Modern.az

Vaşinqton Zirvəsi Azərbaycanın diplomatik qələbəsi kimi tarixə düşdü

Vaşinqton Zirvəsi Azərbaycanın diplomatik qələbəsi kimi tarixə düşdü

Ölkə

Bu gün, 14:20

De-fakto sülh artıq formalaşıb.

Bunu Modern.az-a açıqlamasında deputat Zahir Şükürov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişib. Onun sözlərinə görə, 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası regionda tamamilə yeni siyasi və iqtisadi reallıqlar yaradıb:

"Bu qələbələr təkcə hərbi üstünlük deyil. Azərbaycan münaqişə mərhələsini başa vuraraq regionu sülh və əməkdaşlıq mərhələsinə gətirdi. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Cənubi Qafqazın gündəliyi müharibədən sülhə doğru dəyişdi."

Deputat xatırladıb ki, ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə keçirilən Azərbaycan-Ermənistan zirvə görüşü bu prosesin mühüm mərhələlərindən biri oldu:

"Vaşinqton görüşü həm Azərbaycan-Ermənistan normallaşma prosesinin, həm də Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinin başlanğıcı idi. Bu görüşdə qəbul edilən qərarlar Azərbaycanın milli maraqlarına tam uyğun idi və Prezident İlham Əliyevin diplomatik uğuru kimi qiymətləndirilməlidir."

Şükürov qeyd edib ki, Azərbaycan müharibədə qalib gəldikdən sonra sülh təşəbbüsünü də ilk irəli sürən tərəf olub:

"Prezident İlham Əliyev Ermənistana beynəlxalq hüquqa əsaslanan beş baza prinsipini təqdim etdi. Sonradan razılaşdırılan 17 maddəlik sülh sazişinin mətninin də müəllifi məhz Azərbaycan tərəfi idi. Bu, Azərbaycanın sülh prosesində təşəbbüskar olduğunu bir daha göstərdi."

Ekspertin sözlərinə görə, danışıqların gedişində Ermənistanın qeyri-konstruktiv mövqeyi dəfələrlə özünü göstərib.

"Ermənistan müxtəlif mərhələlərdə danışıqları uzatmağa çalışdı. Qarabağ erməniləri ilə bağlı məsələlərin dövlətlərarası sənədə daxil edilməsində israr etdi, halbuki Azərbaycan bunun ölkənin daxili işi olduğunu qəti şəkildə bəyan etmişdi. Eyni zamanda, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlaması, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı addım atmaması və Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə yubadması sülh prosesini ləngidən əsas amillər idi."

Deputat hesab edir ki, məhz Vaşinqton Zirvəsində bu məsələlər üzrə Azərbaycanın mövqeyi üstünlük qazandı.

"Birgə Bəyannamə faktiki olaraq Azərbaycanın diplomatik qələbəsi idi. Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətə razılıq verdi və Konstitusiyadakı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini qəbul etdi. Bu, Vaşinqton görüşünə qədər Ermənistan rəhbərliyinin səsləndirdiyi mövqedən tamamilə fərqli yanaşma idi."

Şükürov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmalar da regionun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

"Birgə Bəyannamədə kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması və Ermənistan üçün də yeni nəqliyyat imkanlarının yaradılması açıq şəkildə təsbit edildi. Bu, regionun geoiqtisadi xəritəsini dəyişdirəcək layihədir."

Ekspert vurğulayıb ki, sənəd hələ imzalanmasa da, ötən bir il ərzində faktiki vəziyyət tamamilə dəyişib.

"Bu gün sərhəddə vəziyyət sabitdir, atəşkəs pozuntuları demək olar ki, müşahidə olunmur. Delimitasiya prosesi institusional məcraya keçib, dövlət komissiyalarının görüşləri davam edir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında ilk birbaşa təmaslar baş tutub, iqtisadi əməkdaşlığın ilkin elementləri formalaşıb. Bütün bunlar göstərir ki, de-fakto sülh artıq mövcuddur."

Deputat Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirlərin də bu reallığı əks etdirdiyini bildirib.

"Dövlət başçısının vurğuladığı kimi, hazırda rəsmi sülh sazişinin imzalanmasına mane olan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Bu dəyişiklik həyata keçirilən kimi sülh sazişinin imzalanması üçün hüquqi maneə də aradan qalxacaq."

Şükürov bildirib ki, Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri də bu baxımdan xüsusi diqqətlə izlənilir.

"Paşinyan hökuməti hakimiyyəti qorusa da, Konstitusiyanı təkbaşına dəyişmək üçün lazım olan konstitusion çoxluğu əldə etmədi. Bu isə referendum zərurəti yaradır və prosesin uzanmasına səbəb olur. Hazırkı vəziyyət göstərir ki, Konstitusiya dəyişikliyinin bu il baş verməsi real görünmür. Ehtimal etmək olar ki, Paşinyan həm daxili auditoriyanı hazırlamaq, həm də siyasi riskləri minimuma endirmək üçün vaxt qazanmağa çalışır."

Onun fikrincə, əgər Ermənistan hökuməti həqiqətən də sülh prosesinin başa çatmasını istəyirsə, daha qətiyyətli siyasi iradə nümayiş etdirməlidir.

"Əks halda, regionda maraqları olan xarici güclər yenidən Ermənistandan istifadə edərək prosesi ləngitməyə çalışacaqlar. Bu isə nə Ermənistanın, nə də bütövlükdə regionun maraqlarına cavab verir."

Deputat sonda vurğulayıb ki, Vaşinqton Zirvəsindən ötən bir il ərzində formal sülh müqaviləsi imzalanmasa da, regionda sülhün əsas elementləri artıq formalaşıb.

"Psixoloji, iqtisadi və institusional baryerlərin əhəmiyyətli hissəsi aradan qalxıb. Tam atəşkəs, sərhəddə sabitlik, delimitasiya prosesinin davam etməsi, iqtisadi əlaqələrin başlanması və vətəndaş cəmiyyətləri arasında dialoq göstərir ki, Prezident İlham Əliyevin ifadə etdiyi 'de-fakto sülh' artıq reallıqdır. 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə Azərbaycanın yaratdığı yeni regional status-kvonu beynəlxalq səviyyədə təsbit etdi. Müharibədə qələbə qazanan Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sülh prosesinin də əsas müəllifi və aparıcı tərəfi kimi çıxış edir."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri