Modern.az

Şuşadan Xankəndiyə: Diaspor gənclərinin Qarabağa səfəri davam edir

Şuşadan Xankəndiyə: Diaspor gənclərinin Qarabağa səfəri davam edir

Diaspor

Bu gün, 21:53

Diaspor gənclərinin VII Yay Düşərgəsinin dördüncü günü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə və Xankəndi şəhərinə səfərlə yadda qalıb. Dünyanın müxtəlif ölkələrindən gələn gənclər Qarabağın tarixi, mədəni və mənəvi irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Modern.az xəbər verir ki, səfər çərçivəsində iştirakçılar əvvəlcə Şuşa şəhərinə yollanıblar. Burada onlar Qarabağın rəmzlərindən biri hesab olunan Cıdır düzünü ziyarət ediblər. Gənclərə bu tarixi məkanın Azərbaycan xalqının mədəni həyatında, milli yaddaşında və Qarabağın tarixində tutduğu mühüm yer barədə ətraflı məlumat verilib. Bildirilib ki, Cıdır düzü uzun illər ərzində müxtəlif mədəni tədbirlərə, musiqi festivallarına və milli bayramlara ev sahibliyi edib və bu gün də Azərbaycanın zəfərinin simvollarından biri kimi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra düşərgə iştirakçıları Şuşanın memarlıq incilərindən olan Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Gənclər məscidin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldığı dağıntılar, eləcə də aparılmış bərpa işləri barədə məlumatlandırılıblar. Onlara Azərbaycanın tarixi-mədəni irsinin qorunması və bərpası istiqamətində həyata keçirilən layihələrin əhəmiyyəti izah edilib.

Şuşa proqramı çərçivəsində növbəti dayanacaq Şuşa qalası olub. Burada iştirakçılar şəhərin salınma tarixi, Qarabağ xanlığının inkişaf mərhələləri və Şuşanın Azərbaycan tarixində oynadığı mühüm rol haqqında məlumat əldə ediblər. Qeyd olunub ki, Şuşa təkcə tarixi şəhər deyil, həm də Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərinin əsas mərkəzlərindən biridir.

Şuşadakı ekskursiyanın ardından diaspor gəncləri Xankəndi şəhərinə yollanıblar. Burada ilk olaraq Qarabağ Universiteti ilə tanış olublar. Gənclərə universitetdə yaradılmış müasir təhsil infrastrukturu, tədris prosesi və Qarabağ regionunda ali təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, universitet regionun sosial-iqtisadi inkişafına və gənc kadrların hazırlanmasına mühüm töhfə verməyi qarşısına məqsəd qoyub.

Səfərin sonunda iştirakçılar Zəfər parkını ziyarət ediblər. Burada Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Gənclər parkın ideya konsepsiyası, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti və Azərbaycanın müasir inkişaf mərhələsində Qarabağın bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumatlandırılıblar.

Diaspor gəncləri səfər zamanı Şuşa və Xankəndidə aparılan bərpa-quruculuq işlərini yaxından müşahidə edib, tarixi və mədəni irsin qorunması istiqamətində görülən tədbirlərlə tanış olublar. Onlar Qarabağın dirçəlişini öz gözləri ilə görməkdən məmnunluqlarını ifadə edərək, bu səfərin Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında biliklərinin daha da zənginləşməsinə mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, Diaspor gənclərinin VII Yay Düşərgəsi xaricdə yaşayan azərbaycanlı gənclərin tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, milli kimlik şüurunun gücləndirilməsi, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı barədə biliklərinin artırılması məqsədilə təşkil olunur. Düşərgə çərçivəsində iştirakçılar ölkənin müxtəlif bölgələrinə səfərlər edir, tarixi-mədəni abidələri ziyarət edir və Azərbaycanın zəngin irsi ilə yaxından tanış olurlar.

Nicat Rüstəmzadə

Sizə yeni x var
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!