Modern.az

Naxçıvanda büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilməyib 

Naxçıvanda büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilməyib 

Aktual

10 Yanvar 2023, 16:48

Xəbər verdiyimiz kimi, bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

 

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sessiyada çıxış edib.

 

O, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi islahatlar və müəyyənləşdirdiyi milli prioritetlərin ölkəmizi yeni inkişaf dövrünə çıxardığını deyib.

 

Bildirilib ki, makroiqtisadi inkişafda dayanıqlılığın təmin edilməsi, iqtisadi potensialın artması Azərbaycanın dünya birliyində həm inteqrasiyasını, eləcə də mövqeyini daha da gücləndirməkdədir. Onun sözlərinə görə, bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur: "Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir".

 

Fuad Nəcəfli vurğulayıb ki, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salındı, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edilib.

 

"Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik. Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar var. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub. Bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır". 

 

Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı