Uels şahzadəsi Dianaya məxsus ziyafət paltarı Nyu-Yorkdakı Sotheby's satış evində hərraca çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə satış evinin mətbuat xidməti məlumat yayıb.
Modelyer Viktor Edelşteyn tərəfindən 1989-cu ildə hazırlanan tünd badımcan rəngli məxməri paltar 1997-ci ildə - Diananın ölümündən bir ay əvvəl hərracda satılmışdı. Bu dəfə hərracda paltar şəxsi kolleksiyadan təqdim olunur.
Edelşteyn 1982-1993-cü illərdə Diana üçün geyimlər hazırlayıb. Hərraca çıxarılan paltar 80-120 min dollar dəyərində qiymətləndirilir. Hərrac yanvarın 23-də keçiriləcək.
Qeyd edək ki, Diana 1981-1996-cı illərdə Britaniya taxt-tacının varisi Şahzadə Çarlzın (Böyük Britaniya kralı III Çarlz) həyat yoldaşı olub.