ABŞ-İran qarşıdurmasının kəskinləşməsi fonunda Yaxın Şərqdə yaranan gərginlik qlobal nəqliyyat və logistika dəhlizlərinə, xüsusilə də beynəlxalq gəmiçiliyə ciddi təsir göstərməkdədir. Bu gün dünya dəniz ticarəti artan risklər, təhlükəsizlik çağırışları və marşrut dəyişiklikləri ilə üz-üzə qalıb.
Maraqlıdır, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus neçə gəmi beynəlxalq sularda fəaliyyət göstərir?
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Mehman Mehdiyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Xəzərdən kənar akvatoriyalarda ASCO-ya məxsus 2 ədəd “Handysize” tipli quru yük gəmisi, 1 ədəd tanker və 1 ədəd “Aframax” tipli tanker fəaliyyət göstərir:
"Bununla yanaşı, ASCO və SOCAR-ın birgə müəssisəsi olan "SA Maritime AFEZCO" tərəfindən 4 ədəd “Aframax” tipli tanker Xəzərdən kənar sularda istismar olunur", - açıqlamada deyilir.