Dünya geosiyasi mənzərəsində yeni rus xofu yaratmış Kremlin Gömrük İttifaqı layihəsi Ukrayna hadisələrindən sonra çətin ki gerçəkləşsin.
Əslində Ukrayna hadisələri bu layihəyə Amerika və Avropanın etirazıdır. Moskva Gömrük İttifaqı projesinə əsas həlqə hesab etdiyi Ukraynanı cəlb edə bilməməklə siyasi əsəb gərginliyi keçirir və onun Ukraynaya hərbi müdaxiləsi analitiklər tərəfindən bunun nəticəsi kimi qiymətləndirilir. Belorus, Qazaxıstan, Rusiya və Ermənistanın bir araya gəldiyi birlik əvvəldən onsuz da elə də iqtisadi gücə malik deyildi. Ukraynadakı gərginlik Rusiyanı qəzəbləndirərək sonda ikincinin Krıma qoşun yeritməsi ilə nəticələnməsi onsuz da Rusiyanın əvvəldən Qərb dövlətləri ilə soyuq olan münasibətlərini bir az da sərtləşdirdi. Belə olan təqdirdə, Qərb dairələrinin Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsi gündəmə gəldi. Proseslərin bu şəkildə inkişafı fonunda isə Vladimir Putinin zəif iqtisadi dayaqlara malik Gömrük İttifaqının maliyyə ehtiyatları bir az da tükənəcək. Demək olar ki, bu təşkilatın lokomotivi Rusiya idi. Amma onun iqtisadi böhran yaşayacağı zaman Gömrük İttifaqını nə iqtisadi, sosial, siyasi problemlər məngənəsində boğulan Ermənistan, nə Qazaxıstan nə də Belorusiya xilas edə biləcək. Üstəgəl bu dövlətlər Ukrayna məsələsində hələ də Rusiyanın mövqeyini tam olaraq dəstəkləyən bir bəyanatla çıxış etməyiblər. Deməli, Gömrük İttifaqı heç də Rusiyanın düşündüyü kimi vahid güc mərkəzinə çevrilə bilmədi. Əvvəldən isə Gömrük İttifaqının gələcəyi ilə bağlı bədbin ehtimallar özünü doğrultmaqdadır. İqtisadi faktorlar və müqayisəli təhlillərlə bu qənaətə gəlinirdi ki, Gömrük İttifaqına üzv olmayan dövlətlərin də bu təşkilatla əməkdaşlığı həmin ölkələrə sərf etməyəcək.
Bünövrəsində iqtisadi “xəstəliklər” olan təşkilat
Hesablamalara görə, MDB üzvü olan bütün ölkələr Gömrük İttifaqında yer alarsa belə, bu təşkilatın Dünya Ümumi Daxili Məhsuluna elə böyük töhfəsi olmayacaq. Belə olan halda Gömrük Birliyi mallarının Dünya Ümumi Daxili Məhsulundakı yeri cəmi 4 faiz olacağı proqnozlaşdırılır. Halbuki Avropa Birliyi üçün bu göstərici 26 faizdir. Bununla yanaşı İttifaqa üzv ölkələrin heç də hamısı Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və buna görə də onların ticari qaydaları beynəlxalq standartlara uyğunlaşdırılmayıb. Digər məsələ isə Rusiyanın Azərbaycanı da öz oyunlarına cəlb etmək niyyətləri idi. Rəsmi Bakı isə bunu indiki situasiyada özünün müstəqilliyinə təhdid hesab etməklə bərabər iqtisadi proqnozları da hesablamamış deyildi. Təhlillər göstərir ki, Azərbaycana idxal olunan məhsulların 15 faizi MDB məkanının payına düşür. Yerdə qalanları isə Qərb ölkələri və Asiyanın digər dövlətlərinə mənsubdur. Azərbaycanın neftinin isə cəmi 6 faizi MDB dövlətlərinə ixrac olunur. Azərbaycanın Gömrük İttifaqına üzv olacağı təqdirdə Avropa ilə iqtisadi, siyasi əlaqələri sual altına düşürdü. Buna görə də Azərbaycan dövləti özünə daha sərfəli olan Avropa Birliyi ilə əməkdaşlığa üstünlük verdi. Rusiya Azərbaycansız Gömrük Birliyini təsəvvür etmək istəmirdi, ancaq rəsmi Bakının davamlı təzyiqlərə baxmayaraq siyasi iradə nümayiş etdirməsi bir daha Moskvanın Gömrük Birliyi planlarında ciddi maneələr yaratdı. Düzdür, Gömrük İttifaqının üzv dövlətlər üçün müəyyən iqtisadi üstünlüklər qazandıracağını da etiraf etmək lazımdır. Amma bu üstünlüklər üzv dövlətlərin müstəqilliyini itirməsi hesabına qazanıla bilərdi ki, bu da görünür Rusiyanın forpostu Ermənistan üçün indiki şəraitdə daha əlverişlidir. 2010-cu ildə təsis edilən təşkilatda Rusiya ilə yanaşı Qazaxıstan və Belorusiya da yer alır, lakin onların siyasi düyməsinin Kremldə olmadığı da bəllidir.
Çökən “Avrasiya”
Ukraynada Qərb meylli qüvvələrin hakimiyyəti ələ keçirməsindən sonra rəsmi Kiyev üçün Gömrük İttifaqı əhəmiyyətsiz görünəcək. Rusiya Ukraynadakı məğlubiyyətdən sonra strateji əhəmiyyətli Krım yarımadasını əldən buraxmamağı əsas prioritet elan edib. O da bəllidir ki, Rusiya üçün hər zaman geosiyasi təsir dairəsini MDB-də genişləndirmək əsas məqsədlərindən biri olub. Amma indiki situasiyada Moskvanın bu planlarının Gömrük İttifaqı və onun ən böyük formatlarından biri olacaq, 2015-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulan Avrasiya İttifaqları ilə reallaşacağı gözlənilmir. Ən azından ona görə ki, Rusiyanın geopolitik niyyətləri özü Gömrük İttifaqının dağılmasını sürətləndirməklə yeni yaranacaq Avrasiya Birliyinin də taleyini sual altına qoyur. Gömrük İttifaqından Avrasiya İttifaqına keçidin əsası məhz postsovet dövlətlərinin proseslərdə iştirakını zəruri edir. Amma MDB dövlətləri ikinci SSRİ kabusu yaşamaq istəmirlər. Putinin SSRİ-nin bərpası yolundakı israrlı davranması Rusiyanın Gürcüstanı itirməsi ilə nəticələndi və rəsmi Tiflis Avropa Birliyi ilə əməkdaşlığı ön plana çıxardı. Gürcüstanın ardından Ukraynanın əldən çıxması isə bir növ Avrasiya İttifaqı xəyallarını puça çıxardı. Digər tərəfdən, MDB-dəki digər dövlətlər də Gömrük İttifaqına üzvlükdən qaçır ki, bu da gələcək Avrasiya İttifaqı üçün problemlər yaradır. Statistik rəqəmlərlə siyahını Gömrük İttifaqı və onun xələfi Avrasiya İttifaqının zərərinə olması ilə bağlı tezislərlə bir az da uzatmaq olar. Bütün bu deyilənlər Rusiya amilini ikinci dərəcəli hesab etmək kimi yozulmamalıdır. Rusiya gələcək Avrasiya İttifaqı məsələsində bir qədər uduzmuş görünsə də, o, yeni-yeni siyasi metodlar axtarışı ilə bölgəni nəzarətdə saxlamaq istəyəcək. Bunu Rusiyanın MDB ölkələrinə münasibətindəki davranışları açıq göstərir.
Aqşin Kərimov