Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 3-də formalaşdırdığı yeni hökumətdə 4 qadın nazir də təmsil olunur. 2019-cu ildə Nazirlər Kabinetində cəmi 1 qadın nazir olduğu halda, son illərdə bu rəqəm 4-ə yüksəlib. Bu dəyişiklik həm ölkə daxilində, həm də Qərb institutları tərəfindən qadınların siyasətdə təmsilçiliyinin artırılması istiqamətində atılan addım kimi qiymətləndirilir.
Bəs Paşinyanın hökumətində yer alan bu qadın nazirlər kimlərdir?
Modern.az saytı onlar haqda məlumatı təqdim edir:

Arpine Sarkisyan - daxili işlər naziri
Arpine Sarkisyan Ermənistan tarixində bu vəzifəni tutan ilk qadındır.
1994-cü il təvəllüdlü A.Sarkisyan Ermənistanın Vedi bölgəsində doğulub.
32 yaşlı Arpine Sarkisyan Paşinyan komandasının ən gənc nazirlərindən biri hesab edilir.
2010–2015-ci illərdə Ermənistan Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2015–2017-ci illərdə isə həmin fakültədə magistr təhsili alıb və fərqlənmə diplomu ilə məzun olub. 2017-ci ildən universitetin Cinayət hüququ kafedrasında doktorantura təhsili alır.
Əmək fəaliyyətinə 2015-ci ildə Ermənistan Ədliyyə Nazirliyində ekspert kimi başlayıb.
Daha sonra Baş Prokurorluq sistemində və hökumətdə müxtəlif vəzifələrdə çalışıb.
2024-cü ilin noyabrında daxili işlər naziri təyin olunub. O, kriminal hüquq üzrə ixtisaslaşıb.
Nazir rus və ingilis dillərini bilir. Partiyasızdır və ailəlidir.

Janna Andreasyan – təhsil, elm, mədəniyyət və idman naziri
Janna Andreasyan 2022-ci ildən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə rəhbərlik edir.
O, sosiologiya üzrə alimdir və dövlət idarəçiliyində uzun illər təhsil sahəsində fəaliyyət göstərib.
Janna Andreasyan 1981-ci ildə Gürcüstanda anadan olub. 1998–2002-ci illərdə Ermənistan Dövlət Universitetinin Fəlsəfə, Psixologiya və Sosiologiya fakültəsində sosiologiya ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistr təhsili alıb. 2004–2008-ci illərdə həmin universitetdə doktoranturada təhsilini davam etdirib.
Əmək fəaliyyətinə 1997-ci ildə "Kanç" uşaq-gənclər həftəlik qəzetində müxbir kimi başlayıb.
2004–2020-ci illərdə Ermənistan Dövlət Universitetinin Sosiologiya fakültəsində müəllim işləyib.
2019–2020-ci illərdə Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini olub.
2020-ci il martın 5-də Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini təyin edilib. 2022-ci il dekabrın 12-də bu vəzifədən azad olunub, ertəsi gün – dekabrın 13-də isə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri təyin edilib.
Onun rəhbərliyi dövründə Ermənistan məktəblərində yeni kurikulumlar, dərslik islahatları və təhsil sisteminin yenilənməsi istiqamətində addımlar atılıb.
Nazir sosiologiya elmləri namizədidir, rus və ingilis dillərini bilir.
Ailəlidir, iki qızı var.

Srbuhi Qalyan – ədliyyə naziri
Srbuhi Qalyan 2024-cü ilin sonunda ədliyyə naziri təyin olunub. Xanım nazir hüquq təhsili alıb, uzun illər hüquq-mühafizə orqanlarında və prokurorluq sistemində çalışıb.
S.Qalyan 5 may 1992-ci ildə İrəvanda anadan olub.
2008–2012-ci illərdə Ermənistan Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2012–2014-cü illərdə isə magistr təhsili alıb. 2014–2018-ci illərdə həmin universitetdə doktoranturada təhsilini davam etdirib. 2016–2017-ci illərdə Ermənistan Vəkillər Məktəbində də təhsil alıb.
Əmək fəaliyyətinə 2014-cü ildə "K-Telecom" QSC-nin hüquq idarəsində kiçik hüquqşünas kimi başlayıb.
2015–2019-cu illərdə Ermənistan Xüsusi İstintaq Xidmətində işləyib.
2019–2020-ci illərdə Ermənistanın ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.
2020–2024-cü illərdə Ermənistan baş prokurorunun müavini olub və qanunsuz mənşəli əmlakın müsadirəsi istiqamətində fəaliyyətə rəhbərlik edib.
2024-cü il noyabrın 5-də Ermənistanın ədliyyə naziri təyin edilib.
Nazir kimi əsas vəzifələrindən biri məhkəmə-hüquq islahatlarının davam etdirilməsi və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi hesab olunur.
O, ingilis və rus dillərini bilir.
2015-ci ildən Ermənistan Dövlət Universitetində, 2016-cı ildən isə Ədliyyə Akademiyasında dərs deyir.
Bir qızı var.

Anahit Avanesyan –səhiyyə naziri
Anahit Avanesyan 2021-ci ildən Ermənistanın səhiyyə naziridir. O, COVID-19 pandemiyasından sonra səhiyyə sistemində həyata keçirilən islahatların əsas simalarından biri kimi tanınıb.
Nazir 21 mart 1981-ci ildə anadan olub.
1997–2003-cü illərdə Ermənistan Dövlət Universitetində mülki hüquq ixtisası üzrə təhsil alaraq magistr dərəcəsi əldə edib. 2002–2004-cü illərdə Amerika Universitetinin Ermənistan filialında hüquq üzrə magistr təhsili alıb. Həmin dövrdə Liderliyin İnkişafı Mərkəzində də təhsil keçib.
Əmək fəaliyyətinə 2000-ci ildə Ermənistan Xarici İşlər Nazirliyinin hüquq departamentində başlayıb.
2001–2002-ci illərdə Dövlət Ehtiyatları Agentliyində hüquq məsləhətçisi işləyib.
2005–2018-ci illərdə özəl şirkətlərdə çalışıb.
2018-ci il mayın 24-dən Ermənistanın səhiyyə nazirinin müavini, 2020-ci il mayın 11-dən isə səhiyyə nazirinin birinci müavini postunu tutub.
2021-ci il yanvarın 18-də Ermənistanın səhiyyə naziri təyin edilib.
2022-ci ildən hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Paşinyan hökumətində qadın nazirlərin sayının artması Ermənistanın siyasi sistemində gender balansının gücləndirilməsi kimi təqdim edilir. Bununla belə, müxalifət bu təyinatların bir hissəsini hökumətin beynəlxalq imicini yaxşılaşdırmağa hesablanmış siyasi addımlar kimi qiymətləndirir.

Hazırda Ermənistan hökuməti aşağıdakı 15 nəfərlik tərkibdə fəaliyyət göstrərir:
Baş nazir - Nikol Paşinyan
Baş nazirin müavini Mher Qriqoryan
Baş nazirin müavini - Tiqran Xaçatryan
Yüksək texnologiyalar sənayesi naziri - David Tadevosyan
Müdafiə naziri - Suren Papikyan
Daxili işlər naziri - Arpine Sarkisyan
Xarici işlər naziri - Ararat Mirzoyan
Ərazi idarəetmə və infrastruktur naziri - David Xudatyan
Ətraf mühit naziri - Hambardzum Matevosyan
Səhiyyə naziri - Anahit Avanesyan
Təhsil, elm, mədəniyyət və idman naziri - Janna Andreasyan
Ədliyyə naziri - Srbuhi Qalyan
Əmək və sosial məsələlər naziri - Arsen Torosyan
İqtisadiyyat naziri - Gevorq Papoyan
Maliyyə naziri - Vahe Ovannisyan
Baş nazirin müavinləri - Mher Qriqoryan və Tiqran Xaçatryan.
A.Qorxmaz