Modern.az

Nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə buna açığıq - Prezident

Nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə buna açığıq - Prezident

Aktual

Bu gün, 10:39

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan dəmir yolunun reabilitasiyası ilə bağlı beynəlxalq konsorsiumun yaradılmasının mümkün olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, dövlət başçısı bunu Naxçıvana səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədə deyib.

Prezidentin sözlərinə görə, bir sıra beynəlxalq qurumlar və ölkələr, xüsusilə də Azərbaycan dəmir yollarının Naxçıvan seqmenti ilə maraqlanırlar.

“Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər. Biz prinsip etibarilə buna etiraz etmirik”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə dəmir yolu ilə bağlı işlərin Azərbaycan Dəmir Yolları tərəfindən yekunlaşdırıldığını və burada xarici iştiraka ehtiyac olmadığını vurğulayıb.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur”, - Prezident qeyd edib.

İlham Əliyev Naxçıvan dəmir yolunun reabilitasiyası üçün isə beynəlxalq konsorsiumun yaradılmasına açıq olduqlarını bildirib.

“Beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, konsorsium yaradılmasa belə, Azərbaycan bu layihəni öz imkanları hesabına həyata keçirə bilər.

“Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə, bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq”, - İlham Əliyev deyib.

Dövlət başçısı hesab edir ki, Naxçıvan dəmir yolu layihəsinin bir neçə şirkətdən ibarət beynəlxalq konsorsium tərəfindən həyata keçirilməsi dəhlizi beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici edə bilər.

“Biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər”, - Prezident əlavə edib.

 

Sizə yeni x var
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...