İyulun 19-da Beynəlxalq Mətbuat Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)-in maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən hazırlanmış BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında Konvensiyasının tələblərinin (Konvensiyanın 10, 11, 12, 13, 14 -cü maddələri) Azərbaycanda icra vəziyyəti ilə bağlı Alternativ hesabatın təqdimatı keçirilib.
Tədburdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Kounterpart İnterneşnlın, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin,
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin, Təhsil, Əmək və Halinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunu təmsilçiləri, QHT nümayəndələri iştirak ediblər. Tədbiri salamlama nitqi ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova açıblar.
Ə. Nuriyev və R.Hüseynova layihə çərçivəsində görülən işlər, regionlarda keçirilən ictimai dinləmələr, hazırlanan və yayımlanan nəşr məlumatları haqqında məlumat verib. Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Sacidə Əbdülvahabova BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında Konvensiyasının tələblərinin Azərbaycanda icra vəziyyəti ilə bağlı hazırlanmış Alternativ Hesabatı təqdim edib. Hesabat Konvensiyanın 10, 11, 12, 13, 14-cü maddələrini və üç istiqamətini (Təhsil; Səhiyyə; Qadın sahibkarlığı) əhatə edir. Qeyd edək ki, hesabatın hazırlanmasında məqsəd ölkədə qadınların vəziyyətləri ilə bağlı olan problemli sahələri göstərmək, hökumətə və digər müvafiq təşkilatlara müəyyən tövsiyələri verməkdir. Sənəddə qadınların təhsilə, əməyə, sahibkarlığa cəlb olunması ilə bağlı ətraflı araşdırma və bir çox statstik məlumatlar,göstəricilər yer alıb. Eyni zamanda qadınların səhiyyəyə çıxışı və tibbi xidmətlərlə bağlı araşdırma aparılıb.
Təqdimatdan sonra hesabat müzakirə edilib və bütün tərəflərin hazırlanan sənədlə bağlı rəy və təklifləri dinlənilib. Eyni zamanda “Konstitusiya” Araşdırmalar Fondu və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən Azərbaycanda gender siyasətinin həyata keçirilməsi ilə bağlı Tövsiyyələr hazırlanıb.
A.Əliyeva