İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin təşkilatçılığı ilə “Domen ad sistemi təhlükəsizlik genişlənmələri” (DNSSEC) üzrə beynəlxalq praktiki təlimlər keçirilir.
Üçgünlük təlimlərdə Təyin olunmuş adlar və nömrələr üzrə internet korporasiyası (ICANN) və İnternetdə təyin olunmuş nömrələr idarəsinin (IANA) ekspertləri də iştirak edir.
Proqram domen ad sistemi təhlükəsizliyi sahəsində praktiki bilik və bacarıqların artırılmasına yönəlib. DNSSEC imzalanması və doğrulanması, açar idarəetməsi, nasazlıqların aradan qaldırılması və monitorinqi və digər mühüm istiqamətlər üzrə nəzəri və praktiki sessiyalar təşkil olunur.
Təlimlərin əsas məqsədi ölkənin milli domen infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsi, .az domen məkanının idarə olunmasında beynəlxalq təcrübələrin tətbiqi, xidmətlərin dayanıqlılığının artırılması və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsidir.
Bu təşəbbüs Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi, kritik internet infrastrukturunun qorunması və istifadəçilər üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Agentlik beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində internet idarəçiliyi, domen adlarının təhlükəsizliyi və milli internet resurslarının dayanıqlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.