möhtəşəm nəticələrinin şahidi olacağıq!

Böyük Qayıdışın möhtəşəm nəticələrinin şahidi olacağıq!

Aktual

19 Dekabr 2022, 10:20

“44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, sənədin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Proqramın əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.

 

Deputatın sözlərinə görə, bərpa – quruculuq işlərinin icrasında strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sistemi yaradılıb. İnstitusional mexanizmlər postmüharibə dövrünün ilk günlərində təsis edilib. Belə ki,  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsindəinstitusional, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılıb. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyət göstərir.

 

Fatma Yıldırım qeyd edib ki, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır. 2020-ci ilin noyabr ayından etibarən azad olunan ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılmasına başlanıb. İndiyədək çoxlu sayda yol-nəqliyyat infrastrukturu layihəsinin icrası yüksək səviyyədə təmin edilib. Müharibənin başa çatmasından ötən qısa müddət ərzində Füzulidə və Zəngilanda olmaqla iki beynəlxalq səviyyəli hava limanının inşasının tamamlanması son dərəcə qürurvericidir. Həmin hava limanlarında ən ağır yük və sərnişin təyyarələrinin qəbul edilməsi üçün lazımi şərait yaradılıb. Sayca üçüncü hava limanının inşası isə Laçın rayonunun ərazisində aparılır.

 

“İşğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Dövlət Proqramında  qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir. Nəzərdə tutulan möhtəşəm quruculuq işləri qısa zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını şərtləndirir. Beləliklə, qarşıdakı beş ildə Böyük Qayıdışın möhtəşəm nəticələrinin şahidi olacağıq!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?