Modern.az

Naxçıvanın yeni inkişaf modeli: dövlət investisiyalarından dayanıqlı iqtisadi yüksəlişə

Naxçıvanın yeni inkişaf modeli: dövlət investisiyalarından dayanıqlı iqtisadi yüksəlişə

Aktual

Bu gün, 15:34

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərinə yalnız yeni infrastruktur və sosial layihələrin icrası prizmasından yanaşmaq doğru olmazdı. Səfər çərçivəsində qəbul edilən qərarlar, təməli qoyulan obyektlər və dövlət başçısının müəyyənləşdirdiyi prioritetlər bütövlükdə Naxçıvanın inkişafında yeni mərhələnin başlandığını göstərir. Söhbət dövlət investisiyalarının iqtisadi fəallıq, özəl kapitalın iştirakı, sənaye artımı və insanların həyat keyfiyyətinin yüksəldilməsi üçün möhkəm zəmin yaratdığı yeni inkişaf modelindən gedir.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, son iki onillik ərzində muxtar respublikanın inkişafı ilə bağlı əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanda həyata keçirilən demək olar ki, bütün irimiqyaslı tikinti layihələri dövlət büdcəsi hesabına maliyyələşdirilib, hər il Azərbaycan büdcəsindən muxtar respublikaya böyük həcmdə vəsait ayrılıb. Bu siyasətin nəticələri göz önündədir. Ötən illər ərzində Naxçıvanda zəruri baza infrastrukturu yaradılıb, təhlükəsizlik və enerji dayanıqlığı təmin edilib, mühüm sosial layihələr həyata keçirilib. İndi isə qarşıda keyfiyyətcə yeni mərhələ dayanır. Yeni iş yerləri yaradan, investisiya cəlb edən və öz iqtisadi artım nöqtələrini formalaşdıran daha fəal və dayanıqlı iqtisadi modelə keçid əsas hədəfdir”.

Onun sözlərinə görə, bu strategiyanın əsas elementlərindən biri Prezidentin səfəri zamanı təməli qoyulan Naxçıvan Sənaye Parkıdır:

“Ərazisinə görə bu, Sumqayıt Sənaye Parkından sonra Azərbaycanın ikinci ən böyük sənaye parkı olacaq. Layihənin miqyası göstərir ki, burada söhbət sadəcə ayrıca istehsal sahəsinin yaradılmasından deyil, muxtar respublikanın yeni sənaye mərkəzinin formalaşdırılmasından gedir.

Müasir sənaye komplekslərinin yaradılması Naxçıvanda məşğulluğun genişlənməsinə, sahibkarlığın inkişafına və əlaqəli sahələrin canlanmasına ciddi təkan verə bilər. Başqa sözlə, bu layihə təkcə istehsal məkanı deyil, həm də yeni iqtisadi fəallıq zəncirinin mühüm həlqəsi kimi nəzərdə tutulur”.

Millət vəkili vurğulayıb ki, yeni iqtisadi modelin enerji komponenti də xüsusi əhəmiyyət daşıyır.

“Sənaye parkının ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası planlaşdırılır. Belə gücə malik stansiya regionun enerji sisteminin generasiya imkanlarını əhəmiyyətli dərəcədə artırmağa qadirdir. Lakin müəyyənləşdirilən strategiya yalnız daxili tələbatın ödənilməsinə hesablanmayıb. Naxçıvan tədricən enerji təminatı modelindən enerji istehsalı və ixracı modelinə keçir. Bu isə muxtar respublikanın gələcək iqtisadi imkanlarına tamamilə fərqli miqyas qazandırır”.

Deputatın fikrincə, bu baxımdan bərpaolunan enerji xüsusi yer tutur.

“Aparılan tədqiqatlar Naxçıvanın günəş enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğunu göstərir. Günəş elektrik stansiyalarının tikintisi üçün artıq geniş torpaq sahələri müəyyənləşdirilib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi perspektiv isə daha böyükdür. Naxçıvanda günəş enerjisi istehsalının gələcəkdə bir neçə dəfə artırılması mümkündür”.

Sevinc Fətəliyeva bildirib ki, burada diqqət çəkən əsas məqamlardan biri özəl sektorun fəal iştirakıdır:

“Həyata keçirilən layihələr investorlar üçün iqtisadi baxımdan cəlbedicidir və kommersiya gəlirliliyi vəd edir. Bu isə regional inkişafın fəlsəfəsində mühüm dəyişikliyi ifadə edir. Dövlət infrastrukturu və əlverişli şəraiti yaradır, növbəti mərhələdə isə iqtisadi artımın getdikcə daha böyük hissəsi sahibkarlıq təşəbbüsü və özəl investisiyalar hesabına təmin edilməlidir”.

Onun sözlərinə görə, eyni yanaşmanı muxtar respublikanın modernləşdirilməsinin digər istiqamətlərində də görmək mümkündür:

“Kənd təsərrüfatında yeni suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir irriqasiya sistemlərinin tətbiqi nəzərdə tutulur. Bunun nəticəsində indiyədək suvarılmayan torpaqların bir hissəsinin təsərrüfat dövriyyəsinə cəlb edilməsi mümkün olacaq.

Yol infrastrukturunda onlarla yaşayış məntəqəsini əhatə edəcək genişmiqyaslı tikinti və əsaslı təmir işləri planlaşdırılır. Rayonlararası sərnişin nəqliyyatı parkı yenilənir, Naxçıvan şəhərində isə artıq yeni elektrik avtobusları istifadəyə verilir. Bütün bunlar göstərir ki, iqtisadi modernləşmə ayrı-ayrı sahələrlə məhdudlaşmır, muxtar respublikanın həyatının demək olar ki, bütün istiqamətlərini əhatə edir”.

Deputat qeyd edib ki, turizm də Naxçıvanın yeni inkişaf modelinin əsas istiqamətlərindən birinə çevrilir:

“Muxtar respublika süni şəkildə yaradılması mümkün olmayan böyük üstünlüklərə – zəngin tarixi irsə, nadir memarlıq nümunələrinə, özünəməxsus təbiətə və xüsusi mədəni mühitə malikdir. Lakin bu potensialın tam reallaşdırılması üçün müasir turizm infrastrukturu da zəruridir. Naxçıvan şəhərinin mərkəzində 2028-ci ilədək istifadəyə verilməsi nəzərdə tutulan beşulduzlu hotelin təməlinin qoyulması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Paralel olaraq, Möminə Xatun türbəsi də daxil olmaqla, tarixi-mədəni abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdirilir”.

Sevinc Fətəliyevanın sözlərinə görə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanın ən mühüm cəhətlərindən biri Naxçıvanın inkişafına artıq ayrıca deyil, Azərbaycanın digər bölgələri ilə vahid konsepsiya çərçivəsində yanaşılmasıdır.

“Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun inkişafı vahid konseptual yanaşma əsasında həyata keçirilməlidir. Bu, planlaşdırmanın tamamilə yeni miqyasıdır. Naxçıvan üçün müasir Baş Plan hazırlanır, idarəetmə sistemi təkmilləşdirilir, azad edilmiş ərazilərdə artıq səmərəliliyini göstərmiş Prezidentin xüsusi nümayəndəliyi institutu burada da tətbiq olunur. Muxtar respublika statusu qorunmaqla, idarəetmə mexanizmləri bu ərazilərin inkişafına vahid yanaşmanın tərkib hissəsinə çevrilir.

Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla birləşdirən digər mühüm xətt isə "yaşıl inkişaf" konsepsiyasıdır. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonaları elan olunub və eyni potensial Naxçıvanda da ardıcıl şəkildə reallaşdırılır. Artıq burada elektrik enerjisinin əhəmiyyətli hissəsi bərpaolunan mənbələr hesabına istehsal edilir. Növbəti texnoloji addımlardan biri isə iri enerji saxlanc sisteminin yaradılması olacaq”.

Deputat bildirib ki, bu gün formalaşan yeni modeldə Naxçıvanın gələcəyini artıq yalnız dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi müəyyən etməyəcək:

“Sənaye, özəl investisiyalar, yaşıl enerji, kənd təsərrüfatı, turizm, müasir infrastruktur və səmərəli idarəetmənin vəhdəti yeni inkişaf mərhələsinin əsasını təşkil edəcək. Dövlət Naxçıvanın inkişafını maliyyələşdirməyi davam etdirməklə yanaşı, daha vacib bir vəzifəni də həyata keçirir – muxtar respublikanın öz iqtisadi potensialından daha fəal və səmərəli istifadə edə bilməsi üçün şərait yaradır.

Əgər ötən onilliklərdə başlıca vəzifə mürəkkəb coğrafi şəraitdə Naxçıvanın dayanıqlığını, təhlükəsizliyini və inkişafını təmin etmək idisə, bu gün qarşıya daha yüksək hədəf qoyulur – muxtar respublikanı Azərbaycanın ən dinamik, investisiya baxımından cəlbedici və texnoloji cəhətdən müasir bölgələrindən birinə çevirmək. Məhz bu yanaşma Naxçıvanın inkişafında yeni mərhələnin mahiyyətini ifadə edir. Dövlətin yaratdığı möhkəm təməl üzərində iqtisadi imkanlarını genişləndirən, investisiya və innovasiyalar üçün açıq, rəqabətqabiliyyətli və dayanıqlı Naxçıvan modeli formalaşır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...