Modern.az

8 avqust tarixi dünya diplomatiyasında xüsusi yer TUTACAQ

8 avqust tarixi dünya diplomatiyasında xüsusi yer TUTACAQ

Aktual

Bu gün, 13:40

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmadan sonra münasibətlərin normallaşdırılması və dayanıqlı sülh gündəliyinin formalaşdırılması baxımından mühüm siyasi mərhələ oldu. Ötən bir il ərzində baş verən proseslər göstərir ki, Vaşinqton razılaşmaları yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda yaranan yeni geosiyasi reallıqlara təsir göstərən amillərdən birinə çevrilib. Hazırda əsas diqqət əldə edilmiş razılaşmaların praktiki müstəvidə davam etdirilməsinə, sülh prosesinin yekunlaşdırılmasına və Azərbaycan-Ermənistan münasibətlərinin uzunmüddətli siyasi-hüquqi əsaslar üzərində qurulmasına yönəlib.

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün 1 illiyini Modern.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, 8 avqust 2025-ci il razılaşması təkcə Azərbaycan üçün deyil, region və dünya üçün də tarixi əhəmiyyət daşıyan hadisədir.

Onun sözlərinə görə, ötən bir il ərzində baş verən proseslər həmin görüşün strateji əhəmiyyətini bir daha təsdiqləyib:


“8 avqust 2025-ci il görüşü tarixi bir hadisədir, tarixi bir gündür. Zaman keçdikcə görürük ki, bu tarix doğrudan da yalnız Azərbaycan və regionumuz üçün deyil, dünya üçün də əhəmiyyətli və vacib hadisədir. Son bir ildə dünyada baş verən hadisələri təhlil etdikdə aydın olur ki, həmin olaylar içərisində ən mühüm və ən əhəmiyyətli məqamlardan biri məhz 8 avqust 2025-ci il olub”. 

Deputat bildirib ki, uzun illər işğal, separatizm və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın sülh təşəbbüsü beynəlxalq miqyasda nümunəyə çevrilib.        

“Uzun illər ədalətsizliyə məruz qalan, torpaqları işğal altında olan, separatizmdən əziyyət çəkən, qaçqın və məcburi köçkün problemi yaşayan bir ölkə sülh yaratdı. Elə bir sülh yaratdı ki, bu, bütün dünya üçün çağırışa, nümunəyə və yeni mərhələyə çevrildi. Ancaq ilk dəfədir ki, müasir tarixdə sülh müqaviləsi hələ imzalanmasa da, yalnız paraflanmış vəziyyətdə olduğu halda region bir il ərzində de-fakto sülh şəraitində yaşayır. Bu, böyük tarixi hadisədir".

S.Seyidovun fikrincə, Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərinin də yeni mərhələyə keçməsinə səbəb olub:

“Bu hadisə yalnız Azərbaycan-Ermənistan münasibətlərini ifadə etmir. Eyni zamanda, Azərbaycanın tamamilə yeni müstəviyə yüksəlməsinin tarixi hadisəsidir. Azərbaycan ilk dəfə öz müasir tarixində Amerika Birləşmiş Ştatları kimi dövlətlə strateji tərəfdaşlıq münasibətlərinin formalaşdırılması istiqamətində sənəd imzalayır. Qısa müddət sonra isə ABŞ-nin vitse-prezidentinin iştirakı ilə həmin xartiyanın həyata keçirilməsinə başlanılır".

Onun sözlərinə görə, bu əməkdaşlıq iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verib:

“Bu münasibətlər iqtisadi, hərbi, siyasi, humanitar və mədəni sahələrin hamısını əhatə edir. ABŞ-nin Azərbaycana investisiya paketi qısa müddətdə 8 milyard dollara qədər yüksəldi. Bu proses yalnız Azərbaycan-Amerika münasibətlərinə deyil, Avropa ilə əlaqələrə də ciddi təsir göstərdi. Azərbaycanın beynəlxalq nüfuzu artdı, Avropa rəsmilərinin ölkəmizə səfərləri intensivləşdi və Azərbaycanla strateji əməkdaşlıq qurmaq istəyən ölkələrin sayı əhəmiyyətli dərəcədə çoxaldı”.

Komitə sədri qeyd edib ki, Azərbaycan regionun geosiyasi və iqtisadi çəkisini də əhəmiyyətli dərəcədə artırıb:

“8 avqust regionumuzda aparıcı rol oynayan Azərbaycanın geosiyasi və iqtisadi çəkisini elə səviyyəyə yüksəltdi ki, artıq söhbət regiondan deyil, dünyaya təsir göstərən bir regiondan gedir. Bu gün Azərbaycansız region ölkələri arasında münasibətləri təsəvvür etmək çətindir. Bu yaxınlarda Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinin rəhbərləri ilə bir masa arxasında gələcək əməkdaşlıq, Orta Dəhliz və Avropa-Asiya əlaqələrini müzakirə etməsi də bunun bariz nümunəsidir”.


S.Seyidov həmçinin vurğulayıb ki, 8 avqustda əldə olunan razılaşmalar gələcək proseslərin də əsasını təşkil edir:

“8 avqust yalnız həmin gün baş verən hadisələrin deyil, gələcək proseslərin də başlanğıcıdır. Məhz həmin tarixdən sonra TRIPP layihəsi gündəmə gəldi, 907-ci düzəlişin dayandırılması və tam ləğvi məsələsi ön plana çıxdı. Həmin tarixdən etibarən biz Ermənistandan konstitusiya dəyişiklikləri və referendum keçirməsini gözləyirik. Eyni zamanda 8 avqust tarixindən etibarən Azərbaycan Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasında israrlı mövqeyini də davam etdirir”.

Komitə sədri hesab edir ki, bu tarix gələcəkdə dünya diplomatiyasında xüsusi yer tutacaq:

“8 avqust getdikcə təkcə region üçün deyil, bütün dünya üçün qızıl hərflərlə yazılacaq diplomatik uğur kimi qiymətləndiriləcək. Bu, Prezident İlham Əliyevin ardıcıl, məntiqli və uzaqgörən siyasətinin nəticəsidir. Eyni zamanda Azərbaycanın Qarabağ Zəfərinin, separatizmə son qoyulmasının və regionda yeni reallığın əbədi bərqərar olunmasının məntiqi nəticəsidir”.

S.Seyidov onu da əlavə edib ki, Azərbaycan və ABŞ prezidentlərinin bu məsələyə ortaq baxışı regionda yeni mərhələnin əsasını qoyub:

“Azərbaycan Respublikasının Prezidenti ilə Amerika Birləşmiş Ştatları Prezidentinin bu məsələyə eyni baxışı prosesi daha da aktual, daha real edib və regionda gələcək yeni hadisələrin formalaşması üçün mühüm zəmin yaradıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri