Modern.az

Kamal Abdullanın şərhinə sözardı

Kamal Abdullanın şərhinə sözardı

Aktual

19 İyul 2013, 17:52

Əziz Rzazadə

Mənim “Kamal Abdullanın hava öpüşü” adlı köşə yazıma (//www.aznews.az/site/?c=news&id=30807 ) yazıçının bu qədər cırnayacağını, dözümsüz və kinayəli şərh verəcəyini gözləmirdim. Fikirləşirdim ki, bunu onun yerinə, həmişə olduğu kimi, başqaları – rəsmən maaş alan və maaş cədvəlində rəsmən adı olmayan təəssübkeşlər cavab verəcək (Hələ bilmək olmaz, bəlkə də səsləri sonradan çıxdı).

Şərhində yazıb: “Yox axı, mən hər kəlməbaşı deməliydim ki, bağışlayın, Əziz müəllim, olar mən belə deyim, ya yox?! İcazə verirsinizmi, Yazıçılar İttifaqında kiminsə adını çəkim? Bilməmişəm, vallah. Gələn səfər belə edərəm. Bilirsiz, adamı ağrıdan nədir? Komplekslərindən xilas olmayan adamlar səni ittiham edirlər. İttiham etmək, "təkəbbür, təkəbbür" deyə-deyə məni pis durumda qoymaq cəhdi, əzizi-mən, gülməlidi. Tanıyan tanıyır, tanımayan da öz (!) nəticəsini çıxarıb tanıyar”.

Nə deyim?

Mənim kimsəyə, o cümlədən Kamal Abdullaya yazı yazmağı öyrətmək kimi kompleksim yoxdur. Doğrudur, yazı yamaq vərdişlərini bəzi şəxslərə öyrətməyə səlahiyyətim çatır və bu gündəlik işimdir – ixtisasımdan (jurnalist) və tutduğum vəzifədən (redaktor) irəli gələn iş. Amma hər halda bunun konkret olaraq Kamal Abdulla (və ədəbiyyatla) heç bir əlaqəsi yoxdur. Nə təkəbbür pərdəsi gözümü tutub, nə də o dərəcədə manyaklaşmamışam ki, kimə-kimə, Kamal Abdullaya yazı yazmağı öyrədim. Mən özüm ömrün vəfa etdiyi qədər şəyirdəm, yazmağı öyrənirəm...

Müsahibəsində deyilən və şərhində xatırlanan Yazıçılar Birliyi ilə bağlı iradlara gəlincə, Kamal Abdullanın bu təşkilatla bağlı narahatlıqlarını kənar, – xüsusi vurğulayıram, – AYB üzvü olmayan, yalnız kənar müşahidəçi kimi bölüşürəm. AYB ilə bağlı həqiqətən düşündürücü və islaha ehtiyaclı çoxsaylı problemlər var. Bu mənada Kamal Abdullanın qayğılı durumuna qatılıram. Amma AYB-ni tənqid edərkən Kamal Abdullaya kiminsə adını çəkmək-çəkməmək tövsiyəsini vermək niyyətim əvvəldən olmayıb. Vallah! Heç indi də yoxdur.

Əgər söhbət Kamal Abdullanın AYB katibi Çingiz Abdullayevə ünvanlanan kinayəli replikası ilə bağlı qeydimdən gedirsə, detektiv romanların müəllifi və PEN-klubun prezidenti kimi tanınan yazıçı haqda qəti fikrim budur: Çingiz Abdullayevin dəyərli yazıçıdır, şəksiz, amma rus dilində yazan Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatı ilə heç bir bağlılığı yoxdur. Bunu birmənalı şəkildə deyirəm. Çünki milli ədəbiyyat Azərbaycan türkcəsində olmalıdır. Bu günün – millət-dövlət çağının meyarları ilə orta əsrlərin siyasi sərhədlərə sığmayan mədəni-coğrafi areallarının (“Xilafət ədəbiyyatı”, “İran ədəbiyyatı”) qəlibləri uyuşmazdır.

Bir daha AYB ilə bağlı tənqidi açıqlamalara qayıdıram. “Təxmini də olsa, mənimlə AYB-nin münasibətləri bu cür qiymətləndirilə bilər. Böyük bir təşkilatdır. Çox iş görür, amma daha çox iş də görə bilər. İndi hərdən kimsə küsür, kimsə cığallıq, kimsə yekəbaşlıq edir, olsun. Amma orası da var ki, AYB-nin özünün də ədəbiyyat qarşısında etibarı get-gedə azalmaqdadır. AYB-dəkilər Anarı da pis durumda qoymaqdadırlar. "İçəridə nə baş verir?" - bu gün ədəbiyyat cameəsini bu sual əməlli-başlı silkələyir. "Örtülü bazar – dostluğu pozar" prinsipi işləməyə başlayıb. Ümumiyyətlə, bir çox suallar vardır ki, mənim o suallara cavabım yoxdur. İnanmaq istəyirəm ki, Anarın o suallara cavabı var.
AYB-dən isə nə soyumuşam, nə də soyumamışam. Sadəcə, o elə bir təşkilata dönüb ki, get-gedə maraqsızlaşıb. Mən AYB-də neyləyə bilərəm ki? Düz-əməlli bir ədəbi orqanı yoxdur ki, çap olunmaq istəyim, mükafat verməyəcəklər, təqaüdə düşmə şansım və arzum sıfır... Maraqlı, ədəbiyyatı, cəmiyyəti sarsıdan, həyəcana gətirən polemikaları, diskussiyaları yox... Mənim üçün AYB-nin bir qiymətli dəyəri var ki, o da Anarın özüdür”.

Bu iradlara əlavə ediləcək heç bir sözüm yoxdur. Amma AYB – könüllü üzvlük əsasında təşkil olunmuş birlikdir, onun durumuna AYB üzvləri bərabər dərəcədə, şərikli cavabdehlik daşıyır. Və bu birlikdə irinli nöqtələr varsa, onların çürüməyə dönməsini gözləmədən xəstə yerə məlhəm qoymaq lazımdır.

Məncə, bu məsələdə ən pis seçim AYB üzvü ola-ola AYB-dən kənarda qalmaqla onun müayinəsi aparmaq, ona diaqnoz qoymaqdır. Daha betəri isə Azərbaycan təcrübəsində, çox vaxt gördüyümüz kimi, hər şey ifrat dərəcəyə çatanda hay-həşir qaldırmaq, çürümüş əzayla bərabər, çox vaxt sağlam orqanı da bu gümanla kəsib atmaqdır ki, yəqin, o da xəstəliyə yoluxub, yaxud yoluxma ərəfəsindəydi...

Mən AYB üzvü deyiləm, hələ ki belə bir niyyətim də yoxdur. Düşünürəm ki, AYB-nin “ədəbiyyat” sözünün sinonimi kimi işlətməyin özü qəbahətlidir. Çünki ədəbiyyat AYB-dəki hansısa otaqda yaranmır. Heç kim Anarı, yaxud digər bir şəxsin oturduğu kürsüyə yan alıb, “Bir az kənara çəkil, mən də oturum, əsər yazıram” deyə onu qısnamır, yerini daraltmır. Ədəbiyyat fikrən geniş, ilham pərisi üçün doğma, mərhəm yerdə, hər bir şairin, yazıçının şəxsi otağında, şəxsi masasında yaranır.

“...mükafat verməyəcəklər, təqaüdə düşmə şansım və arzum sıfır...”

Kamal Abdullanın mükafat və təqaüd alıb-almadığını dəqiq bilmirəm. Onu bu yöndə sorğulamaq, tərs suallarla küncə dirəmək fikrimdən belə keçmir. Amma çoxları AYB-yə məhz bu cür yanaşır – AYB: “yazıçılar” üçün ünvanlı sosial yardım mərkəzi. Bu düşüncədə olan fürsətçi, müftə nahar yeməyi həvəskarlarının cibləri boşalan kimi “gurultulu bəyanatlarla” AYB-ni tərk edirlər.

...Ona görə də “AYB-dəkilər Anarı da pis durumda qoymaqdadırlar” cümləsinin ardınca dərhal kimlərin günah işlətdiyini və konkret nə günah işlətdiyini demək lazım idi. O zaman “İçəridə nə baş verir?” sualına da tam aydınlıq gələrdi; Anarın suallara cavabı da olardı...

Və sonda: “AYB-nin bir qiymətli dəyəri var ki, o da Anarın özüdür” cümləsinin mənası anlaşılmır. Belə çıxır ki, Anardan başqa AYB-dəkilərin hamısı dəyərsizdir. Deyək ki, Hüseynbala Mirələmov dəyərsizdir. Bu, şəxsi fikrimdir. Bəs qalanları? Bir neçə adamı sadalayım: Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Aqil Abbas, hətta rəsmən AYB-də qalmış Əkrəm Əylisli, Ramiz Rövşən, Çingiz Abdullayev kimi Azərbaycan ədəbiyyatından çıxdaş etdiyim Rüstəm İbrahimbəyov...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı