Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) ilə münasibətlər barədə jurnalistlərin suallarını cavablandırıb.
Modern.az xəbər verir ki, Paşinyan Ermənistanın əsas məqsədinin ölkə üçün alternativ imkanlar yaratmaq olduğunu bildirib.
“Bizim məqsədimiz Ermənistan Respublikası üçün alternativlər yaratmaqdır. Hesab edirəm ki, bu, hər bir ölkənin legitim hüququdur. Bütün dövlətlər bunun üzərində çalışırlar. Hazırkı mərhələdə Avrasiya İqtisadi İttifaqı üçün ən düzgün mövqe bu prosesi əngəlləmək deyil, əksinə, təşkilatın rəqabət qabiliyyətini və cəlbediciliyini artırmaq olardı. Ermənistan da bu istiqamətdə işləməyə hazırdır”, - o deyib.
Baş nazir bildirib ki, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum mütləq keçiriləcək, lakin bunun üçün əvvəlcə rəsmi müraciət edilməli və institusional hazırlıq görülməlidir.
“Bu gün referendum keçirmək mümkün deyil. Çünki referendumun predmeti yoxdur. Əgər indi referendum keçirsək və insanlardan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etmələrini istəsək, vətəndaşlar haqlı olaraq soruşacaqlar: Aİ-yə üzv olmaq perspektivimiz nədir? Yol xəritəsi haradadır? Bu sualların hazırda heç kimdə cavabı yoxdur”, - Paşinyan qeyd edib.
O, Rusiyanın Ermənistan mallarına tətbiq etdiyi məhdudiyyətlərə də toxunaraq bunun həm Ermənistan, həm də Aİİ üçün problem yaratdığını vurğulayıb.
“Ermənistan malları ilə bağlı baş verənlər, əlbəttə ki, ölkəmiz üçün problemdir. Amma bu, Avrasiya İqtisadi İttifaqı üçün daha böyük problemdir. Çünki əgər təşkilatın fundamental prinsipləri işləmirsə, deməli, ittifaqın özü də normal fəaliyyət göstərmir”, - Baş nazir bildirib.
Paşinyan əlavə edib ki, Ermənistanın apardığı iqtisadi və xarici siyasət kursu yeni deyil və ölkə uzun müddətdir diversifikasiya siyasəti həyata keçirir.
“Bu, suveren və tam legitim siyasətdir. Təkcə biz yox, bütün dövlətlər və hökumətlər diversifikasiya siyasəti aparırlar”, - o vurğulayıb.
Jurnalistlərin Ermənistanın Aİ və Aİİ ilə ticarət dövriyyəsini müqayisə edib-etmədiyi barədə sualına cavab verən Paşinyan bildirib ki, hazırda əsas məsələ müqayisə aparmaq deyil.
“Bu gün əsas məsələ Ermənistan üçün alternativlər yaratmaqdır. Avrasiya İqtisadi İttifaqındakı bəzi həmkarlarımız ‘Ermənistanı heç kim gözləmir, ona heç kəsin ehtiyacı yoxdur’ kimi fikirlər səsləndirdilər. Biz bunu mənfi deyil, müsbət mesaj kimi qəbul etdik və bunun əksini göstərmək üçün işləməyə başladıq”, - Ermənistanın Baş naziri deyib.
Paşinyan həmçinin vurğulayıb ki, heç bir xarici mərkəz Ermənistanı Rusiya ilə humanitar əlaqələri kəsməyə məcbur edə bilməz.
“Əgər hansısa ölkənin bizi nəyəsə məcbur etmək üçün rıçaqları varsa, onlar nə Brüsseldə, nə Qərbdə, nə Cənubda, nə də Şərqdə yerləşir”, - o əlavə edib.