Modern.az

Sinqapurda da diaspora fəaliyyəti ilə məşğul olmaq istəyirəm – Gənclər danışdı

Sinqapurda da diaspora fəaliyyəti ilə məşğul olmaq istəyirəm – Gənclər danışdı

Diaspor

Bu gün, 16:01

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən VII Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçıları olan xaricdə təhsil alan azərbaycanlı gənclər təhsil aldıqları universitetlər, yaşadıqları ölkələrdə qazandıqları təcrübə, diaspora fəaliyyəti və gələcək planları barədə Modern.az-a fikirlərini bölüşüblər. 

Birləşmiş Krallıqda təhsil alan Əli Mənəfov, gələcəkdə Azərbaycan Cəmiyyəti yaratmağı planlaşdırdığını bildirib:

“Mənim adım Əlidir. Mən Birləşmiş Krallıqda, Suonsi Universitetində təhsil alıram. İxtisasım Siyasət və Beynəlxalq Münasibətlərdir və birinci kursu bitirmişəm.Mən İngiltərədə təhsil almağa belə bir düşüncə ilə gəlmişdim ki, burada daha yüksək səviyyəli təhsil alım və gələcəkdə daha yaxşıixtisas dərəcəsi əldə edim. Mən Qazaxıstanda 11-ci sinfi bitirmişəm və həmişə istəyirdim ki, aldığım təhsil gələcəkdə mənə kömək etsin, yaxşı iş tapım və uğurlu karyera qura bilim".



O bildirib ki, Böyük Britaniyanı seçməyimində əsas səbəblərindən biri dünyanın ən yaxşı təhsil sistemlərindən birinə məhz bu ölkənin sahib olması idi:

"Düşünürdüm ki, burada həm keyfiyyətli təhsil alacağam, həm də yeni insanlarla tanış olub fərqli təcrübələr qazanacağam".

Ə. Mənəfov universitetdə oxuduğum müddətdə Azərbaycan diasporasının fəaliyyətlərində də fəal iştirak etdiyini deyib:

"Müxtəlif tədbirlərə qatıldıqdan sonra məndə belə bir fikir yarandı ki, Birləşmiş Krallığın müxtəlif bölgələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, onları bir platformada toplamaq və müxtəlif tədbirlər təşkil etmək çox faydalı olar. İnşallah, gələcəkdə Azərbaycan Cəmiyyəti yaratmağı planlaşdırıram".

Diaspor fəalı gələcək karyerasını Azərbaycan yoxsa Böyük Britaniyada davam etdirəcəyi ilə bağlı sualımıza da aydınlıq gətirib:

"Hazırda karyeramı dəqiq hansı istiqamətdə quracağımı tam müəyyənləşdirməmişəm. Ancaq istəyirəm ki, fəaliyyətim siyasət sahəsi ilə bağlı olsun. Elə buna görə də Birləşmiş Krallıqda bu ixtisas üzrə təhsil alıram.
İngiltərəni seçməyimin ikinci səbəbi isə aldığım yaxşı təqaüd idi. Maddi baxımdan bu, mənim üçün çox əlverişli idi. Təhsil səviyyəsini və təklif olunan təqaüdü nəzərə alanda bunun çox yaxşı seçim olduğuna qərar verdim və buna görə də Suonsi Universitetini seçdim” - deyə o bildirib.

Sinqapurda təhsil alan Uğur Əzim də diaspor fəaliyyətinin də onun inkişaf yolunun bir hissəsi olduğunu söyləyib:

“Mən məktəb illərində, xüsusilə də 9–11-ci siniflərdə oxuyarkən artıq xaricdə təhsil almağa hazırlaşırdım. Nəticələrim də yaxşı idi. Xüsusilə fizika fənni üzrə beynəlxalq olimpiada nailiyyətlərim var idi. Həmçinin məndən bir-iki yaş böyük, mənimlə oxşar nəticələr əldə etmiş tanışlarım və dostlarım var idi. Onlardan bəziləri Sinqapur universitetlərinə müraciət etmiş və qəbul almışdılar".

O, Siqapurun təhsil sistemi haqqında da danışıb:

"Məlumdur ki, Sinqapur universitetləri beynəlxalq olimpiadalarda medal qazanmış şagirdlərin nailiyyətlərinə böyük önəm verir. Hətta bəzi hallarda həmin medal əsasında birbaşa qəbul imkanı da yaradırlar. Buna görə mən də müraciət etdim, qəbul aldım və ora getməkdə tərəddüd etmədim.Sinqapur universitetləri dünya universitetlərinin reytinq siyahılarında yüksək yerlərdə qərarlaşır. Eyni zamanda, Sinqapur sürətlə inkişaf edən bir dövlətdir və güclü təhsil sistemi ilə tanınır. Bütün bunlar seçimimdə mühüm rol oynadı.
Sinqapura getdikdən sonra təhsil sistemini yaxından gördüm və bu sistem məni qane etdi. Çünki burada yaradıcı və müasir tədris metodlarından istifadə olunur. Həmçinin universitetdə tədris prosesində praktikaya kifayət qədər yer ayrıldığını düşünürəm. Ümumilikdə isə universitet tələbələrə çox geniş imkanlar yaradır. İstər layihə, istər tədqiqat, istərsə də startap yaratmaq istəyən tələbələrə dəstək göstərilir və bu təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır".

U. Əzimov Diaspor Komitəsinin fəaliyyətində yer almağı haqqında da danışıb:

"Yaxın dostum mənə bu yay düşərgəsi proqramını tövsiyə etdi. Mən proqram haqqında araşdırma apardım və çox maraqlı gəldi. Düşündüm ki, gələcəkdə Sinqapurda da diaspora fəaliyyəti ilə məşğul ola bilərəm. Buna görə də bu proqrama müraciət etdim və qəbul aldım. Düşərgədə iştirak etmək mənim üçün çox dəyərli təcrübə oldu. Düşərgədən böyük məmnunluqla ayrılacam. Çünki təşkilatçılar iştirakçıların həm faydalı biliklər əldə etməsi, həm də xoş vaxt keçirməsi üçün əllərindən gələni edirlər. Bu isə həqiqətən çox xoş təəssürat yaradır”- o bildirib. 

Norveçdə təhsil alan Ellada Salmanova isə saytımıza açıqlamasında diasporla əlaqələrinin əvvəldən olduğunu, düşərgədə iştirak etməsindən məmnun qaldığını bildirib:

“Mən Qarabağa Norveçdən gəlmişəm, uşaqlıqdan Norveçdə yaşamışam. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının üzvüyəm (NAYO). Orada həm məktəbi, həm də kolleci bitirmişəm. Rəqs üzrə universitetə qəbul almışam. Kollecdə də rəqs üzrə təhsil almışam. Eyni zamanda uzun illərdir rəqslə məşğulam və Azərbaycan və dünya xalqları rəqsləri üzrə təhsil alıram. Rəqsə marağım kiçik yaşlarımdan yaranıb və zaman keçdikcə bunun mənim gələcək peşəm olmasını istədim. Norveçdə aldığım təhsil mənə həm şəxsi inkişaf, həm də peşəkar bacarıqlar baxımından çox şey qazandırdı".

"Diasporla da əlaqələrim olub. Onların təşkil etdiyi tədbirlərdə iştirak etmişəm və bu səfər çərçivəsində Qarabağa, Laçına gəlmək imkanım yarandı. Burada olmaq və doğma torpaqları görmək mənim üçün böyük qürur və unudulmaz bir hissdir”- o bildirib. 

Nicat Rüstəmzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi