Modern.az

Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA

Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA

Təhsil

Bu gün, 14:44

Azərbaycanda məktəb direktorları üçün müəyyən səlahiyyət müddətinin tətbiqi və fəaliyyətlərinin qiymətləndirilməsi məsələsi vaxtaşırı müzakirə olunur. 

Modern.az-a açıqlama verən təhsil sahələri üzrə tədqiqatçı, Azedu.az təhsil portalının direktoru Elmin Nuri hesab edir ki, bu istiqamətdə dəyişikliklər təhsil idarəçiliyinin keyfiyyətinə müsbət təsir göstərə bilər.

O bildirib ki, direktorların, hətta direktor müavinlərinin də səlahiyyət müddətinin müəyyənləşdirilməsi kifayət qədər məntiqli və vacib təklifdir.

"Subyektiv yanaşma olsa da, edilən təklifi kifayət qədər məntiqli və vacib hesab edirəm. Həqiqətən də bu gün direktorların, hətta direktor müavinlərinin belə səlahiyyət müddətinin müəyyənləşdirilməsi təhsilin daha səmərəli, daha praktiki, daha məqsədyönlü və insan maraqlarına uyğun təşkilinə töhfə verə bilər. Bununla belə, praktiki baxımdan kifayət qədər çətin prosedurdur".

Ekspert qeyd edib ki, səlahiyyət müddətinin necə tətbiq ediləcəyi dəqiq müəyyənləşdirilməlidir:

"Əgər direktor üçün 3, 5 və ya 10 illik müddət nəzərdə tutulacaqsa, bu, kadr dəyişiklikləri və yerləşdirmə proseslərini də çətinləşdirə bilər. Burada əsas sual odur ki, müddət konkret məktəbdə direktor kimi fəaliyyətə aid olacaq, yoxsa ümumilikdə direktorluq fəaliyyətinə? Mən ikinci variantı düzgün hesab etmirəm. Daha məntiqli yanaşma odur ki, direktor müəyyən müddətdən sonra başqa məktəbə təyin oluna bilsin".

Elmin Nuri direktorların dövri sertifikatlaşdırılmasının daha effektiv mexanizm ola biləcəyini vurğulayıb.

"Ən yaxşı variant direktorların hər beş ildən bir sertifikatlaşdırılmasıdır. Bu məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Maraqlıdır ki, müəllimlərin sertifikatlaşdırılması normal qarşılandığı halda, direktorların sertifikatlaşdırılması nədənsə çətin və arzuolunmaz prosedur kimi qiymətləndirilir. Halbuki direktor da öz peşə bacarığını mütəmadi olaraq təsdiqləməlidir. Əgər kifayət qədər bilik və bacarığı varsa, sertifikatlaşdırmadan uğurla keçəcək".

Ekspert direktorların fəaliyyətinin qiymətləndirilməsi zamanı anonim sorğuların əsas meyar olmasını isə məqsədəuyğun saymadığını bildirib.

"Anonim sorğuları çox uğurlu mexanizm hesab etmirəm. Bu prosesdə şəffaflığın necə təmin olunacağı sual doğurur. Məncə, əsas meyarlar məktəbin fəaliyyət göstəriciləri olmalıdır. Amma hazırda məktəblərin uğuru əsasən 9-cu sinif buraxılış imtahanlarının nəticələri ilə ölçülür. Bu isə düzgün yanaşma deyil. Təhsil müəssisəsinin fəaliyyətini yalnız bir göstərici ilə qiymətləndirmək olmaz".

Onun sözlərinə görə, direktorların fəaliyyəti daha geniş meyarlar əsasında qiymətləndirilməli, eyni zamanda onların peşəkar inkişafına da diqqət yetirilməlidir.

"Direktor məktəbin fəaliyyətini qiymətləndirən bütün meyarları bilməli, onların inkişafı istiqamətində işləməli və eyni zamanda özünün peşəkar inkişafını da davam etdirməlidir. Bu halda həm məktəb, həm də direktor qazanmış olacaq".
 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri