Modern.az

Türk dünyası vahid iqtisadi məkan istiqamətində irəliləyir

Türk dünyası vahid iqtisadi məkan istiqamətində irəliləyir

Aktual

Bu gün, 12:47

Prezident İlham Əliyevin Qırğızıstana növbəti səfəri bütövlükdə Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından da mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb, Dövlətlərarası Şuranın III iclası keçirilib, investisiya, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələri əhatə edən 14 sənəd qəbul olunub. Bundan başqa, liderlər Mərkəzi Asiya ilə Azərbaycan arasında nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi, Orta Dəhlizin inkişafı və birgə investisiya layihələrinin artırılmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdiriblər.

Son illərin statistikası da göstərir ki, siyasi münasibətlərdə əldə olunan dinamika iqtisadi əməkdaşlığa da birbaşa təsir edir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 64,98 milyon ABŞ dollarına çatıb. Bunun 59,34 milyon dollarını Azərbaycan ixracı, 5,64 milyon dollarını isə idxal təşkil edib. Beləliklə, həmin il ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 6 dəfədən çox artıb.

Artım tendensiyası bu il də davam edir. Qırğızıstan Milli Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 13,66 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 294,9 faiz, yəni təxminən 3 dəfə çoxdur. Hesabat dövründə Qırğızıstanın Azərbaycana ixracı 3,14 milyon dollar, Azərbaycandan idxalı isə 10,53 milyon dollar təşkil edib.

İki ölkə arasında əməkdaşlıq ticarətlə məhdudlaşmır. Bunun ən mühüm nümunələrindən biri 100 milyon ABŞ dolları nizamnamə kapitalına malik Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun yaradılmasıdır. Fond sənaye, kənd təsərrüfatı, logistika, turizm, yaşayış kompleksləri və digər sahələrdə birgə investisiya layihələrinin maliyyələşdirilməsini nəzərdə tutur. Bu isə münasibətlərin sadəcə mal dövriyyəsinə deyil, uzunmüddətli istehsal və investisiya əməkdaşlığına əsaslandığını göstərir.

Əməkdaşlığın strateji istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Çin–Qırğızıstan–Özbəkistan marşrutunun Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropaya çıxarılması hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaradır. Bu marşrut Azərbaycanın tranzit və logistika mərkəzi kimi mövqeyini gücləndirməklə yanaşı, Qırğızıstanın Avropa bazarlarına daha qısa və səmərəli çıxışını təmin edir.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri son illərdə ardıcıl şəkildə həyata keçirilən siyasi dialoq, artan ticarət dövriyyəsi, birgə investisiya fondları, nəqliyyat layihələri və Orta Dəhliz ətrafında formalaşan əməkdaşlıq modeli Türk Dövlətləri Təşkilatının tədricən vahid iqtisadi məkana çevrilməsi istiqamətində atılan real addımlar kimi qiymətləndirilə bilər. Bu inteqrasiya dərinləşdikcə Türk dünyasında malların, kapitalın, investisiyaların və logistika imkanlarının daha sərbəst hərəkəti üçün yeni iqtisadi platformanın formalaşacağı gözlənilir.

Tahir Mirkişili,
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə