Modern.az

“Xocalının Mixayılosu”nun adı əbədiləşdirildi - VİDEO+FOTOLAR

“Xocalının Mixayılosu”nun adı əbədiləşdirildi - VİDEO+FOTOLAR

Aktual

11 Aprel 2023, 10:48

Birinci Qarabağ müharibəsində Xocalı şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Tofiq Hüseynovun barelyefinin açılışı olub.

 

Modern.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən mərasimdə Xocalının deputatı Elman Məmmədov, Dövlət Komitəsinin nümayəndələri, Milli Qəhrəmanın övladları, nəvələri, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin direktoru və müəllim heyəti, eləcə də media nümayəndələri iştirak edib.

 

"Xocalının Mixayılosu" ləqəbi ilə tanınan Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun barelyefi Sabunçu rayonu Ramana qəsəbəsində yerləşdirilib. Tədbirdə əvvəlcə Azərbaycan himni səsləndirilib, daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Şəhidimiz 19 aprel 1954-cü ildə Xocalı şəhərində anadan olub, 1961–1971-ci illərdə burada məktəbə gedib, elə burada da şəhid olub.

 

 

Açılış mərasimində Tofiq Hüseynovun silahdaşı, Azərbaycan Respublikası Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov çıxış edib. O, uşaqlığını və gəncliyini şəhidimizlə birlikdə keçirdiyini xatırlayıb:

 

"Ömrününü sonlarına qədər əlaqəmiz olub. Aramızda 4 yaş fərq var idi. Tofiq Hüseynov hərbi xidməti başa vurub gələndən sonra bütün həyatını hərbiyə həsr etmişdi. O, hərbidən qayıdandan sonra Xocalı orta məktəbində ibtidai hazırlıq müəllimi kimi əmək fəaliyyəti ilə məşğul olmağa başladı. Həmişə şux yeriyən, nizam-intizamlı, boylu-buxunlu, bacarıqlı bir müəllim, Azərbaycan gənci idi. 1988-ci ilin fevralından düşmənlərimiz ermənilər qondarma “Dağlıq Qarabağ” məsələsini  ortaya atan gündən hamımız birlikdə mənim rəhbərliyim altında Xocalının müdafiəsinə qalxdıq. Bu müdafiədə həmişə öndə olanlardan biri də Tofiq Hüseynov idi.  1991-ci ilin payızına daxil olanda Azərbaycanda Müdafiə Nazirliyi yaradıldı. Bu ərəfədə bizə torpaqların müdafiəsi üçün yerlərdə özünümüdafiə taborlarının yaradılması tapşırıldı. Biz məsləhətləşdik, götür-qoy etdik. Ziyalılarla, ağsaqallarla məsləhətləşdik. Hamımız bu batolyonun komandiri kimi Tofiq Hüseynovun seçilməsində ortaq qərara gəldik. Belə də oldu. Mən Müdafiə Nazirliyinə təqdimat məktubu göndərdim. Tofiq Hüseynovu Xocalı batolyonuna komandir təyin etdilər".

 

 

"Xocalıda bir nəfər də olsa, hərb təhsili almış şəxs yox idi. O batolyonda nizam-intizam yaratmaq, batolyonun təminatı ilə məşğul olmaq, mülki insanları hərbiyə öyrətmək çox çətin idi. Tofiq Hüseynov bu məsələrin öhdəsindən gəlməklə məşğul idi. Batolyonun döyüşçüləri son ana qədər öz komandirlərinin rəhbərliyi ilə qəhrəmanlıq nümunələri göstərirdilər. Xocalı hər tərəfdən erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bu mühasirə şəraitində yaşamaq, müdafiə olunmaq çox çətin idi. Xocalı batolyonu bu çətinliyin öhdəsindən gələ bilirdi. Əgər ermənilərin kənardan havadarları olmasa idi, xocalılar müdafiəni davam etdirəcəkdi. Tofiq Hüseynov vətənpərvər övlad oldu.

 

Onun ailəsinin çox hissəsi-həyat yoldaşı, atası, anası, 30-dan çox qohum-əqrabası şəhid edilib. 1992-ci ilin 25-dən 26-na keçən gecənin bir yarısı hamımız döyüş mövqeyində olduq.  Yanımızdan keçib, ata evinə gəlib, silah-sursat götürüb bir daha ön xəttə qayıtdılar. Xocalı batolyonunun komandiri son ana qədər döyüş mövqeyini tərk etmədən, axır məqama qədər döyüşdü. Sonda qəhrəmanlıqla şəhid oldu. Tofiq Hüseynova, eləcə də bütün şəhidlərimizə Allah rəhmət etsin. Biz şəhidlərimizin sayəsində rahat durub söhbət edə bilirik. Biz xocalıların bir arzusu var. O da Xocalının azad edilməsidir. Tofiq Hüseynovun və digər xocalıların ruhu onda şad olacaq. İnanırıq ki, digər işğaldan azad olunmuş ərazilər kimi, Xocalımız da işğaldan azad ediləcək. Xocalıda Şəhidlər Xiyabanı da, şəhidlərimizin adını əbədiləşdirən abidələrimiz də olacaq. Ali Baş Komandanımızın rəhbərliyi altında Xocalıya da qayıdacağıq”, - deputat deyib.

 

 

Çıxışın ardınca Milli Qəhrəmanın yadigarı olan kiçik Tofiq Hüseynov tədbir iştirakçılarına gəldikləri üçün təşəkkürünü bildirib.

 

Qaçqınlar və Məcburi Köçkünlərlə İşlər üzrə Dövlət Komitəsinin Mənzil-istismar departamentinin nümayəndələri isə daim belə uğurlu addımlarla vətəndaşlara xidmət edəcəklərini vurğulayıblar.

 

 

Daha sonra "Modern Media Group"un rəhbəri, "Böyüməyən uşaqlar" kitabının yazarı, Əməkdar jurnalist Elşad Eyvazlı çıxış edib.

 

“Dövlətimizin qayğısı və dəstəyi ilə Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Tofiq Hüseynovun adının əbədiləşdirilməsi istiqamətində atılan bu addımı alqışlayırıq. Hesab edirəm ki, belə addımlar davamlı olacaq. Digər Milli Qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi istiqamətində işlər görüləcək. Torpaqlarımızın işğaldan azad olunması çox mühüm hadisədir. Yaxın zamanlarda biz Xocalıya da, Xankəndiyə də gedəcəyik. Hətta Zəngəzurdan Türkiyəyə gedəcəyiksə, deməli, Xocalıya qayıdış mütləq olacaq. Tədbirin təşkilatçılarına təşəkkür edirəm. Qeyd etdiyiniz kitab barədə danışmaq, bir-iki söz demək istərdim. Mən özümü o 25-lərin ailə üzvü hesab edirəm. Allah bir də belə olayları bizə qismət etməsin”.

 

Milli Qəhrəmanın nəvəsi Aylin Hüseynova babası haqqında göz yaşları içində şeir söyləyib.

 

 

Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova isə şəhərdə məktəblərdən birinə atasının adının verilməsinin onu təsəlli edə biləcəyini diqqətə çatdırıb.

 

"Mən Xocalı faciəsi zamanı iki valideynimi də şəhid vermişəm. Mənim 11 yaşım var idi. Biz iki bacı, bir qardaş valideynlərimizi itirdik. Şəhid, Milli Qəhrəmanın qızı kimi həmişə qürur duyuram ki, mən belə bir igidin qızıyam. Atamın döyüş fəaliyyəti mənim gözümün qarşısındadır. Ovaxt azyaşlı olsam da, atamın bir çox döyüş yolları mənim xatirimdədir. Bozdağ, Meşəli əməliyyatında böyük qəhrəmanlıqla bir çox körpəni, qadını, qocaları xilas etdi. Meşəli əməliyyatından qayıdan zaman əməliyyatdan bəhs edərkən bir körpə uşağı xilas etməsindən qürurla danışırdı. Elə bil bir nağıla qulaq asırdım. Həmin vaxt düşünmürdüm ki, belə bir durumda mən də olacam. Ermənilər qocalara, körpələrə, qadınlara amansızcasına divan tutdular. Bizim təsəllimiz 44 günlük Vətən müharibəsi, bu zaman qazandığımız qələbə oldu. Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də şəhid və qazilərimizə borcluyuq. Bu gün öz şagirdlərimə 5 dəqiqə şəhidlərimiz barədə danışıram. Mənim sinifimdə 2 şəhid övladı, bir şəhid nəvəsi təhsil alır. Bunlar arasında şəhid polkovnik-leytnant Zaur Cəfərovun qızı Zəhra Cəfərli, öz atasının adını daşıyan Tural Əhmədov var. Həmin bu küçəyə mənim atamın adının verilməsi mənim üçün təsəlli olar.  Düzdür, nə bir məktəbə, nə bir yerə onun adı verilməyib. Belə bir qəhramanın adı əbədiləşdirilməlidir. Bir şəhid övladı kimi mən bunu istəyirəm”.

 

 

İnsanlıq əleyhinə cinayətlər törətmiş ermənilər yüzlərlə uşağı atasız qoyub. O uşaqlardan biri də aşağıdakı şəkildə gördüyünüz hərbi forma geyinmiş qızdır. Onun bir yanı əskikdir. Çünki qızlar üçün ataları ən əziz varlıqdır. Onların ilk qəhrəmanları məhz atalarıdır. Bu balaca qızın atası isə sözün əsl mənasında qəhrəmandır. Çünki o həqiqətən haqsızlığa qarşı vuruşub, müqəddəs Vətən torpağı üçün canından keçib. Məktəbli qızın Milli Qəhrəman Tofiq Hüseynovun barelyefinin açılışında şəhidimizin şəklinə baxarkən fərqli hisslər keçirdiyi hiss olunurdu. Gözləri, sanki, doğmasını görmüş kimi parıldayırdı. Çünki onun da atası Milli Qəhrəman Tofiq Hüseynov kimi canından çox sevdiyi vətəni uğrunda şəhadətə yüksəlib...

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?