Modern.az

Salyanda təhsildə fərqlənən məzunlarla görüş keçirilib - FOTOLAR

Salyanda təhsildə fərqlənən məzunlarla görüş keçirilib - FOTOLAR

Aktual

Bu gün, 16:00

2025-2026-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla və respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları və olimpiada qaliblərini təbrik edib, müvəffəqiyyətlərinə görə hər birinə uğurlar arzulayıb. Bunun böyük nailiyyət olduğunu qeyd edərək, bu işdə əməyi olan müəllimlərə minnətdarlıq edib, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi arzulayıb.

RİH başçısı dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq təhsil sahəsində görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən, həyata keçirilən ardıcıl və davamlı tədbirlərdən, ölkəmizdə o cümlədən rayonumuzda son illərdə elmin və təhsilin inkişafında qazanılan uğurlardan danışıb. Dövlətin gənclərə göstərilən diqqət və qayğısına mükəmməl təhsilləri, yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini, Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəklərini bildirib.

Görüşdə qeyd olunub ki, 2025-2026-cı tədris ilində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 20 nəfər məzunu müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Məzunlardan 21 nəfər fərqlənmə, 1 nəfər isə xüsusi nümunəli attestat (1 qızıl nişan) alıblar. Respublika Fənn Olimpiadalarının qalibləri olan Mətin Bahadırlı, Əkbər Qəniyev və Mirəşrəf Rzalı gümüş medala layiq görülüblər. Rayonumuzun məktəblilərindən 6 nəfərdən ibarət “Zəkalılar” yığma komandası Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Zəkaların mübarizəsi II” respublika olimpiadasında II yerə layiq görülüblər.     

Ali məktəblərə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar isə çıxışlarında bundan sonra da daha fəal çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə söz veriblər. Çıxışlar zamanı təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda müvəffəqiyyətləri ilə fərqlənən məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...