Keniyada əlçatan mənzil proqramlarının maliyyələşdirilməsi üçün yerli maliyyə mexanizmlərindən istifadə olunur.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı panel sessiyada Keniyanın Torpaq, Mənzil və Şəhərsalma naziri Alice Wahome bildirib.
Nazir qeyd edib ki, mənzil sahəsində müxtəlif çətinliklərlə, o cümlədən məhkəmə çəkişmələri ilə üzləşirlər:
“Mənzil sahəsində bir çox problemlərlə qarşılaşırıq. Bunlara ictimaiyyət tərəfindən qaldırılan məhkəmə iddiaları da daxildir. Amma biz artıq keniyalıların ödədiyi xüsusi rüsumlardan istifadə etməyə başlamışıq və bu, maliyyələşmədə daxili həll yolu rolunu oynayır”.
Onun sözlərinə görə, bu mexanizm hökumətə əlavə maliyyə imkanları yaradıb:
“Bu vəsait tam kifayət etməsə də, ildə 200 min mənzil tikintisi hədəfimizin təxminən üçdə birini maliyyələşdirməyə imkan verir”.
O həmçinin bildirib ki, qanunvericilik və tənzimləyici çərçivələrin yaradılması da proqramın icrasında mühüm rol oynayır:
“Qanunvericilik və normativ mexanizmlər hesabına bu maliyyə modelini tətbiq edə bilirik və bu yanaşma əlçatan mənzil proqramımız üçün mühüm nəticələr verib”.
Nazir vurğulayıb ki, mövcud maliyyə modeli əlavə mənbələrlə tamamlanmalıdır:
“Hazırkı maliyyələşmə ümumi ehtiyacın təxminən üçdə birini qarşılayır. Digər hissə isə torpaq resursları hesabına təmin olunur. Beləliklə, layihələrin təxminən 50 faizi subsidiya əsaslı maliyyələşmə modelinə çevrilir”, - deyə A.Wahome qeyd edib.