Mayın 24-də Hilton oteliində Bakı Dövlət Universiteti (BDU) ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında bağlanan müqavilə əasısında “Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi.
Konfransda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar enerji və dəniz hüququnun siyasətlə bağlılığı barədə geniş məruzə etdi. Səfir bildirdi ki, Xəzərdə “Şahdəniz” yatağının istismarı zamanı kompramis əldə olunmasaydı, bu yatağın istismarı dondurula bilərdi. “Xəzərdə “Şahdəniz” yatağının istismarına sanksiyalar tətbiq oluna bilərdi. Çünki İran şirkətinin “Şahdəniz” neft yatağında 10 faizlik payı var və İranla neft-qaz sahəsində əməkdaşlıq edən şirkətləri ABŞ tərəfindən sanksiyalar gözləyə bilər. Bəs, ABŞ Konqresi nə dedi? Konqres kompromis çıxış yolunun təmin olunmasını məqsədəuyğun saydı. Bu olmasaydı, 20 il ərzində “Şahdəniz”in istismarı dondurula bilərdi” deyən ABŞ səfiri Xəzərin statusu məsələsinə də diqqət ayırdı. Morninqstarın fikrincə, Xəzərin hüquqi statusu ilə bağlı məsələ müəyyənləşərkən əvvəlcə Xəzərin dəniz və ya göl olması məsələsində dəqiqləşmə aparılmalıdır.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov isə bildirdi ki, konfransda dəniz və enerji hüququ üzrə həm elmi müstəvidə olan problemlər araşdırılacaq. Rektorun sözlərinə görə, yeni tədris ilindən etibarən BDU-da beynəlxalq hüququn aktual sahəsi olan enerji və dəniz hüququ üzrə ingilis dilində magistr hazırlığı aparılacaq. “Azərbaycan neft ölkəsidir, bizdə həm neft-qaz çıxarılır və bunun istər nəqli, istər bunun nəqli zamanı təhlükəsizlik məsələləri, istər Xəzər sektorundakı ölkələr arasında sərhəd məsələləri var. Yəni çox mürəkkəb məsələlərə toxunan kadr hazırlığı aparılacaq” deyən akademik bildrdi ki, BDU-da dəniz və enerji hüququ ixrisasına 10 nəfər qəbul olunacaq:
“Magistrlərimiz iki il təhsil alacaqlar və biz ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında müqavilə əsasında ABŞ-ın Tüleyn Universiteti əməkdaşlıq edəcəyik. İlk dəfə dəniz və enerji hüququ üzrə elmi məktəb həmin universitetdə formalaşıb. Biz bu məktəbi Azərbaycanda sürətli formalaşdırmaq üçün hər hansı mövcud universitetin təcrübəsindən istifadə etməliydik və biz universitetlər arasında müqavilə bağlamışıq. Bu gün BDU-da Tüleyn Universitetindən iki professor bizim müəllimlərlə mütəxəssis hazırlığına başlayıblar. Sentyabr ayında magistrlər auditoriyaya daxil olarkən artıq onlara bizim müəllimlər və ABŞ-dan gələn müəllimlər dəniz və enerji hüququ üzrə mühazirələr oxuyacaqlar. Eyni zamanda tələbə və müəllimlərimiz ABŞ-da praktika keçəcəklər. Bu günkü konfrans həm mütəxəssis hazırlamaq istiqamətində əhəmiyyətə malik olduğu kimi, həm də Azərbaycanda bu istiqamətdə yeni elmi məktəbin yaradılmasının əsasını qoyan tədbir oldu. Ona görə bu tədbirə böyük əhəmiyyət verirəm. Prezident İlham Əliyev Azərbaycan alimləri qarşısında belə bir tələb qoyub ki, Azərbaycanının iqtisadi potensialını intellekt kapitalına çevirək. İntellekt kapitalı isə qlobal düşüncəli olmalıdır. Biz də bu gün Azərbaycanı və dünyanı maraqlandıran dəniz və enerji problemlərini qlobal düşüncələr müstəvisində həll etmək istəyirik. Bu konfrans bu işə böyük dəstək verə biləcəkdir”.
BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev isə “Hüququn yeni bir istiqaməti kimi dəniz və enerji hüququnun inkişafı: tarixi aspektlər, dünya dövlətlərinin praktikası və Azərbaycan Respublikası” mövzusunda çıxış edərək bildirdi ki, dünya nə qədər sürətlə inkişaf etsə və nə qədər inteqrasiyaya məruz qalsa, yeni problemlər ortaya çıxaraq yeni istiqamətlərin müzakirəsinə başlayacağıq. Onun sözlərinə görə, belə istiqamətlərdən biri də hüququn yeni bir istiqaməti kimi dəniz və enerji hüququnun inkişafıdır. “Bu gün heç kimdə şübhə doğurmur ki, enerji problemi, o cümlədən dəniz problemlərinin həlli yalnız beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində mümkündür. Bu isə qeyd edilən istiqamətdə də beynəlxalq və milli hüquq çərçivəsində mühüm addımların atılmasını tələb edir. Belə sferalardan biri də dəniz və enerji sferasında hüququi münasibətlərin tənzimlənməsi zərurəti və müvafiq hüququ qaydasının formalaşmasıdır”,- deyə Ə.Əliyev bildirdi.
Hazırda rəhbərlik etdiyi fakültənin bakalavr pilləsində dəniz və enerji hüququ üzrə seçmə fənlərin tədris olunduğunu deyən Ə.Əliyev növbəti tədris ilindən bu sahə üzrə magistr hazırlığı aparılacağını qeyd etdi: “Hesab edirəm ki, bu istiqamət çox uğurlu nəticələrə gətirib çıxaracaq. Belə ki, bu sahədə təhsildə Amerika və Qərb modelinin formalaşması eyni zamanda həmin dövlətlərlə əməkdaşlıq formalarının və xüsusiyyətlərinin inkişafına, daha sonra elmi məktəblərin formalaşmasına və inkişafına gətirib çıxaracaq”.



Aqil ASLAN