Millət vəkili Qənirə Paşayeva uzun müddətdir səhhətində ciddi problemlər olan Qarabağ qazimiz Rüxsarə (Tutu) Cumayevaya baş çəkib. Deputat Rüxsarə Cumayevanın əməliyyatı üçün Türkiyənin Azərbaycandakı səfirinə telefon açaraq ondan kömək istəyib:
“Sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında sağlıq durumu çətin olan, ayaqları tutulduğundan yeriyə bilməyən və qısa zaman içərisində Türkiyədə təcili əməliyyata ehtiyacı olan Qarabağ qazimiz Rüxsarə (Tutu) Cumayeva inşallah qısa zamanda Türkiyədə müalicə olunaraq Allahın və yaxşı insanların köməyi ilə yenidən sağlamlığına qovuşa biləcək! Mən belə bir şad xəbəri sizinlə paylaşarkən, bu istiqamətdə bizim xahişlərimizi nəzərə alıb öz köməyini əsirgəməyən Türkiyənin Azərbaycandakı böyükelşisi, dəyərli qardaşımız Alpər Coşğun bəyə təşəkkürümü bildirirəm. İki gün öncə Rüxsarə xanımı ziyarət etməyə getmişdim. Onun sağlıq durumunun daha da pisləşdiyini gördüm və Alpər bəyə zəng edərək, Qarabağ qazimizin durumu, onun Türkiyədə təcili əməliyyata ehtiyacı olması, habelə Rüxsarə xanımın əməliyyat və müalicə üçün maddi imkanının olmaması barədə danışdım. “Mütləq kömək edərik” dedi və aradan cəmi bircə gün keçdi ki, gözlədiyimiz xoş xəbər verildi! – Türkiyə tərəfi onun müalicəsini öz üzərinə götürdü və Rüxsarə xanım Ankarada tam müalicə olunacaq, inşallah. Rüxsarə xanımın biletlərini aldıq və o bazar etrəsi artıq Türkiyəyə yola düşəcək. Bir az öncə Türkiyə böyükelçiliyinin konsul yardımçısı, dəyərli qardaşımız Behzat bəylə danışdıq və o artıq xəstəxanada Rüxsarə xanımı gözlədiklərini dedi. Bir daha Türkiyənin Azərbaycandakı böyükelçisi, dəyərli dost Alpər Coşğun bəy başda olmaqla böyükelçiliyin kollektivinə təşəkkür edirəm. Rüxsarə xanıma isə qısa zamanda sağalıb əzizlərinin yanına qayıtmasını arzulayıram.
***
…Bir çoxları onu Tutu xanım kimi tanıyır. Qarabağ müharibəsi qazisi, veteranıdır (müharibə zamanı hərbi tibb bacısı kimi işləyib). Onu bəzi tədbirlərdə görmüşdüm. Bir gün onun sağlamlıq və yaşayışı ilə bağlı ciddi problemləri olduğunu eşitdim. Rüxsarə xanımın yeganə övladı olan qızı Rəqsanənin mətbuat orqanlarının birində çap olunmuş məktubu, sözün həqiqi mənasında, oxuyan hər kəs kimi mənim də ürəyimi sızlatmışdı. Balaca qız yazırdı: “Əziz dostlar, mənim anam Qarabağ müharibəsinin iştirakçısıdır. Neçə-neçə əsgərləri həyata qaytaran anamın indi özünün həyata qayıtmağa ehtiyacı var, amma mənim gücüm çatmır onu geri qaytarmağa. Sizlərdən, bütün vətənpərvər insanlardan dəstək istəyirəm. Anam artıq ikinci dəfədir ki, yerimək problemi ilə qarşılaşıb. Ayağını əməliyyat etdirmək üçün Türkiyəyə getməlidir. Bu həyatda mənim ondan başa dayağım, kimsəm yoxdur. Tutu xanım sınası və məğlub olası insan deyil, sadəcə bu gün onu bu halda itimək istəmirəm, səsimi duy, ey Azərbaycan!”
İki gün öncə isə Rüxsarə Cumayevanı ziyarətə getdim. Çox kiçik – bir otaqlı evində divanda oturmuş Rüxsarə xanımın səhəttinin getdikcə pisləşməsini hiss etmək çətin deyil. Əsaların köməkliyi ilə çox ağır-ağır yeriyir. Və təbii ki, yeriyə bilməməsi onun bütün sağlamlıq sisteminə də ciddi problemlər yaradır.
Rüxsarə xanım xəstəliyinə və çətinliklərə baxmayaraq, gözəl qzı Rəqsanəni yaxşı tərbiyə etməklə yanaşı, bu gün də gənclər arasında vətənpərvərlik ruhunun artırılması istiqamətində əindən gələni edir. Daha çox başqaları ilə bağlı danışır. 1 saatdan çox davam edən söhbətimizdə şəhid olmuş 15 azərbaycanlı bacımızdan, onlarla bağlı daha çox tədbirlərin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi ilə bağlı… Qarabağ müharibəsi iştirakçısı olmuş qadın qazi¬lərimiz, onların problemləri ilə bağlı…
Bunları niyə deyirəm? – Qarşımda çətinliklərdən qorxmayan, iradəli, mübariz bir Azərbaycan xanımı var idi. Üzləşdiyi problemlərə, yaşadığı çərinliklərə baxmayaraq, Vətən üçün etdiklərini minnətlə söyləməyən, “etdiklərim mənim borcum idi, bunun üçün Vətənə, millətə minnət qoymaq olmaz. Vətəni gerçəkdən sevən insan bunu etməz” deyən və “bu gün də Vətən çağırsa, nədə yararlı ola bilərəmsə, sevə-sevə gedib xidmət edərəm” deyəcək qədər məğrur və səmimi bir qadın, bir qazi!..
Ağrılarına baxmayaraq, oruc tutan, içərisi Yaradana və insanlığa sevgi ilə dolu bir xanım, bir ana, bir qazi..!
İnanıram ki, o tezliklə müalicə olunub sağalacaq və toplum üçün yararlı olmaq istiqamətində çalışmalarını davam etdirib, gözəl qızını böyüdəcək.
Necə gözəl günlər diləyi ilə…”
Modern.az