Modern.az

Bakının Binəqədi rayonunu ABŞ-ın Kaliforniya ştatı ilə nə birləşdirir? - Layihə

Bakının Binəqədi rayonunu ABŞ-ın Kaliforniya ştatı ilə nə birləşdirir? - Layihə

Aktual

26 Dekabr 2013, 10:43

Abşeronun kəndində Açıq Neft Muzeyi də yaradılacaq


Abşeron yarımadası qədim insanın yaşadığı ərazilərdən biridir. Burda insanlar hələ 20 min il əvvəl məskunlaşıblar. Bunu bütün yarımadada təsadüf edilən tunc və erkən dəmir dövrünə aid kurqanlar, qədim insan məskənləri sübut edir. Ancaq ata-babalarımızın burda dinc yaşamaq niyyətlərinə həmişə mane olanlar tapılıb. Yarımadanın geostarateji mövqeyi müxtəlif işğalçıları özünə cəlb edirdi. Elə bu səbəbdən də Bakının 32 kəndində 30-dan çox müdafiə qalası tikilib.

Binəqədi də Abşeronun qədim-qaim kəndlərindən biridir. Tarixçi-etnoqraf Əlibaba Babayev deyir ki, bu toponim haqqında tarixi mənbələrdə dəqiq məlumat olmasa da, əhali arasında “Binəqədi” adı müxtəlif cür yozulur. Deyilənə görə, əvvəl onun adı “Bineyi qədim”, sonra “Bineyi-qazi”, nəhayət formalaşaraq “Binəqədi” olub.

Məşğuliyyət

“Əhalinin təsərrüfatında əkinçilik, heyvandarlıq, toxuculuq özünə xüsusi yer tutub. Əncir və üzüm bağları Abşeronun bəzəyidir. Ancaq bütün dövrlərdə bakılıların əsas qazanc mənbəyi duz istehsalı olub. Camaat arasında “Şor göllər” kimi tanınan su hövzələrinə yarımadanın bir çox yerlərində, o cümlədən də Binəqədidə də rast gəlmək olar. Kəndin ətrafında olan duz gölləri uzun illər əhalidən öz bərəkətini əsirgəməyib. Müharibə vaxtı insanlar duzla dolanıblar. Biləcəridən gətirilən duzu kirkirədə çəkib bankalara doldurub vaqonlarda satırdılar. Əldə olunan gəlirlə əhali birtəhər dolanırdı”, – Əlibaba Babayev deyir.

Binəqədinin təbiəti

Buranın relyefi təpəli-düzənli relyef strukturuna malikdir. Bu ərazilər həmçinin geoseysmik olduğundan tez-tez dəyişikliyə uğrayır. Dünyada olan palçıq vulkanlarının üçdə biri Azərbaycanın payına düşür. Onların yerləşdiyi ərazilər qoruq statusu alıb və qorunur. Binəqədi ərazisində fəaliyyət göstərən “Keyrəki” vulkanı heç də göründüyü kimi sakit deyil. Hər an təhlükə deməkdir.

“Bakı tarixən neftin emalı ilə öyünüb. On min illər əvvəl Binəqədi kəndinin yerləşdiyi təpənin ətəkləri də neft layları ilə örtülü idi. Burada qamışlıqla əhatə olunan şirin sulu göl yaranmışdı. O vaxtlar Abşeronun relyefi savanna ,iqlimi rütubətli idi. Yarımsəhra yerlərdə vəhşi heyvanlar gəzib dolanırdı. Gölün üzərindən köçəri quşlar uçurdu. Heyvanların su içmək üçün bu gölə gəlirdi. Təmiz su sahildən uzaqda olduğundan heyvanlar suya çatmaq üçün sahilyanı neft layından keçməli olurdu. Lakin yapışqan qatlı neft onları çəkib udur, öz kütləsində batırırdı. “Binəqədi neftli gölü” zaman keçdikcə quruyaraq qalın qır yatağı əmələ gətirdi. Kəndin yaxınlığındakı qır yataqlarında müxtəlif heyvan və bitki qalıqlarının toplandığı qəbiristanlıq məhz belə yaranıb. Bu abidə 1938-ci ilin fevral ayında Geoloji İnstitutun sənaye fakültəsinin tələbəsi Məstanzadə tərəfindən aşkar olub. Bundan sonra burada ilk qazıntı işləri gedib. Çoxlu heyvan və bitki qalıqları aşkar olundu. Lakin sonralar qazıntı işləri bir müddət dayandı, yalnız 1947-1953-cü illərdə yenidən bərpa olundu”.

Arxeoloji qazıntılar

Ə. Babayevi sözlərinə görə, Binəqədi kəndində aparılan paleontoloji qazıntılar zamanı burada kökü kəsilmiş 300-ə yaxın heyvan və 22 bitki növü aşkar edildi. 80-ci illərdə bura zibilliyə çevrilib. Lakin 2012-ci ildən burada 3-cü ekspedisiya yaradılıb. Burada əhəmiyyətli su hövzəsində tapılmış 3 kərgədanın skeleti olub. Həmin skeletlər yenidən bərpa olunub və muzeydə nümayiş edilib. Azərbaycanın hətta dünyanın ən nadir tapıntılarından olan dördüncü dövr Binəqədi fauna və florasının ərazisində (ABŞ-ın Kaliforniya ştatından sonra ikinci) Nadir Fauna Flora Muzeyi yaradılacaq. Həmçinin burada “Açıq Neft Muzeyi”nin yaradılması da nəzərdə tutulur. Burada tapılan nadir tapıntıların bir qismi elə təbiət abidəsinin iş otağında, böyük bir qismi isə Zərdabi adına Təbiət və Tarix Muzeyində saxlanılır.

Binəqədi yaxınlığında quyudan tapılan qadın məzarı diqqəti cəlb edir. Eramızın 2 minilliyinin ikinci yarısına aid son tunc dövrünə məxsus  qadının üzərində çoxlu tunc zinət əşyaları olub. Bu isə hələ o dövrdən burada yaşayış olduğunu göstərib.

Abidələr

“Bir çox rayonlarda olduğu kimi, Binəqədidə də məscidlər var. Buradakı “Cümə” məscidini kənd ağsaqqalı Hacı Əmrah tikdirib. Məscid də onun adını daşıyır. Kitabədən məlum olur ki, abidə 1818-ci ildə, miladi təqvimlə isə 849-cu ildə tikilib. 1909-cu ildə bina kiçik olduğu üçün binaya yeni hissə əlavə olunur. 5 il sonra isə məscidin 32 metrlik minarəsi ucalır. 1960-cı illərdən isə məscid taleyinin acınacaqlı tarixi başlayır. Sökülmək təhlükəsiylə qarşılaşır, yanır. 1985-1989-cu illər arasında yenidən bərpa olunur.

Əhalinin su problemmi olduğu vaxtlarda Hacı Əmrah bir neçə ovdan tikdirib. Onun digər bir xidməti isə elə öz adını daşıyan hamam inşa etməsidir. Hamam 1915-1916-cı illərdə tikilib. Əsasən soyunub-geyinmə zalından, yuyunma zalından və xəzinə hissəsindən ibarətdir. Memarlıq quruluşuna görə düzbucaqlı formasındadır. Üzərində iki günbəz var. Sovet hakimiyyəti illərindən hamam fəaliyyətini dayandırdı”.

Əhalinin şücaəti

“1918-ci il mart hadislərində Binəqədi camaatı fəal oldu, düşmənə qarşı ciddi vuruşdu. Ermənilər Biləcəri-Xocasən yolundan Binəqədi kəndinə girdi. Kürdəxanılı Məşədi Adilin dəstələri, o cümlədən Qüdrət Şükürov, Azan Şükürov qardaşları ermənilərə qarşı əhalinin müdafiə edilməsində böyük rol oynadı”.

Müasir Binəqədi

Rayon ərazisində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə – Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Mərkəzi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat İdman Mərkəzi və 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı, 4 texniki peşə liseyi, 3 musiqi məktəbi, Bakı Humanitar Kolleci və 2 ali təhsil müəssisəsi – Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutu fəaliyyət göstərir. 8 kitabxana, 1 Mədəniyyət evi, 1 kənd təsərrüfatı muzeyi, 19 mədəniyyət abidəsi (onlardan 16-sı ölkə, 3-ü isə yerli əhəmiyyətlidir), 5 mehmanxana (3-ü dördulduzlu) fəaliyyət göstərir

Rayonda Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, 10 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyində olan 12 tibb müəssisəsi, Əlilərin Bərpa Mərkəzi və s. fəaliyyət göstərir.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı