Türkiyənin Ege bölgəsində yerləşən Uşak şəhəri minilliklərə söykənən tarixi, zəngin mədəni irsi və təbii gözəllikləri ilə seçilir. Tarixi eramızdan əvvəl 4000-ci ilə qədər uzanan şəhər Hetlərdən Lidyalılara, Romadan Osmanlılara qədər bir çox sivilizasiyanın təsiri altında formalaşıb.
Modern.az-ın məlumatına görə, Uşak “birincilər şəhəri” kimi tanınır. Çünki dünyada ilk pul məhz burada – Lidya dövründə meydana gəlib. Tarixi Kral Yolu üzərində yerləşməsi şəhəri qədim dövrdə mühüm ticarət mərkəzinə çevirib.
Bu gün təxminən 250 min əhalisi olan Uşak həm də turizm baxımından cəlbedicidir. Şəhərdə yerləşən Arxeologiya Muzeyi (məşhur “Karun xəzinəsi” ilə), Atatürk və Etnoqrafiya Muzeyi, eləcə də Kent Tarixi Muzeyi ziyarətçilərə zəngin tarix təqdim edir.
Təbii gözəlliklər arasında xüsusilə Ulubey Kanyonu seçilir. Dünyanın ikinci ən böyük kanyonlarından sayılan bu məkan 40 km uzunluğu və möhtəşəm mənzərəsi ilə turistləri cəlb edir. Taşyaran Vadisi isə unikal geoloji quruluşu ilə ekoturizm üçün ideal istiqamətdir.
Bundan əlavə, qədim Blaundus şəhəri arxeoloji əhəmiyyəti ilə diqqət çəkir və hər il çoxsaylı turist qəbul edir.
Bu gün Uşak həm tarixi irsi, həm də təbiəti ilə Türkiyənin ən maraqlı turizm istiqamətlərindən biri kimi öz mövqeyini qoruyur.

