Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin Vll Yay Düşərgəsi çərçivəsində Laçın və Zəngilan rayonlarına səfər edən xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclər öz təəssüratlarını, şəxsi təcrübələrini və diaspor fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Modern.az xəbər verir ki, onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri ilə tanış olduqlarını, düşərgənin onların Vətənlə bağlarını daha da möhkəmləndirdiyini və gələcək diaspor fəaliyyətində yeni motivasiya qazandırdığını vurğulayıblar.
ABŞ-də təhsil alan Aiden, Qarabağın tarixi haqqında daha çox məlumat əldə edəcəyi üçün böyük həyəcan hissi keçirdiyini bildirib:
“Mənim adım Aiden Rəhimovdur. Valideynlərimin hər ikisi Bakıdandır. Mən ABŞ-nin Şimali Karolina ştatında yerləşən Elon Universitetində maliyyə və peşəkar satış ixtisasları üzrə təhsil alıram. Qarabağın Laçın-Zəngilan bölgəsində keçirilən Diaspor Düşərgəsinin iştirakçısı olmaqdan çox məmnunam. Ölkəmin tarixini öyrənməyi çox sevirəm və Qarabağın tarixi haqqında daha çox məlumat əldə edəcəyim üçün böyük həyəcan hissi keçirirəm.
Mən əvvəllər də Azərbaycan diasporu ilə əməkdaşlıq etmişəm. Müharibədən sonra Qarabağda ərazilərin minalardan təmizlənməsinə dəstək olmaq məqsədilə mina aşkarlayan itin göndərilməsi üçün 7 min ABŞ dolları vəsait toplamışdım. Hazırda universitetdə təhsil aldığım dövrdə yenidən bu düşərgənin bir hissəsi olmaq məni çox sevindirir. Mənə bu fürsətin verilməsinə və düşərgəyə qəbul olunduğuma görə çox məmnunam və dərin təşəkkürümü bildirirəm. Artıq burada çox maraqlı insanlarla tanış olmuşam, gözəl dostlar qazanmışam və həftənin qalan hissəsini burada keçirməyi səbirsizliklə gözləyirəm”.
Latviyada təhsil almış, Maltada yaşayan Solmaz ixtisasının iqtisadiyyat olduğunu və hazırda "Fintex" (maliyyə və texnologiya) sahəsində işlədiyini bildirib:
“Mənim adım Elina Solmaz Alekperovadır. 29 yaşım var. Latviyada doğulub böyümüşəm. Hazırda Maltada yaşayıram və işləyirəm, artıq 7 ildir ki, buradayam. Ailəm isə Gədəbəydəndir. Fintex sahəsində işləyirəm. Burada olmaqdan və müxtəlif ölkələrdən gələn gənclərlə tanış olmaqdan çox şadam. Mən Latviya Universitetini Beynəlxalq İqtisadiyyat (International Economics) ixtisası üzrə bitirmişəm. Bu, Latviyanın ən nüfuzlu və ən populyar universitetlərindən biridir. Hazırda "fintex" sahəsində tərəfdaşlıqlar üzrə rəhbər (Head of Partnerships) vəzifəsində çalışıram. Mən tərəfdaşlıqların inkişafı, strateji əməkdaşlıqların qurulması və şirkətin biznesinin inkişafı ilə məşğul oluram”.
Rusiyada anadan olan Asif Qəmbərov, ailəsinin və qohumlarının sayəsində Azərbaycan mədəniyyətinə və milli dəyərlərinə uyğun böyüdünü söyləyib:
“Mən Rusiyanın Novokuznetsk şəhərində anadan olmuşam. Ətrafda az sayda azərbaycanlı olduqda, yaşadığın yerin mədəniyyəti ilə formalaşa bilərsən. Amma ailəmin və qohumlarımın sayəsində mən Azərbaycan mədəniyyətinə və milli dəyərlərinə uyğun böyüdüm. Mən qürurla deyə bilərəm ki, Azərbaycan dili mənim ana dilimdir. Uşaqlıqdan anam mənə Azərbaycan dilində nağıllar oxuyar, şeirlər söyləyərdi ki, mən də onları sonra əzbərləyib özüm söyləyərdim. Uşaqlıqda Azərbaycan dilindəki ifadələri çox gülməli şəkildə rus sözləri ilə qarışdırardım. 2011-ci ildə ilk dəfə yetkinlik yaşımda Azərbaycana gəldim və o vaxtdan etibarən vətənpərvərlik hissim formalaşmağa başladı. İllər ötdükcə Azərbaycanı, onun mədəniyyətini, musiqisini, incəsənətini daha çox sevməyə başladım. Anam həmişə mənə ənənələrimizdən, tariximizdən, 20 Yanvar, Xocalı hadisələrindən və Qarabağdan danışardı. 2015-ci ildə Azərbaycan televiziyasında verilişlərə baxarkən mayın 8-də Şuşa şəhərinin işğalı haqqında buraxılış gördüm. Onda xalqımız üçün Qarabağın necə bir yaralı məsələ olduğunu dərindən hiss etdim. Həmin vaxtdan sosial şəbəkələrdə öz səhifəmdə Azərbaycan haqqında məlumatlar yayımlamağa başladım. Rusiya auditoriyasına siyasi həqiqəti çatdırmaq istəyirdim, baxmayaraq ki, cəmi 13–14 yaşım vardı.
2020-ci ildə, bütün dünya üçün çətin olan koronavirus ilində tibb universitetinə daxil oldum və Kemerovo şəhərinə köçdüm. Bu il mən 6-cı kursu müvəffəqiyyətlə başa vurdum və dövlət tibbi akkreditasiyasından keçdim – indi mən rəsmi olaraq həkim-terapevtəm. 6 il ərzində təkcə həkimə yox, həm də əsl ictimai fəala, Azərbaycan diasporunun aktivistinə çevrildim. Hər şey iyunun 12-də şəhərdə keçirilən bayramdan başladı – orada müxtəlif xalqların çadır sərgiləri təqdim olunurdu. Anam mənə dedi: "Gəl Azərbaycan sərgisinə baxaq." Utanacağam deyə, öncə girmək istəmirdim, amma sonda qərar verdim ki, daxil olum. Azərbaycan sərgisinə girmək üçün atdığım bu addım məni böyük uğurlara apardı və ən böyük uğurlarımdan biri – burada, Laçında, Vll Yay Düşərgəsində olmağımdır. 4 il ərzində yay düşərgəsinə sənədlərimi verdim, eyni zamanda diasporada fəal çalışırdım ki, düşərgədə öz yerimi qazanım – axı rəqabət çox böyükdür.
Böyük məmnuniyyət və xoşbəxtlik hissi ilə qeyd etmək istəyirəm ki, nəhayət, arzum gerçəkləşdi. Mən Qarabağdayam – bir tərəfdə erməni hərbi qüvvələrinin dağıtdığı evlər, digər tərəfdə isə Azərbaycan dövlətinin öz əzəli torpağında inşa etdiyi möhtəşəm yeni tikililər. Yeri gəlmişkən, düşərgə məhz şəhərsalmaya həsr olunub. Əminəm ki, burada olmağım gələcəyimə müsbət təsir edəcək. Artıq kifayət qədər faydalı tanışlıqlar əldə etmişəm və çoxlu dəyərli məlumat əldə etmişəm.
Diqqətinizə görə təşəkkür edirəm”.
Nicat Rüstəmzadə