Modern.az

Okamponun səs yazıları beynəlxalq siyasətdə mənəvi deqradasiyanı göstərir

Okamponun səs yazıları beynəlxalq siyasətdə mənəvi deqradasiyanı göstərir

Aktual

Bu gün, 12:40

Luis Moreno Okampo və oğlu Tomasın yayılmış səs yazıları beynəlxalq siyasətdə hökm sürən mənəvi-əxlaqi deqradasiyanın göstəricisidir. Səs yazılarında eşidilən fikir və yanaşmalar, sadəcə, bir-iki şəxsin korrupsiya əməllərini aşkarlamır, bütövlükdə siyasi sistemin korrupsiyaya uğradığını göstərir.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

“Bu səs yazısı yalnız bir şəxsə aiddir, amma təsəvvür edin ki, Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Beynəlxalq Ədalət Məhkəməsi və hətta BMT-nin müxtəlif alt qurumlarında yüzlərlə və bəlkə də minlərlə “okampolar” var. Onlar qeyri-qanuni sərvət toplamaq üçün gecə-gündüz çalışır və bu məqsədlə istənilən ölkənin ünvanına böhtan və şər söyləməkdən çəkinmirlər. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə keçmiş ali nümayəndəsi Cosef Borrelin Okamponun “adamı” olması haqqında etiraf heç də təəccüblü deyil. Çünki onların çoxu vəzifədə olanda öz səlahiyyətlərindən sui-istifadə edərək rüşvətlə işləyiblər. Avropa Parlamentinin vitse-prezidentlərinin rüşvətlə bağlı həbsi, ABŞ konqresmeni Robert Menendeslə bağlı rüşvət ifşaları bu kimi halların yalnız ictimaiyyətə açıqlanan nümunələridir. Amma açıqlanmayan və barəsində cinayət işi açılmayan funksionerlərin sayı qat-qat çoxdur. Bir çox hallarda bu şəxslər dünya miqyasında tanınan, beynəlxalq siyasi qurumlarda yüksək vəzifələr tutan şəxslərdir. Onlar vəzifədən getdikdən sonra da korrupsiya əməllərini davam etdirirlər. Luis Moreno Okampo da onlardan biridir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

O qeyd edib ki, bu kimi qalmaqallı korrupsiya faktlarına baxmayaraq beynəlxalq təşkilatlar, milli və regional parlament qurumları və sair siyasi dairələr susurlar. Əksinə, onların yurisdiksiyasına aid olmayan ölkələrdə korrupsiya ehtimallarından danışır, “sözə baxmayan” bir sıra dövlətlərə qarşı əsassız ittihamlar irəli sürürlər. Azərbaycan uzun illər bu cür şər-böhtan kampaniyasının hədəfi olub və bu gün də belə təşəbbüslər davam etdirilir.

“Azərbaycana qarşı qarayaxma kampaniyalarına cəlb olunmuş Yaqlənd, Borrel, Okampo, Menendes kimi korrupsionerlər erməni lobbi təşkilatlarından yüz milyonlarla pul qazanıblar. Bütün bunlar bugünkü beynəlxalq siyasi arenada formalaşmış reallıqdır. Bu reallığın aşkarlıq şəraitində obyektiv təhlili hər bir dövlətin çoxsaylı beynəlxalq təşkilatlarla və ayrı-ayrı dövlətlərlə münasibətdə öz siyasi kursunu daha praqmatik və daha səmərəli şəkildə müəyyən etməyə imkan yaradır. Uzun illər belə qaragüruh qüvvələrin təhdid və təzyiqlərinə sinə gərmiş Azərbaycan çox sayda “okampolar”la üzləşib və hər dəfə onların riyakar siyasəti iflasa uğrayıb. Bu dəfə də belə olacaq”, - deyən Cavanşir Feyziyev əminliyini ifadə edib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu