Modern.az

Magistr diplomu maaşınıza və işinizə necə təsir edəcək? - AÇIQLAMA

Magistr diplomu maaşınıza və işinizə necə təsir edəcək? - AÇIQLAMA

Təhsil

Bu gün, 08:00

Azərbaycanda magistr diplomu hər zaman yüksək əməkhaqqı demək deyil. Təhsil sahələri üzrə ekspert Rasim Həsənzadənin sözlərinə görə, əmək bazarında maaşa təsir edən əsas amillər çalışılan sektor, tutulan vəzifə, peşəkar bacarıqlar və iş təcrübəsidir.

O, Modern.az-a açıqlamasında bildirib ki, xüsusilə özəl sektorda işəgötürənlər diplomdan daha çox namizədin analitik düşünmə qabiliyyətinə, xarici dil biliklərinə, təcrübəsinə və peşə kompetensiyalarına üstünlük verirlər.

Ekspert qeyd edib ki, dövlət sektorunda isə magistr təhsili müəyyən üstünlüklər yarada bilir:

"Bəzi dövlət qurumlarında, ali təhsil müəssisələrində və elmi-tədqiqat təşkilatlarında magistr təhsili vəzifəyə qəbul, karyera yüksəlişi və bəzi hallarda əməkhaqqının formalaşması baxımından üstünlük təmin edir. Xüsusilə akademik fəaliyyət, müəllimlik və elmi-tədqiqat sahəsində magistratura artıq növbəti təhsil və karyera pilləsinin əsas tələblərindən biri hesab olunur".

R.Həsənzadənin fikrincə, buna baxmayaraq, dövlət qulluğunda da əsas meyar diplomdan daha çox namizədin bilik və bacarıqları, peşəkarlığıdır.

Ekspert hesab edir ki, magistratura təhsilinə yalnız maaşı artıran vasitə kimi baxmaq düzgün yanaşma deyil:

"Magistratura insanın ixtisası üzrə daha dərin bilik əldə etməsinə, analitik düşünmə və tədqiqat bacarıqlarını inkişaf etdirməsinə, mürəkkəb problemləri sistemli şəkildə təhlil etməsinə imkan yaradır. Bu keyfiyyətlər uzunmüddətli perspektivdə əmək bazarında rəqabət qabiliyyətini artırır və dolayısı ilə daha yüksək gəlir əldə etmək imkanlarını genişləndirə bilər".

Rasim Həsənzadə vurğulayıb ki, magistratura gələcək karyeraya və insan kapitalına qoyulan strateji investisiya kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, elmi fəaliyyət, ali məktəblərdə müəllimlik və tədqiqatla məşğul olmaq istəyənlər üçün magistr təhsili mühüm əhəmiyyət daşıyır. Əmək bazarına daha qısa müddətdə daxil olmağı hədəfləyənlər üçün isə bakalavr təhsili, praktiki təcrübə və peşə bacarıqlarının inkişafı daha vacib rol oynaya bilər.

Ekspert əlavə edib ki, müasir əmək bazarında uğuru müəyyən edən əsas amil diplom deyil, insanın bilik, bacarıqları və əldə etdiyi real nəticələrdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə