Modern.az

Azərbaycan regionda ilk dəfə tam elektron əlillik sistemi tətbiq edib

Azərbaycan regionda ilk dəfə tam elektron əlillik sistemi tətbiq edib

Aktual

Bu gün, 16:04

BMT-nin Dünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “Əlçatanlıqdan kənar: hər kəs üçün adekvat mənzil hüququnun təmin edilməsi” mövzusunda dəyirmi masada Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı həyata keçirdiyi islahatlar təqdim olunub.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Anar bildirib ki, inklüziv və dayanıqlı şəhər inkişafının əsas prioritetlərindən biri əlilliyi olan şəxslərin adekvat mənzil, müstəqil həyat və cəmiyyətdə bərabər iştirak hüququnun təmin edilməsidir.

O qeyd edib ki, bu gün bütün ölkələr şəhərlərin yalnız inkişaf etməsi deyil, həm də hamı üçün əlçatan, inklüziv və komfortlu olması istiqamətində ortaq məsuliyyət daşıyır.

Elnarə Anarın sözlərinə görə, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial rifahı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

“Azərbaycan 2008-ci ildə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına qoşulduqdan sonra milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və tibbi yanaşmadan sosial modelə keçid istiqamətində mühüm islahatlar həyata keçirib”, – deyə o bildirib.

Çıxış zamanı vurğulanıb ki, 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul edilməsi bərabər hüquqların, reabilitasiya, məşğulluq imkanları və sosial inklüzivliyin təmin olunması üçün güclü hüquqi baza yaradıb.

Elnarə Anar əlavə edib ki, Azərbaycanda tam elektron və təmassız əlillik qiymətləndirilməsi sistemi tətbiq olunub.

“Rəqəmsal əlillik altsistemi vasitəsilə tibbi məlumatlar elektron qaydada emal edilir ki, bu da prosesi daha şəffaf, səmərəli və obyektiv edir. Azərbaycan regionda belə sistemi tətbiq edən ilk ölkələrdəndir”, – deyə o vurğulayıb.

Bildirilib ki, sosial ödənişlər artıq vətəndaşlardan əlavə müraciət və sənəd tələb olunmadan proaktiv qaydada təyin edilir.

Onun sözlərinə görə, sosial xidmətlərdə tətbiq olunan bu proaktiv yanaşma beynəlxalq səviyyədə də maraqla qarşılanır və digər ölkələr tərəfindən öyrənilir.

Elnarə Anar çıxışında inklüziv və əlçatan şəhər konsepsiyasının təşviqinin davam etdirildiyini də qeyd edib.

“Əlçatanlıq yalnız fiziki infrastruktur demək deyil. Bu, bərabər iştirak deməkdir”, – deyə o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı