Şəhidlik elə bir mərtəbədir ki, onu tərif etmək, o mərtəbəni hər hansı bir yazıyla təsvir etmək olmaz. Şəhidliyi təsvir etmək üçün ya o zirvəyə çatmalısan ya da... Bax bu məqam çox həssasdır. Şəhid yox, qazidə olub şəhidlərin ruhunu dinləndirmək olur. Düzdü, indi şəhid olaraq cənnətdə özlərinə yer qarantiləmək istəyənlər Suriyaya üz tutur. Qardaş qanı tökülən bir ölkədə bu zirvəyə nə qədər ucalmaq olar onu deyə bilmərəm. Amma şəhidlik üçün uzağa getməyə, qardaş qanı tökənlərin silahının tətiyi olmaga gərək yoxdu. Bir millətin Qarabağ boyda qara yarası varsa, onu Suriyanın rejim qalmaqalında ölmək sağaltmaz. Məhz ölmək, çünkü mən hansısa bir qruplaşmanın gənclərin beynini yeyərək, “şəhidlik” nağılına inandırdığına əminəm və orda həyatından ölən gənclərin ölümünü isə şəhidlik deyil, intihar hesab edirəm... Azərbaycan şəhidliklə qol-boyun olan ölkədir. Sadəcə yaşımın imkan verdiyi tarixlərdə mənim üçün şəhidlik Ağdamda Əli və Bəxtiyardan başlayıb. Sonra Qarabağda eyni batalyonda döyüşən və eyni gündə şəhid olan xalam və dayım oğlanları... Yüzlərlə şəhidlər... 20 yanvardan başlayan günahsız əliyalın insanalar, bir yataqda deyil, bir məzarda yaşlanan İlham və Fərizə, ölkəmin hər bölgəsində salənan Şəhidlər xiyabanı...
20 yanvar... Yenə minlərlə insanımız əllərində Qərənfil şəhidlər xiyabanına üz tutacaq. Həm 20 yanvarda, həm də Qarabağda şəhid olan ərlərin məzarı qırmızı rəngə boyanacaq. Qara günlü şəhidlərin qırmızı məzarları... Şəhidlərin səsini duymaq mümkün olsaydı kaş. Məzarlarından baxıb acı-acı gülümsəmələrindən o məzarlara düzülən qərənfillər utanıb boynun bükür, biz yox. İndi biz acımızı həfiflətib Şəhidlır xiyabanlnda boy-boy şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşaraq, özmüzü reklam edəcəyik. Məhz özümüzü. Şəhidliyi və bu şəhidlərin nədən o məzarlarda yatdıgını deyil. O şəhidlərin məzarlarında rahatlıq tapmadıği ruhlarını neçə insan düşünəcək? O şəhidlərin qanı tökülən torpaqlarda bu gün ermənilərin gəzdiyini, erməni qızların boy verib şəkil çəkdirdikləri ağlımızın hansı güncündə neçə saniyəlik yer alacaq? Hüzünlü musiqi sədaları altından çıxıb bayagı müsiqilərin qoynuna atıldığımzda o şəhidləri və az öncə ziyarət edib qəmli baxış sərgilədiyimizi unutmayacaqmıyız?
...Şəhidlik zirvədir. O zirvəyə çixmaq da olar, o zirvədə olanları yaşatmaq da. İndi şəhidlik tarixini qeyd etdiyimiz bir anda damarlarımızda axan qanın beynimizdən dövr edib qayıdan anında bir düşünək. 1, 2, 3, 4 və 24 il... Ağla, ağla, ağla. Sonra isə ağlama o xiyabana muzey kimi bax... Nə olacaq? Bunu düşünək. Qarabağlı, qubalı, şəkili, bakılı, kəndli, şəhərli, qaçqın, köçkün olmaqdan çıxıb düşünək. Qarabağda qoyub gəldiyimiz papağın arxasınca getməyin vaxtı deyilmi? Əgər siz vaxtın gəlmədiyin deyirsinizsə, o zaman Şəhidlər xiyabanında qərənfillərin boynun bükməyə davam edək. Ya da gedək Suriyaya... İntihar edib özümüzü şəhid olduğumuza inandıraq.
Deyirlər şəhidlər ölmür. Amma o Şəhidlər xiyabanında yatan oğularımız bir gün ruhlarını da öldürəcək. Öləcəklər ki, yalançı vətənpərvərləri görməsinlər. Gəlin Şəhidləri öldürməyək!