
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Şotlandiya referendumda qələbə qazanacaq, amma bu qələbədən ermənilərə heç bir “pay” düşməyəcək
Bir neçə il əvvəl Serbiyada Kosovonun müstəqillik qazanmasını Dağlıq Qarabağ üçün də yaxşı nümunə olacağından əlləri boşa çıxan ermənilər, indi də gözlərini Şotlandiyanın qələbəsinə dikiblər. Onlar Şotlandiyanın İngiltərədən ayrılacağı təqdirdə bunun Qarabağ probleminin tənzimlənməsinə müsbət təsir edəcəyinə böyük ümidlə inanırlar.
Hazırda Böyük Britaniya ərazisi hesab olunan Şotlandiyada müstəqillik referendumu ilə bağlı keçirilən rəy sorğusunun nəticələrinə görə, respondentlərin 51%-i “Şotlandiya müstəqil ölkə olmalıdırmı” sualına “hə” cavabı verdiyindən sentyabrın 18-də bu ölkədə referendum keçirilməsi artıq reallaşmaqdadır. Əgər seçicilər müstəqilliyə də nəzərdə tutulan qədər “hə” cavabı vermiş olsalar, o zaman Şotlandiya 2016-cı il martın 24-də Böyük Britaniyadan ayrılaraq müstəqil Şotlandiya Respublikası kimi elan olunacaq.
Qeyd edək ki, Kosovo məsələsində Serbiyanın Kosovoda etnik təmizləmə aparması beynəlxalq aləm tərəfindən pisləndiyinə görə bu, Kosovonun Serbiyadan ayrılmasına rəvac vermişdi. Amma Dağlıq Qarabağda isə hər şey tam əksinədir, yəni bir vaxtlar bu bölgəyə köçürülmüş ermənilər İrəvanın və onların havadarlarının açıq dəstəyi ilə bu yurdun sahibi olan yerli azərbaycanlılara qarşı etnik təmizləmə apararaq, Azərbaycanın 20% torpağını işğal edib, Ermənistandan qovulanlarla birgə 1 milyondan çox insanı qaçqın və köçkün vəziyyətə salıblar.
Ermənilərin Dağlıq Qarabağda referendum keçirməklə müstəqillik qazanmaq istəyi, tarixi və siyasi amillərdən əlavə, onların yerli azərbaycanlılara qarşı etnik təmizləmə apardıqlarına görə beynəlxalq aləm tərəfindən yol verilmir. Dağlıq Qarabağın statusunu müəyyən edən referendum Madrid prinsipinə uyğun şəkildə - yalnız Ermənistanın işğal etdiyi rayonları geri qaytardıqdan və ümumiyyətlə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarından öz hərbi qoşunlarını çıxardıqdan, eləcə də məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına tam şərait yaratdıqdan sonra mümkün ola bilər.
Qarabağdan fərqli olaraq əlbəttə, Şotlandiyanın bu referendumda qələbə qazanacağına əslində heç kim şübhə etməsə də, amma bu qələbədən ermənilərə heç bir “pay” düşməyəcək. `
İrəvanda nəşr olunan “Novoye vremya” qəzetinin müxbiri Artyom Erkanyanın
“Şotlandlılar qarabağlılara həsəd aparır” adlı yazısını oxuyanda, bir daha əmin olursan ki, ermənilər həqiqətən də çarəsi tapılmayan ağır bir xəstəliyə düçar olublar.
O, öz yazınsında Şotlandiya - Qarabağ və İngiltərə - Azərbaycan arasında müqayisələr aparır, gülünc arqumentlər gətirərək, Şotlandiyanın İngiltərədən ayrılacağı təqdirdə bunun Qarabağın da “öz müqəddəratını təyinetmə”sinə müsbət təsir edəcəyini düşünür.
A.Erkanyan qeyd edir ki, “rəsmi London şotlandiyalıların bu istəyinin qarşısını almağa mane olmur, amma perspektivdə Birləşmiş Krallığın dağılması əlbəttə ki, onları qorxudur. Dövlətin parçalanmasını istəməyən Britaniya hakimiyyəti buna baxmayaraq, şotlanddiyalıların “öz müqəddəratını təyinetmə” hüququnu qəbul etməyə hazırdır. Londonun bu sivil yanaşmasını bütün dünya alqışlayır. Bu diqqətə layiqdir, amma burada bir məqama nəzər salsaq görərik ki, Qarabağla bağlı böyük dövlətlərin rəsmi mövqeyi nədənsə tamamı ilə fərqlidir”.
Əslində, böyük dövlətlərin Qarabağla bağlı rəsmi mövqelərinin fərqli olmasında qeyri adi heç bir şey yoxdur. Bunu anlamaq üçün yetər ki, ermənilər şotlandiyalıların və Qarabağ ermənilərinin tarixinə bir az nəzər salsınlar.

Tarixi mənbələr göstərir ki, 18-ci əsrdə İngiltərə və Şotlandiyanın bəzi ortaq məqsədləri olub. Fransa tərəfdən ölkələri üçün təhlükə gözləyən bu iki xalq, həm də bir protestant təriqətli kralın rəhbərliyi altında könüllü olaraq birləşmək istəyiblər. Bu tarixi hadisənin detallarına varmadan qeyd edək ki, 1 may 1707-ci ildə İngiltərə və Şotlandiya “Birlik sazişi” imzalayaraq, Birləşmiş Krallıq adı ilə tək bayraq altında birləşiblər.
Qarabağdan fərqli olaraq, hazırda ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-cü ilin yanvar ayına olan rəsmi məlumata əsasən, 5.327.700 nəfər əhali yaşayır. Əhalinin 83%-ni şotlandiyalılar, 9%-ni ingilislər, 1.1%-ni polyaklar, 0.9% pakistanlılar, 0,6%-ni hindistanlılar, 0,6%-ni çinlilər təşkil edir. Paytaxtı Edinburq olan Şotlandiya 32 vilayətə (bələdiyyəyə) bölünür.
Amma Qarabağ ermənilərinin bu yerlərə hansı ildə, kim tərəfindən və haradan köçürülməsini onların hər il böyük həvəslə keçirdikləri “eşşək yarışı”ndakı az qala ən geridə qalan eşşək belə bilsə də, nədənsə erməni tarixçiləri bunu qəbul etmək istəmirlər.
A.Erkanyan şotlandiyalıların ayrılmasına görə ingilislər tərəfindən məhdudiyyət qoyulmadığını – heç bir ərazi bütövlüyü prinsipini qabartmadığını vurğulayır. Baxın, burada erməni jurnalist anlamır ki, şotlandiyalılar İngiltərəyə Qarabağ erməniləri kimi köçürülmə deyillər, onlar bu ərazidə tarixən yaşayıblar. Ona görə də ingilislərin şotlandiyalılardan hansı ərazi bütövlüyü prinsipi tələbi olmalıdır?
Britaniyanın Azərbaycandakı səfiri İrvan Siddiqin Xəzər Universitetindəki çıxışına toxunan erməni jurnalist mahiyyət etibarı ilə, güya ingilis diplomatın İlham Əliyevi Devid Kemerondan nümunə götürməyə çağırdığını vurğulayır. Amma o, yenə də anlamaq istəmir ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycan hakimiyyətinin mövqeyi “ingilis bayrağı” kimi sağa-sola əsən yox, o beynəlxalq hüquq normaları və prinsiplərinə söykənir.
İrvan Siddiqin “Bəzi Şotlandiya sakinləri Böyük Britaniyanın tərkibində qalmaq istəmirlər. Müharibə etmək əvəzinə biz referendum keçirəcəyik. Vəziyyətdən çıxış yolu kimi, Dağlıq Qarabağın da gələcək statusunu müəyyən etmək üçün referendum olmalıdır” – deməsini haqlı sayan A.Erkanyan, güya rəsmi Bakının Qarabağda referendum keçirilməsinə narazı olduğunu göstərir.
Bundan başqa o, bir sıra Avropa ölkələrindəki azsaylı xalqların referendum yolu ilə öz müqəddəratlarını təyinetməyə cəhd etmələrini ön plana çəkərək - “dünya ictimaiyyəti şotlandlıların, kataloniyalıların, basklıların, qrelandiyalıların, farerlilərin, kaledonlıların, martiniklilərin, eritreylilərin, timorluların və kosovarlıların hüquqlarını tanıdığı halda, öz müqəddəratını artıq çoxdan müəyyən etmiş Qarabağ xalqı ilə niyə barışmaq istəmir?” – deyə sual verir.
Erməni müəllif heç cür anlamaq istəmir ki, əvvəla Qarabağ adlı xalq yoxdur, orada yaşayanlar isə coğrafi baxımdan Ərməniyyə adlanan yer adını özlərinə milliyyət adı kimi götürən “hay”lardır ki, onlar da öz müqəddəratlarını tarixi Azərbaycan torpağı olan İrəvanda artıq bir dəfə müəyyən ediblər. Onun sadaladığı bu xalqlara gəlincə isə, onlar Avropanın aborigen xalqlarıdır. Daha ermənilər kimi 1800-cü illərdə İrandan və Türkiyədən Azərbaycanın əzəli torpaqları olan Qarabağa, eləcə də İrəvana Rusiya tərəfindən məqsədyönlü şəkildə köçürülməyiblər.
Rusiya demişkən, əgər hər şey A.Erkanyanın istədiyi kimi olsaydı, onda gərək Ermənistanın başdaşı olan Rusiya öz kaloniyasında saxladığı bütün muxtar respublikalara və azsaylı xalqlara öz müqəddəratını təyin etmək üçün müstəqillik hüququ versin. Buna cəhd edən Çeçenstanın aqibətini isə hamımız yaxşı gördük. Həm siyasi, həm iqtisadi, həm də tarixi amillərə görə ermənilər birdəfəlik bilməlidirlər ki, heç bir halda Dağlıq Qarabağ müstəqil ola bilməyəcək. Ona görə də ermənilərin Şotlandiya “şotuna” şellənməkləri əbəsdir.