Modern.az

Yaşayış binasında lifti kim təmir etməlidir? - ARAŞDIRMA

Yaşayış binasında lifti kim təmir etməlidir? - ARAŞDIRMA

Aktual

14 Fevral 2014, 13:41


Lift  Bakı sakinlərinin daimi problemidir. Hündürmərtəbəli binalarda yaşayan sakinlər isə liftlərin tez-tez xarab olması sarıdan daha çox əziyyət çəkirlər. Dövlət büdcəsindən liftlərin təmirinə maliyyə vəsaiti ayrıldığı deyilsə də, sakinlər liftlərin təmiri üçün hələ də pul ödəyir. Bir vətəndaş olaraq mən də hüdürmərətbəli binada yaşayıram. Təxminən bir həftə əvvəl lift qəfildən dayandı. Lift idarəsinin işçilərinin baxışından sonra məlum oldu ki, liftin mühərriki yanıb. Bu səbəbdən də sakinlərin hər birindən 15 manat pul yığıldı. Amma lift hələ də işləmir...

Məsələyə aydınlıq gətirmək üçün Modern.az saytı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (BŞMKTD) “Bakı Lift-Təmir“ İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynovla əlaqə saxlayıb.

Onun fikrincə, vətəndaş liftin istifadə qaydalarını kobud şəkildə pozursa, artıq yükləyirsə, qapılarını sıdırırsa, liftin xarab olmasında birbaşa günahkardırsa, onlardan təmir üçün pul tələb edilə bilər: “Həddindən artıq yükləmə zamanı da liftlər sıradan çıxır. Mən başa düşürəm, insanlar təmir zamanı yük daşımalıdır. Amma bu yükü 3 dəfəyə yox, 10 dəfəyə daşısınlar ki, lift də xarab olmasın”.

İdarə rəsmisinin sözlərinə görə, müdaxilə edilmədiyi halda sıradan çıxan liftləri yerli idarələr özü hər zaman təmir edir. Bəs mühərrikin təmiri ödənişlidir? İdarə rəsmisi suala belə cavab verdi: “Əgər vətəndaşın  xidmət haqqı borcu varsa, yalnız xidmət haqqı borcları hesabına ödənilərək mühərrik təmir edilməlidir. Əgər lift xarab olan blokda xidmət haqqı borcu yoxdursa, idarə lazım olan köməkliyi göstərib həmin mühərriki təmir etməlidir. Əgər sakinlərin borcu varsa, o borc ödənilməlidir ki, mühərrik təmir olunsun”.

M.Hüseynov deyib ki, liftin təmiri 151 manata başa gəlir: “Bu məbləğdən yuxarı heç kim bir rəqəm deyə bilməz. Burada konkret rəqəm göstərilir ki, hərc-mərclik olmasın. Kimsə özündən 170, 180, 200 manat qiymət deməsin. 151 manatın 100 manatı materialın, əmək haqqı və dövlət vergisinin payına düşür. Bu məbləğin də qarşılığında vətəndaşa qəbz verilir. Qəbz sayəsində vətəndaş pulu nəyə ödədiyini bilir, yəni kiminsə cibinə getmir. Bu, dövlət büdcəsinə, həmin idarənin işçilərinin əmək haqqına oturur. Əgər vətəndaşlar arasında hər hansı bir şübhə varsa, həmin idarəyə yaxınlaşıb məsələni aydınlaşdıra bilərlər”.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı