Modern.az

Ziyalılarının siyasi keçmişi: Nəriman Həsənzadədən Akif İslamzadəyədək - Kim hansı partiyada olub?

Ziyalılarının siyasi keçmişi: Nəriman Həsənzadədən Akif İslamzadəyədək - Kim hansı partiyada olub?

Reportaj

Bu gün, 08:00

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illər ölkənin siyasi həyatında görünməmiş fəallıq dövrü kimi yadda qalıb. Həmin illərdə formalaşan və sonrakı onilliklərdə Azərbaycanın siyasi tarixində mühüm rol oynayan partiyalar ətrafında müxtəlif peşə və sənət sahibləri bir araya gəlmişdi. Bu sıralarda tanınmış siyasətçilərlə yanaşı, şairlər, yazıçılar, aktyorlar, musiqiçilər, alimlər, idmançılar və digər ictimai nüfuz sahibi olan şəxslər də yer alırdı.

Onların bir qismi siyasi proseslərdə fəal iştirak etsə də, digərləri müəyyən dövrdə partiya üzvü olmaqla öz vətəndaş mövqeyini ifadə etmişdi. İllər keçdikcə bu faktların bir çoxu unudulub və ya geniş ictimaiyyət üçün naməlum qalıb. Məhz buna görə də indi tanınmış mədəniyyət və incəsənət xadimlərinin, elm adamlarının və digər məşhur simaların vaxtilə hansı siyasi təşkilatlarla bağlı olduqlarını xatırlamaq həm müasir siyasi tarixə fərqli prizmadan baxmağa, həm də həmin dövrün ictimai-siyasi mənzərəsini daha dolğun təsəvvür etməyə imkan yaradır.

Qeyd edək ki, insanların obyektiv və subyektiv səbəblərdən bir partiyadan digərinə keçməsi əslində normal qarşılanmalıdır. Ancaq Azərbaycanda bir çoxları bəzi səbəblərdən keçmişdə hansısa partiyanın üzvü olduqlarını tərcümeyi-hallarından çıxarırlar.

Məsələn, çoxlarının bilmədiyi maraqlı faktlardan biri odur ki, bu günlərdə vəfat edən Xalq şairi Nəriman Həsənzadə bir vaxtlar Müsavat Partiyasının üzvü olub.
Mərhum Xalq şairi ilə bağlı sosial şəbəkələrdə açılan müzakirələrdən belə məlum olub ki, Nəriman Həsənzadə 1992-1993-cü illərdə Musavat partiyası Bakı şəhər təşkilatında təmsil olunub. Köhnə müsavatçıların bildirdiyinə görə, Nəriman Həsənzadə 1992-ci ildə indiki Heydər Əliyev sarayında keçirilmiş Müsavat Partiyasının Bərpa Qurultayında iştirak edib. Həmin toplantıya qatılan keçmiş müsavatçıların sözlərinə görə, Nəriman müəllim hətta Bərpa Qurultayında çıxış da edib.
1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra Nəriman Həsənzadə də Müsavatdan istefa verib. Sonralar partiya üzvü olmasa da, hakimiyyətin və YAP-ın təşkil etdiyi bir çox dövlət səviyyəli mədəni-kütləvi tədbirlərdə fəxri qonaq və ziyalı kimi aktiv iştirak edib.

Müsavatdan ayrılmış tanınmış ziyalılardan biri də Azərbaycan Atatürk Mərkəzinin müdiri, sabiq deputat (2000-2024-cü illər), filologiya elmləri doktoru, professor Nizami Cəfərovdur. Müsavat Partiyasından verilən məlumata görə, o, 1993-cü ildə baş verən hakimiyyət dəyişikliyindən bir müddət sonra Müsavatdan istefa verərək YAP-a üzv olub.
O, Milli Məclisin II (2000-ci il), III (2005-ci il), IV çağırış (2010-cu il), V çağırış (2015-ci il) və VI çağırış (2020-ci il) deputatı olub, parlamentin Mədəniyyət Komitəsinin sədri (2005–2015) işləyib.
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov 2000-ci ildən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir.

Müsavat Partiyası ilə yanaşı, vaxtilə digər partiyalarda da tanınmış ziyalılar təmsil olunublar.

1992-1993-cü illərdə AXC hakimiyyəti zamanı ana müxalifət olan Azərbaycan Milli istiqlal Partiyası (AMİP) belə siyasi təşkilatlardandır.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (AzTV) sədri işləmiş mərhum jurnalist, ictimai-siyasi xadim Babək Hüseynoğlu 1994-cü ilə kimi AMİP-çi olub. Keçmiş AMİP-çi Babək Hüseynoğlu mərhum prezident Heydər Əliyev tərəfindən AzTV-nin rəhbərliyinə aparılıb. O. 1993-cü ilin avqustundan 1996-cı ilin sentyabrınadək
azTV-nin sədri vəzifəsində işləyib. Babək Hüseynoğlu 2006-cı ildə vəfat edib.

1993-cü ilin sentyabr ayında AMİP-dən istefa verən bir qrup tanınmış sima arasında xeyli ziyalılar vardı: Vilayət Quliyev, Elçin Əfəndiyev, Etibar Babayev...

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyev 1992-1993-cü illərdə AMİP-in təşkilat komitəsinin və Siyasi Şuranın üzvü olub. V.Quliyev 1992-ci ildə AMİP-in orqanı olan “Millət” qəzetinin baş redaktoru da işləyib. AMİP-dən çıxandan sonra bir müddət Azərbaycan Demokratik İstiqlal partiyasında (ADİP) təmsil olunub, hətta 1994-cu ildə ADİP-in birinci katibi də seçilib.
Sonralar mərhum prezident Heydər Əliyev tərəfindən vəzifəyə gətirilən Vilayət Quliyev 1999–2004-cü illərdə Azərbaycanın xarici işlər naziri işləyib. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, 2010-2021-ci illərdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. V.Quliyev 2022-ci ildən Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiridir. 

Mərhum Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru və professor Elçin Əfəndiyev də vəzifəyə AMİP-dən ayrılandan sonra gəlmişdi. O, 1993–2018-ci illərdə Azərbaycan Baş nazirnin müavini vəzifəsini tutub.

Əməkdar jurnalist və pedaqoq Etibar Babayev vaxtilə AzTV-də "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olub. O, 1993-cü ildə AMİP-dən ayrılandan sonra bir müddət Azərbaycan Demokratik İstiqlal Partiyasının üzvü olub. 1995-ci ildə parlament seçkilərində Etibar Babayev ADİP-in poporsional seçki üzrə vahid namizədlər siyahısında 2-ci sırada olmuşdu. Lakin partiya seçkilərdə 8%-lik səs həddini keçə bilməmiş, Etibar Babayev isə deputat seçilə bilməmişdi.
E.Babayev vaxtilə - 1989-1992-ci illərdə “Azərbaycantelefilm”in direktoru, AzTV-də sədr müavini vəzifələrində çalışıb. 1993–2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001–2006-cı illərdə "Space" Teleradio Şirkətinin prezidenti olub. 2013-cü ildən "Azad Azərbaycan" müstəqil teleradio şirkətinin Bədii Şurasının sədridir. Bakı Slavyan Universitetinin professorudur.

Yəqin çoxları bunu bilmir, mərhum Xalq şairi Məmməd Araz da vaxtilə Etibar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olub. Bu faktı Modern.az-a AMİP funsioneri Əli Orucov açıqlamışdı.
Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi” kimi şeirləri dillər əzbəridir.

Azərbaycan bədii nəsrinin XX əsrdə yetirdiyi tanınmış söz ustalarından biri - yazıçı-dramaturq İsi Məlikzadə də AMİP-də təmsil olunub. İsi Məlizadə 1994-cü ildən ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri işləyib. 1995-ci il dekabrın 5-də vəfat edib.

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov da vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olub. N.Məmmədov 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsində çalışıb.
19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunub. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunub. Hazırda təqaüddədir.

Azərbaycanın tanınmış müğənnisi Akif İslamzadə illər öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü olub. 2010-cu ilin dekabr ayında AXCP-dən ayrılan Akif İslamzadə addımının səbəbini bu partiyanın Müsavatla birləşmək niyyəti ilə bağlı olduğunu açıqlamışdı. “Mən əvvəldən də bilirdim ki, Müsavatla Azərbaycan Xalq Cəbhəsi Partiyasının birliyi alınmayacaq. Zaman da göstərdi ki, bu birlik müxalifəti uğursuzluğa apardı. Bu, lazım olan addım deyildi. Çünki bu partiyaların başçılarının özlərinin öz şəxsi ambisiyaları olmaqla yanaşı, buna partiyaların daxilində razı olmayan qüvvələr də vardı. Belə birliyi yaratmaqdansa, ayrı-ayrı təşkilatlar şəklində mübarizə aparıb bir nöqtəyə vurmaq daha yaxşı olardı”, - deyə o zamankı mətbuata açıqlamasında A.İslamzadə AXCP-dən istefasını şərh etmişdi.
Akif İslamzadə 2023-cü ilin avqustunda Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var